- 867 Okunma
- 3 Yorum
- 1 Beğeni
HİKMET OKUYAR Konulu ŞİRİNGÜL MUSAYEVA ŞİİRLİ ROMANI..
Şu Yolların Çilesi isimli Şiirli Roman’da istifadə olunmuş şeirlər tanınmış Türk Şairi Hikmet Okuyar’ındır. Şiringül Musayeva
......
ŞU YOLLARIN ÇİLESİ - Şiringül Musayeva- yeni roman - ( 2-ci hissə )
......
Yüregim bülbül sana, güllerinde unuttum
Acıları aşqınla dillerinde unuttum
Ellerim bende degil, ellerinde unuttum
Bülbülce sevdaları güllerinde unuttum.
......
Hikmet o gün və ondan sonra düz bir həftə hər gün geyinib kəndə çıxmasına baxmayaraq, Özlemi heç cür görə bilmirdi.Yaman yerdə axşamlamışdı :elə keçən il hər tində,bucaqda qarşısına çıxan qız gözəgörünməz birinə çevrilmişdi,heç cür gözə dəymirdi.Hikmət hara getsə ,kiminlə söhbət etsə də elə onu düşünürdü:qəribədir, az qala gözü önündə böyüyən qız onun üçün çox maraqlı birinə çevrilmişdi:onun həyatının ən xırda detalları ilə maraqlanırdı;əvvəllər də bilirdi ki o, Hacı kişinin nəvəsidir və Hacı kişini də çox yaxşı tanıyırdı, amma indi öyrənmişdi ki,Hacı kişi kəndin ən adlı-sanlı ağsaqqallarındandır,onun üç oğlu var,üç də qızı ,ortancıl oğlu Əflatun onun ən dəli –dolu oğludur,elə Haçı kişi də vaxtı ilə çox dəli-dolu olub.Əflatunun düz yeddi il övladı olmayıb,yeddi ildən sonra Özləm anadan olub,o, anadan olanda düz yeddi qurban kəsiblər. Kənddə həmişə bu nəslin qıza da qurban kəsməsindən bəhs edirdilər,deyilənə görə elə Hacı kişi də üç qızının hər biri üçün anadan olanda qurban kəsib.Hətta indi də kənddə kim isə qızı doğulduğu üçün bikefləyəndə Hacı kişini ona misal çəkirlər.Hacı kişinin arvadı Nabat xanım çox gözəl qız olub,elə indi də gözəlliyi qalıb,qızları da ,nəvələri də özünə oxşayır,hər biri bir su sonasıdır,həm də ağıllı.Bu nəsildə hamı Özləmi çox istəyir,hətta canına and içirlər.Özləm də ayağı sayalı qız olub,dalıyca iki qardaş gətirib.Hikmet öyrənmişdi ki,Özləm dərslərini çox yaxşı oxuyur,yay –yaz olanda bağda-baxçada gəzməyi, çiçək –gül toplamağı çox sevir, deyirlər ki,Özləm bu yay böyüyüb və çox gözəlləşib,amma onu da deyirlər ki, Özləm elə yenə də əlində gül çiçək orda- burda görünür ,artıq on dörd yaşı olmasına baxmayaraq,hələ də evdə -eşikdə iş görmür,nənə də,baba da ata-ana da –hamı onu əzizləyir. Şebingülü baxçalarında o qədər gəzib-dolanıb ki,özü də bir Şebingülü olub sanki,şebingülü qoxuyur.Əslində bu yurdun qızları hamısı şebingülü qoxuyur,amma o bir başqa,o şebingülü nə isə fərqlidir,ya da Hikmet üçün fərqlidir.
Nəhayət səkkizinci gün Özləmi bağçalarının arxasındakı cığırda gördü:qız xırda daşları ayağı ilə vuraraq gedirdi.Cəld yeriyib qıza çatdı,astadan onu səslədi
-Özləm.
Qız dönüb ona baxdı.Qızın gözəl üzünü görən Hikmet’in qəlbinə işıq doğdu.
-Özləm ,hara gedirsən?
-Əmimgilə.
-Gedək mi Eğribel Tepesi’ndeki Çobanlar Çeşməsi’nə? .İndi oralar çox gözəl olub; lalələr, zanbaqlar, Sarıçiçek ocakları çoxdan açmışdır.
-Süsəni də çağırım
-Yox ,ikimiz gedək,Süsəni başqa vaxt çağırarıq.
Özləm ani olaraq Çobanlar Çeşməsi’ni,həmişə bu vaxtlar açan lalə və zanbaqları xatırladı, dəlisov uşaqlıq həvəsiylə
-Gedək-dedi.
Onlar qoşa addımlayırdı:insafən Egribel bütün səxavətini göstərmişdi;hər tərəf dizə qədər qalxmış yamyaşıl ota bürünmüşdü,lalələr,zanbaqlar adama gəl-gəl deyirdi. Çobanlar Çeşməsi otların,gül-çiçəyin arasında görünməz olmuşdu.Budur,nəhayət ki...
-Su içmək istəyirsənmi?-Oğlan ovuclarını su ilə doldurdu-Gəl.
-Özüm.
-Üst-başını su edəcəksən,əlimdən iç.
Özləm ani olaraq oğlanın üzünə baxdı
-İç-oğlanın səsi,baxışları güvən verirdi.Qız suyu içdi.
Özləm sevinclə ətrafa baxır,çiçəkdən-çiçəyə qaçır,zanbaq,lalə toplayırdı.
-Özləm,buralar çoxmu xoşuna gəlir?
-Çox xoşuma gəlir,hər yer xoşuma gəlir;bu çəmənlər,bu dağlar,çiçəklər xoşuma gəlir,Çobanlar Çeşməsi xoşuma gəlir.Nənəm bu zanbaqları çox sevir-qız əlindəki zanbaqları burnuna tutub iylədi-amma bunların iyi yoxdur.Nənəm deyir ki,bunların rəngi gözəldir,özləri də çox təravətli ,şux olurlar.
-Bəs sən hansını daha çox sevirsən?
-Mən hamısını-güllərin hamısını çox sevirəm.
-Yenə də,yadına salsana...
-Ən çox qızılgülləri sevirəm-baxçamızda açır ha-onu-ətri çox gözəl olur,rəngi də gözəldir.
-Həm də sənə oxşayır,yəqin, ondandır belə sevməyin.
Qız ilk dəfə,özü də anlamadan nazla ona baxdı,oğlanın bütün qəlbi titrədi.
-Özləm, oturaqmı bu çəmənlikdə?
Onlar yanaşı əyləşdilər
-Gəl sənə çələng hörüm.
Hikmet topladığı lalə və zanbaqlardan qıza çələng hördü,çələngi qızın başına qoydu,çələng qıza hədsiz yaraşdı.
-Çox yaraşdı-Hikmet qəribə baxışlarla qıza baxırdı.
Birdən qız ayağa durdu,çələngi Hikmətə qaytardı
-Mən gedim,anam məni axtarar.
-Gedək səni ötürüm.
Onlar kəndə qayıdırdılar.
-Özləm
-...
-Gələk mi hərdən bura?Sabah gələk mi? İstəyirsən Şəlaləyə gedək
-...-Qız cavab vermədən uzaqlaşdı.
Hikmət gecəni çox narahat yatdı;elə hey qızı düşünürdü.Görən indi yatıbmı,yatıbsa necə yatıb;xurmayı saçları ağ balışa dağılıbmı,qönçə, şebingülü dodaqları azacıq aralanıbmı,dik sinəsi aramla qalxıb enirmi?Görən o da Hikməti düşünür?Düşünürsə necə düşünür?Onun qızlıq xəyallarında Hikmət hansı rol oynayır?O, Hikmətin bir kişi,özününsə gənc qız olduğunu bilirmi,görən Hikmət onu xəyal etdiyi kimi,o da Hikməti xəyal edirmi;səhərlər yuxudan necə durmasını,axşamlar yatağa necə girməsini xəyal edirmi? Axı Hikmət bunların hamısını xəyal edir,düşünür.Səhər mütləq ona şeir oxuyacaq,mütləq...
Səhər yuxudan tez oyandı.Oyanan kimi Özlemi xatırladı,cəld geyinib baxçaya düşdü.Baxçadakı bütün ağaclar, demək olar ki,çiçəkləmişdi,şən,zəhmətkeş arılar vız-vız vızıldaşırdı.Qızılgüllər isə hələ də sanki yuxuya dalmışdı.Bir azdan onların da vaxtı gələcək və onlar bütün güllərə,çiçəklərə,bağa-baxçaya sultanlıq edəcəkdi.
Səhər yeməyi yeyib,kəndə çıxmaq bəhanəsi ilə Özləmgilin evinə yaxınlaşdı.Heç kəs gözə dəymirdi.Birdən bağın içində dolaşan Özləmi gördü
-Özləm-yavaşca qızı səslədi.Qız səsə boylandı.
-Gəlsənə bura.
Özləm ona yaxınlaşdı.Səhər havasında çox gözəl görünürdü
-Getməyək Şəlaləyə?
Özləm, deyəsən, tərəddüd edirdi
-Tez qayıdarıq,azacıq gəzişib qayıdarıq.
-Anama nə deyim?
-Heç nə demə.Tez qayıdarıq.İstəsən ordan da babanın yanına gedərsən.
Qız ani tərəddüddən sonra bağın balaca darvazasından keçib gəldi.
Hikmət qızla yanaşı addımlayırdı və həyatında duymadığı bir xoşbəxtlik,həzz duyurdu,ona elə gəlirdi: böyrüncə gedən kiçik,nazlı ,körpə bir bahardır,təbiətin özüdür.Qəribədir, həmişə gəzdiyi və həmişə onda sirli ,mübhəm duyğular oyadan, bu dağlar,çöllər,düzlər,çəmənlər elə bil şənlənmişdi və nə isə sirli,sehrli,dünyanın o başından süzülüb gələn gözəl bir nəğmə oxuyurdu,Günəş həmişəkindən fərqli şəfəq saçırdı,aradabir sanki sevinclə ona göz vurur, bu dağların ən gözəl çiçəyini ovsunladığını söyləyirdi.Quşların səsi,otların xışıltısı nə isə sehrli nəğmələr pıçıldayırdı qulaqlarına.Hər şey çox gözəldi,hava əsrarəngiz parıltılarla dolu idi.Hələ sübh çehini içib doymamış otlar,çiçəklər yuxulu,məst gözlərlə onları salamlayır”Xoş gəldin “söyləyirdi.
Nəhayət, iki sıldırım qayadan süzülən,səsi,nəriltisi hələ uzaqdan eşidilən Şəlaləyə yaxınlaşdılar:ətraf su damlalarına qərq olmuşdu,elə bil ,yağış yağırdı.
-Yağış yağır?-Özləm Şəlalənin səsindən eşidilmədiyi üçün qışqıraraq soruşdu.
-Yox, Şəlalədən sıçrayan su damlalarıdır.Bura həmişə belə olur.-Hikmət də qışqıraraq danışırdı
-Nə gözəldir...-Qız Şəlaləyə tərəf qaçmaq istədi.
-Çox yaxına getmə-Hikmət onun əlindən tutdu.
-Nədən?
-Yaz vaxtıdır,birdən suyu gur gələr.
Özləm heyrətlə ətrafa ağappaq köpük yayaraq ,çox sürətlə axan Şəlaləyə baxırdı
-Birdən suyu qurtarar-təlaşla dedi
-Heç gördünmü Çobanlar Çeşməsinin suyu qurtarsın?
Qız başını buladı:
-Amma bu çox sürətlə axır.
-Amma bu min ildir axır.
-Min ilmi?-qız heyrətə gəldi.
-Bəli.
Qızsa hər şeyin elə onunla,ondan azacıq əvvəl yarandığını düşünürdü.Demək, min ildir bunlar var imiş...Görən, min il bundan qabaq bu oğlan da var idimi,bu barədə ondan soruşmaq olarmı?
Amma nə isə müəmmalı şeylər duyur içində və bu barədə soruşmağın yersiz olduğunu düşünür.
-Gedəkmi o təpəyə orada daha gözəl çiçəklər var.
-Gedək.
Özləm ondan heç çəkinmirdi, deyəsən.
Gömgöy təpədə çiçəklərin əhatəsində oturmuşdular
-Özləm ...
-Nədir?
-Sən heç şeir oxudunmu,şeir bilirsənmi?
-Dərs kitablarında olanları bilirəm,hamısını oxumuşam.
-Onları yox ,məsəla:Hikmet Okuyarın şeirlərini oxudunmu?
Qız qəribə bir maraq və təəccüblə ona baxırdı.
-Söyləyimmi birini sənə?
Qız başı ilə “Hə”işarəsi verdi
Korkusuzdum severken,sevgisizlikden korktum
Çaresiz kaldığımda,ilgisizlikden korktum
Hatların kapsam dışı,bilgisizlikden korktum...
Ellerim bende degil,kollarında unuttum
Duman yüklü dağları bellerinde unuttum...
Özləm mat- mat oğlana-Hikmətə baxırdı
Hikmət ikinci bəndi söylədi
Yuvasız quşlar kibi engin könlüne uçtum,
Sana şakıdı dilim,derdimi sana açdım
Seni hissettim sende bendeki sana qaçdım
Kollarım bende degil,sallarında unuttum
Şebingülü bağları yollarında unuttum...
Hikmət qızın əllərindən tutdu .Qız çox gözəldi;xurmayı saçları çiyinlərinə dağılmışdı,şebingülü dodaqları, yanaqları ətrafı bürüyən gül-çiçəkdən seçilmirdi,gözəl, füsunkar gözləri Günəş kimi şəfəq saçırdı.Oğlanın bütün qəlbi qıza doğru atılırdı:necə etsin onu ürkütmədən,qorxutmadan,bulaq başında gördüyü andan,dəqiqədən onu dəlicəsinə sevdiyini ona necə anlatsın,necə etsin ki, onun qəlbində də özünə qarşı məhəbbət alovlandırsın,onun qəlbində dağ-daş yoldaşı kimi yox,kişi kimi yer tutsun
-Özləm...
Qız birdən ağlamağa başladı;sanki nə isə dəhşətli bir qorxu doldu ürəyinə;qarşısında oturmuş ,əllərindən tutmuş,qəmli nəğmələr söyləyən bu oğlan mübhəm ,sirli nələrdənsə bəhs edirdi,o sirli,sehrli, mübhəm şeylər heç də sevindirici deyildi,onlar o mübhəm hisslər bu şeirləri ona söyləyən oğlanı çox qəmləndirmişdi.
Bu şeirdə bəhs olunan hisslər həyatın heç də güllü-bülbüllü qızılgül baxçalarından,Çobanlar Çeşməsindən ,hər səhər səni yuxudan nazlamalarla oyadan nənədən ibarət olmadığını söyləyir,həyatın sirli ,ağrıdıcı acılarından xəbər verir.O acılar çox amansızdır,coşqun sel kimi insanın qəlbinə dolur,oradakı güllü-bülbüllü qızılgül baxçalarını talayıb viran edir.
-Evimizə getmək istəyirəm-qız hıçqıraraq ağlayırdı.
-Nədən? İndi gəldik ki...Yaxşı, daha şeir oxumaram sənə...Sən şeiri sevmirsən ,demək.
-Qız burnunu çəkirdi.
Onlar bütün yolu sakitcə addımladılar,evlərinə az qalmış qız “Hələlik”-dedi və qaçaraq ondan uzaqlaşdı.
Hikmət bütün günü,gecəni də özünə gələ bilmədi,Elə hey Özləmi ,onun ağlamasını xatırlayirdı,hiss edirdi ki,şeirləri ilə qıza yeni duyğular ötürüb,qız yeni ,tanış olmayan,təlatümlü hisslər duyur,bu hisslər onun cocuq,bişib-bərkiməmiş qəlbini ehtizaza gətirir,onu qorxudur,yad bir oğlanın xəyal dünyasına daxil olması onun üçün sarsıdıcıdır,o bunun nə olduğun başa düşmür və belə sarsılır.
Ağlayırsa, demək, artıq nələrsə hiss etməyə başlayıb,görən, bu hisslər onu ürkütməyəcək ki..o,Hikmətin onun qəlb dünyasına qədəm qoymasına yol verəcəkmi?.
... ... ...
Şəhərdə işi çıxmışdı,bir həftəliyinə getməli idi.Və bu bir həftə ona inanılmaz dərəcədə uzun bir müddət kimi gəlirdi.Bu barədə qıza nə isə demək istəyirdi,eləcə xəbərsiz -ətərsiz getmək istəmirdi.Qız nədənsə yenə gözə dəymirdi.Evlərinə yaxınlaşmağa da çəkinirdi,söz-söhbət çıxmasını istəmirdi,istəyirdi ki qız bilsin ki ,o burada olmayacaq,birdən təkbaşına Çobanlar Çeşməsinə gedər,Allah etməmiş mərdimazar birinə rast gələr.Çox fikirləşdikdən sonra onların evinə yaxınlaşdı,darvazanı döydü
Xoşbəxtlikdən darvazanı Özləm açdı
-Sənsən...-Özləm heyrətləndi.
-Mənəm ,Özləm, mən bir həftəliyə şəhərə gedirəm,işlərim var,Xahiş edirəm tək Çobanlar Çeşməsinə getmə,heç kimlə getmə...elə baxçanızda oyna,artıq qızılgüllər açmağa başlayıb.Olurmu?
-Olur.
-Bir həftəyə qayıdacağam,narahat olma.
-Kimdir?-Özləmin nənəsi Nabat arvad qapıya yaxınlaşdı.
Hikmət Nabat arvadın onlara yaxınlaşdığını görüb bərkdən dedi
-Yaylaq tərəfə gedirdim,dedim:Hacı kişiyə bir sözünüz-filan olar,o axı mənim köhnə dostumdur.
Nabat arvad onu tanıdı
-Aybikənin nəvəsi-Bizim Hikmet deyilsənmi?MaşAllah yekə kişi olubsan.Gəlsənə içəri.
-Yox maşınlayam,tələsirəm,bir sözünüz yoxdur ki...
-Yox ,Əflatun təzə gedib,elə orda olar,sağlıq-salamatlıqdır,bizdən salam söyləsən bəs edər.
-Allaha əmanət olun
-Allaha əmanət ol.
Maşını xodladı,ürəyi rahatlamışdı,artıq rahat yola düşə bilərdi.
Bir həftəni çox çətinliklə başa vurdu;çox qəribəydi;həmişə onu çəkən şəhər,hay-küy,insanların gurluğu onu cəlb etmirdi,indi şəhərin asfalt küçələri,üst-üstə qalanmış evlər ona darıxdırıcı gəlirdi.
Universitetin geniş auditoriyalarında da,kabinetlərində də,axşamlar dostları ilə getdiyi çay,yemək kafelərində də ,Özləmi düşünürdü,qızın xəyalı bir an belə onu tərk etmirdi.Həmişə deyib-gülməyi,şənliyi ilə seçilən Hikmətin qəribəliyi,qaş-qabağı dostlarını açmırdı deyən,tez-tez ona nə olduğunu soruşurdular:
-Prinsessanın kimliyi barədə deməyəcəksən bizə?
-Nə prinsessa?
-Səni bu hala salan prinsessa.
-Heç bir prinsessa-filan yoxdur.
-Bu gün kimi aydındır.Xeyir iş nə vaxtdır?
-Nə xeyir iş?-Hikmətin bütün bədəni gizildədi.
-Özünü bilməməzliyə vurma...Yoxsa elə-belə könül məsələsidir?
-...
-Onda başqa məsələ...
-Bu barədə danışmaq istəmirəm.
-İndi danışmaq istəmirsən,sonra özün söz salacaqsan.
-Nədən?
-Sevgi macərasından.
-Sevgi macərasımı...
-Əlbət.
... ... ...
Nəhayət ki, bir həftəni başa vurub kəndə qayıdırdı.Maşın elə bir həftə bundan qabaq kədər və nisgillə keçdiyi yolları arxada qoyurdu
Egribelin başı üzərində səma məsmavi görünürdü,topa –topa ağ buludlar sevinclə,bəxtəvərliklə hara isə qaçışırdı.Təbiət şıltaq uşaq kimidir,nədən belə nəşəlidir? Günəş zərrin şəfəqləri ilə aləmi nura boyayıb,hər tərəf büllur kimi işıq saçır.Quşlar nədən belə sevinclidir? Dağlarda quzular mələşir çobanlar sürünü yamaclara yayıb tütək çalır,camaatın üz-gözündən sevinc yağır,çəmənlərdə allı-güllü paltar geyinmiş qız-gəlin görünür.Görən,onun prinsessası haradadır,bu bir həftədə darıxıbmı onun üçün,onu düşünübmü?
Hikmət artıq onu sevdiyini ona deməlidir,belə daha yaxşı olar,Hikmət onun qəlbini ram etməlidir,artıq hər şey Hikmətdən asılıdır;o Hikmətin bir kişi,özünün də gənc qız olduğunu bilməlidir,necə ki Hikmət bir an onu düşünmədən dayana bilmir, o da Hikməti düşünməlidir.
Bəli ...Hikmət bir an onu düşünmədən dayana bilmir;bu nə isə fövqəltəbii bir şeydir,onun iradəsindən asılı deyil,hər gün bir az da artıq ona bağlanır,o ,sanki həyatının məhvərinə çevrilib;həyat ondan ibarətdir,Günəş ondan ibarətdir;qəribədir,sanki çöllər,çəmənlər onun ətrini yayır,Günəş onun gözləri ilə,onun kimi gülümsünür,buludlar ona xəbərə qaçır,dumanlar Özləmin ayaqları altına sərilmək istəyir,zanbaqlar,lalələr-bütün güllər ona bənzəyir,artıq qızılgüllərin ətri-onun ətri Egribelin ötəsinə belə yayılıb,Hikmət bu qoxunu hiss edir,qoxu oğlanı məst edib,hara baxır onu görür,burada-Egribeldə bütün səslər Özləmin səsinə oxşayır.Olurmu bu?
Bu da evləri...Sanki fəzada süzür;kimlərləsə öpüşüb-görüşür,söhbət edir,lakin xəyalında ancaq o var,ancaq onu düşünür,hara baxır Özləmi görür.Gecəni birtəhər başa vurur:yuxu ondan qaçaq düşüb,haradasa bir neçə ev ötədə bir qızılgül uyuyur,ətri buram-buram qoxuyur,dalğa-dalğa yayılır və bu qızılgül yalnız Hikmətə məxsusdur,onunkudur,onun misilsiz,tayı-bərabəri olmayan gözəllər-gözəli prinsessasıdır,dünyada Özləmdən gözəl qız yoxdur.
Budur ,səhər açılır,Günəş Yer üzünü salamlayır,-qoy durub həyətə düşsün;hələ tezdir-hamı –onun sevgilisi də yatıb-qoy həyətdəki qızılgüllərə baxsın,artıq açıblar,bənzərsiz qoxunu elə dünən Egribeldən dönəndə hiss etmişdir,bu qoxu onu dünəndən məst edib,elə gecəni də bu qoxunun qanadlarında aram-aram süzüb-bənzərsiz və misilsiz qoxu...
Gözlərinə inanmayır...Bir gecədə bu qədər qızılgül aça bilərmi? Olurmu bu?Güllərin ləçəkləri üzərində almazlar sayrışır, elə bil cənnətdən bir parça yerə enib.Tanrı öz cənnətini insanlara göstərmək qərarınamı gəlib?
Hələ bülbüllərə bax...Ah,əzizlərim,sevimli cəngavərlərim,sevincinizin həddi-hüdudu yoxdur,qızılgülləriniz açıb,hər bahar eyni macəranı yaşayırsınız;bu bahar o birindən daha gözəl olur,daha cəzbedici olur,dünya sizin gözünüzdə ancaq bu baharlardan və qızılgüllərdən ibarətdir.Elə Hikmət üçün də dünya bu dəm ancaq bahardan və sevgilisindən ibarətdir.
Budur bax,evdən çıxır və cəld addımlarla öz sevgilisinin ətrinə yüyürür,heç nə Hikməti durduramaz,Hikmət elə indicə onu görəcək,onu səsləyəcək və onlar əl-ələ verərək zümrüd çəmənlərə,bənzərsiz dağlara doğru yürüyəcəklər.
Budur,Özləm qızılgül baxçasında,qızılgül kolunun yanında durub,Aman Allah , taptazə qızılgüllərdən heç seçilmir,əynində qızılgül rəngində köynək var...
-Özləm.
Qız səsə boylanır,qaçaraq ona sarı gəlir.
-Darıxdınmı mənim üçün? Mən sənsiz çox darıxdım.
-...
-Gedəkmi Egribelə?
-Anama deyim...
-Heç kəsə demə,maşınlayam,tez dönəcəyik.
Aradan keçən bu bir həftə ərzində çöl-çəmən bir az da gözəlləşmişdi,ot-ələf adam boyu qalxmışdı,hər tərəfdən quş səsi,böcək səsi gəlirdi,astaca əsən meh qurşağa qədər qalxmış otları dəniz kimi dalğalandırırdı,quşlar,kəpənəklər başları üstündə uçuşurdu
-Bizdən heç qorxmurlar-Özləm güldü.-Otlara bax necə dalğalanır,elə bil dənizdir.
-Doğrudan da...Gedəkmi Şəlaləyə?
-Yox ,anam məni axtarar... Tez qayıdacam.
Göy otluqda,təpəcikdə yanaşı oturmuşdular.Hikmət yanpörtü qızı süzürdü;aradan keçən bu bir həftə ərzində,elə bil, bir az da gözəlləşmişdi,bir az da yetkinləşmişdi,hər nəydisə daha cazibədar olmuşdu,həmişə açıq buraxdığı saçlarını indi yığıb-yığışdırmışdı,ordan-burdan sancaqlamışdı.Hikmətin bütün qəlbi qıza doğru atılırdı
-Özləm...
Özləm heyrətlə qarçısında sağ dizi üstə çökmüş Hikmətə-kişiyə baxırdı: Hikmətin od kimi isti nəfəsi onu qarsalayırdı.Qız sanki bir çiçək kimi bu od qarşısında büzüşürdü.Ani bir qorxu qızı çulğaladı nədirsə cəld ayağa durdu.Hikmət də ayağa durdu,qızın əllərin əlinə aldı
-Özləm...mən səni sevirəm,o gün bulaq başında görən dəqiqədən, andan bəri sevirəm.Bir an da olsa xəyalımdan çıxmırsan.
Bu sözdə nə qədər sehir var idi,bu sözü söyləyən kişi-Hikmət qarşısında durmuşdu,əllərindən tutmuşdu,qaçmağa heç bir aman yox idi,qız sanki sehrlənmişdi.
Hikmət heç özü də bilmədi nə vaxt onu sinəsinə sıxdı.
Qıza elə gəldi ki, atəşli bir kürə onu sardı,var gücü ilə oğlanı itələdi,lakin qorxunc,qaba bir varlığa cevrilmiş oğlan onu buraxmaq istəmirdi,oğlanın cod saqqalı qızın üzünü dalayırdı,aramsız öpüşləri nəfəsini kəsirdi.Qız bu qorxunc,qaba varlığın əllərindən qurtara bilməsə,onun nələr yapa biləcəyinin qorxusundan ağlamağa başladı.Nəhayət oğlan onu buraxdı.Qız ağlayaraq kəndə tərəf götürüldü.Hikmət arxadan ona çatdı,qolundan tutdu
-Özləm,qorxma,bir anlıq özümü unuttum...
-...Qız ağlayaraq burnunu çəkirdi.
-Niyə ağlayırsan?
Qız heç özü də bilmirdi niyə ağlayır.
-Bir də səninlə heç yerə gəlməyəcəm.
-Özləm, bir-birini sevənlər arasında olur bu...
-...
Kənd görünürdü.Özləm oğlanın üzünə baxmadan uzaqlaşdı
... ... ...
Özləm ürkə -ürkə ondan bir az aralıda yeriyirdi.Bir neçə dəfə tellərini üzündən yığmaq istəyən Hikmətin əllərini geri itələmişdi.Hikmətsə onu öpmək ,bağrına basmaq istəyirdi.
-Gəlsənə oturaq.Yoruldum.
-Sən otur. Mən yorulmamışam.
Hikmət kiçik təpəcikdə əyləşdi.
-Özləm
-Nədir?
-Səni buralardan aparacağam.
Mən buralardan getmək istəmirəm.
-Nədən?
-Buralarda mənim nənəm var,Çobanlar Çeşməsi var... ,Süsən var,Xumar var.Buralar mənim xoşuma gəlir.
-Amma insan bir gün uzaqlaşır nənədən-babadan,hətta atadan-anadan.Onlar keçmişdə qalır.Başqaları olacaq həyatında,məsələn mən və cocuqlarımız.
Qız mat-mat onun üzünə baxırdı.Hikmət onun qarşısında durmuşdu.Qızın üzünə tökülən saçlarını yığışdırırdı.
-Sevmirsən məni?-Qız eləcə yerində donub qalmışdı-Mənsə səni çox sevirəm .Hər gün bir az da artıq.Hər yerdə səni fikirləşirəm.Hətta sənin yanında olanda da səni fikirləşirəm.
Qızın çənəsindən tutub yuxarı qaldırdı.Gözlərinin içinə baxırdı.Mənim mələyim.Səni sevirəm.
Qızı bağrına basdı,ayaqları yerdən üzülmüş qız
-Burax- deyə ağlamsındı.
-Rahat ol.Qorxma sənə qarşı heç bir əclaflıq etmərəm.
Amma onu öpməklə də doyamırdı.Qız onun get –gedə alovlanan öpüşlərindən qorxub bağıranda qızı yerə qoydu.
-Sakit ol .Sənə heç nə etmirəm,Qorxma.
-Bir də sənlə gəlməyəcəm.
Hikmət ağır-ağır nəfəs alırdı.Görən o nə qədər vazkeçilməz olduğunu bilirdimi?
... ...
Özləm...
-Nədi?
-Məni sevirsənmi?
-...
Hər gün məni görmək istəyirsənmi?Məni görməyəndə darıxırsanmı?
-...
-İstəyirsənmi hər gün Egribelə gedəndə səni çağırım;birlikdə dağları,çəmənləri gəzək,söhbət edək,sənə şeir oxuyum?
-İstəyirəm.
Mənlə söhbət etmək,bağ-baxçanı gəzmək sənin üçün maraqlıdırmı?
-Maraqlıdır.
-Sənə oxuduğum şeirləri sevirsənmi?
Sevirəm.
-Ən çox hansını?
-Hamısını.
-Məni görməyəndə darıxırsanmı,istəyirsənmi bütün günü yanında olum?
-...
-Məndən ötrü narahat olursanmı?
-Oluram
-Səni sevirəm.Sən də məni sevirsənmi?
-Bilməm ki...
- Özləm...
-Nədir?
-...
-Özləm bir neçə ildən sonra özün mənə”Səni sevirəm”-deyəcəksən,özün məni öpmək istəyəcəksən.
-...
-Özləm,bir az böyü,hər şey yaxşı olacaq,biz evlənəcəyik.
... ... ...
-Özləm.
Özləm tanış səs eşidib heyrətləndi-Hikmət idi
Özləm,hardan gəlirsən?
-Əmimgildən.
-Özləm ,gedəkmi Çobanlar Çeşməsinə?
...
-Narahat olma..Bir az gəzişib qayıdarıq.
-...
-Özləm ,nədən belə qəmlisən, nə olub?
-Bilməm ki...
-Yenə?
-...
-Sən payızda gedəcəksənmi?
-Gedəcəm.
-Nədən?
-Mənim orada işlərim var.
Proje üretip modeli verdim,
Divar boyasına çok akıl yordum.
Usluyla danıtıp,bileni sordum
Lafta kalan söze kanmıyacağım
Bu işlər böyük zəhmət və iradə tələb edir,çətinliklər çoxdur,amma insan çətinliklərə dözməlidir,sən hələ uşaqsan bilmirsən.Böyüyəndə özün məni başa düşəcəksən.Amma mənim işlərimin bizim sevgimizə dəxli yoxdur,sevgimizi qoruyacağıq,hər ikimiz onu qorumalıyıq.Sən hələlik oxu,orta məktəbi bitir,qalanını sonra danışarıq,səni özümlə şəhərə aparacam.
Birdən –birə qız atasının zəhmlə anasına:” Qızı küçəyə tək buraxma”- deməsini xatırladı-
-Mən gedim ,atam tapşırıb ki, küçəyə tək çıxma.
Gedək səni ötürüm.
-Cığırla qoşa addımlayırdılar.
-Sabah gələkmi bura
-Yox...
-Aha çatdıq.Sağ ol-oğlana baxmadan uzaqlaşdı.
Hikmət bir xeyli onun arxasınca baxdı.
Qıza nələrsə demək istəyirdi .Amma...
... ... ...
-Özləm ,son günlər çox bikefsən nə olub?
-...
-Söyləsənə,Özləm.
-Bilməm ki..Yollara baxanda nədənsə qəmlənirəm...
Fikirləşirəm...Fikirləşirəm ki ,sən bir azdan o yollarla gedəcəksən.
-Amma mən qayıdacağam.Özləm heç fikirləşirsənmi nə qədər xoşdur həyatda bir məqsədin olmaq və o məqsədin ardınca getmək:insanlıq bundan ibarətdir.İndi insan dünyaya öz evi kimi baxır,bir kəndin içinə qapanıb qalmaq olmur.Daha yaxşı təhsil almaq üçün ,daha yaxşı mütəxəssis olmaq üçün dünyaya inteqrasiya olunmalısan. Bilsən bizim bu torpaqlar nə qədər gözəl və barlı –bəhrəlidir.Başqa millətlər belə torpaqları dünyaya tanıdır,kurort zonasına çevirir.Bizdə isə payıza dönən kimi qar-çovğun yolları kəsir,işıqlar kəsilir,heç bir telefon əlaqəsi saxlamaq olmur.Nə qədər istedadlı oğlan və qızlar çətinlik üzündən,yol riz olmaması səbəbindən oxumağa gedə bilmir,təhsil almır,qızlar heç oxuya bilmir,olmaz ki belə ;Aşıq Veysəlin,Fatehin torpaqları unudulub gedir;ayağı yer tutan çıxıb gedir;burada ancaq çobanlar qalır və çobanlar da bəlkə də, oxumağa gedə bilməyən istedadlı adamlardır.Mən artıq böyük proje başlatmışam.Bu barədə şeirlərimdən birində qeyd də olunub: buraya möhkəm ,hər cür küləyə ,tufana davamlı işıq,yol çəkdirəcəyəm ki, gediş-gəliş tək üç ay yox, həmişə olsun.
.......
Çözüm türkümüzü dinlesin bir yol
Naramızla dağlar inlesin bir yol.
Sevgi sözümüzden anlasın bir yol
Netice almadan dönmiyecegim.
... ... ...
Hikmət son günlər çox fikirləşirdi; iki yol ayrıcında qalmışdı; bir tərəfdə artıq başladığı,təməlini qoyduğu yol ,o biri tərəfdə isə Özləm dururdu.Hər ikisi onun üçün hədsiz əzizdi. Yol onun qisməti, taleyiydi.Necə olmuşdu o bu yolla getməyə qərar vermişdi? Anlaşılmazdı,sirli idi.Zaman –zaman böyüdüyü kənd,oturub durduğu ağsaqqallar,dərdinə şərik olduğu çobanlar ,yol-riz üzündən,çətinliklər üzündən məqsədinə yetməyən insanlar-oxuduğu bəzən dərd-qəm , bəzən məhəbbət,bəzən həsrət, bəzən vətən sevgisi,dönməzlik aşılayan əsərlər, şeirlər onu yönəltmişdi bu yola .Cənnət misallı Şebinkarahisar bənzərsiz təbiəti ilə,gözəllikləri ilə onun ruhunu cilalamış,özünə,nəinki özünə bütün insanlığa qarşı məhəbbət yaratmışdı onun bulaq suyu ,dağ havası kimi təmiz qəlbində.Bu qəlb hələ gənc olmasına rəğmən ancaq vətən deyirdi,insanlıq deyirdi,millət deyirdi və indidən millət üçün yanıb tutuşurdu .Ta uşaqlığından bəri sevə-sevə oxuduğu,hikmətləri ilə boy atıb böyüdüyü Aşıq Veysəl şeirləri,hətta Aşıq Veysəlin xəyalı son günlər heç gözü önündən çəkilmirdi Aşıq qəmli-qəmli ona baxır,başını bulayır ,getdiyi yoldan sapmamağın gərəkli olduğunu vurğulayırdı.
......
Erenler aşkına çağırdığımda
Dikildi karşıma göz etti bana.
Duyulması için bağırdığımda
Şebin gülü ile naz etti bana.
*
Karacoğlan ve Emrah’ı söyledim
Kavalı tulumu saza bağladım
Yeşil çevre sevdasını sağladım
Dikilen fidanlar az, dedi bana.
......
Bəli, getdiyi yoldan sapmamaq gərəkdir ,o,bunu bilir, ərənlər həmişə belə olmuşlar,belə tövsiyə etmişlər:belə görüb-götürmüşlər,insanlıq elə bununla tanınır;getdiyi yoldan sapmamaq-bu insanlığlmayın dönməyəcəm bu yoldan-xəyalən Aşıq Veysələ müraciət edir,artıq bu yola baş qoymuşam, geri dönməyəcəyəm,həyatımı bu ellərin rifahına,şebingülünə həsr edəcəyəm.Özləm məni gözləyəcək ,gözləməlidir. Sanki Aşıq Veysəlin xəyalı şənləndi. Razılıqla başını tərpədib gülümsündü.
....
Sivr’alan köyünden Sivas iline,
Can suyu verelim Şebingülü’ne,
Baş koyduk deyince Hakk’ın yoluna..
Güldü, gülümsedi göz etti bana
..
Amma o biri tərəfdə çox gözəl bir qız var;o bu qızı sevir və həm də qız onu sevir...Bəs beləysə qorxduğu nədir?Bir-birini gözləmək sevənlər üçün çətin olmasın gərək.
... .... ...
Artıq payız fəsli yaxınlaşır.Hər gün,günaşırı yağışlar yağır,sanki çöllər,düzlər qəmə qərq olub.Hikmət getməlidir,işlərinin,arzularının dalınca getməlidir.Getməlidir...Amma bunu Özləmə söyləmək lazımdır.Necə söyləsin...Amma söyləməlidir
-Özləm...
-Nədir...
-Artıq payızdır...Mən getməliyəm...işlərim var.Sən bunları bilirsən,darıxma,olurmu? İşlərimi yekunlaşdırmalıyam.Sən də böyü,orta məktəbi bitir.
-...
-Özləm,nədən ağlayırsan?
-Bilməm ki...ürəyim nədənsə sıxılır..
-Olmaz ki...Darıxmaq olmaz ki..
-Bacarmıram ki...
-Olmaz ki...İnsan öyrəşməlidir,insan dözümlü olmalıdır;insan ayrılığa da,həsrətə də dözməlidir.Bizim ayrılığımız çox çəkməyəcək, mən tez gələcəyəm.Sən darıxma olurmu?
-Olur.
-Bax belə... Mən tez dönəcəyəm...
... ... ...
Qəmgin bir payız günüdür;hava boz-bulanlıqdır,göylər də boz-bulanlıqdır.Budur,Hikmət əlində yol çantası maşına əyləşir.Maşın dolanbac yollarla şütüyür və Hikmət sürətlə kənddən uzaqlaşır.Budur, Sarı Çiçək yaylası,Gəlin qayası,Egribel...Avutmuş..bir-bir arxada qalır...Sanki dağlar-dərələr,çöllər-düzlər qəmə qərq olub,ara vermədən çisəyən payız yağışlarından üşüyür ,yollar ardınca qışqırır sanki.Nə isə beynində çox sürətlə hərəkət edir,heç cür bu sürəti ləngidə bilmir
...Gedir...gedir...Egribel qalır,Çobanlar çeşməsi qalır, ....Dağ Şəlaləsi qalır,Ovutmuş qalır,Şebinkarahisar qalır...Özləm qalır...
Özləm qalır...Özləm darıxır...o ağlayır...O, Hikmətdən ötrü ağlayır...o,Hikmətdən ötrü darıxır,Hikmət ona həyatının ilk acısını yaşadır,qüssəsini yaşadır...
Həyat bu...acıları ,ayrılıqları çox olur..O öyrəşməlidir,o bilməlidir..
-Birdən öyrəşə bilmədi.Çox uşaqdır,çox gəncdir,çox təcrübəsizdir.Qorumadın onu,acıların,ayrılığın qucağına atıb gedirsən
Yox mən tez-tez gələcəyəm,onla əlaqə saxlayacam.O hələ uşaqdır,böyüməlidir,mənim məqsədlərim var,həyat yolum var.
Bilirdin ki ,gedəcəksən niyə sevirdin,sevdiyini niyə söyləyirdin,onun mürgülü duyğularını niyə oyadırdın?
Deməsəydim ölərdim.İstəyirdim məni sevsin,hamı sevir və sevdiyini sevgilisinə söyləyir,burada heç bir əclaflıq yoxdur;mən onu sevdim,o da məni sevdi,biz bir-birimizi sevdik,indi də bir-birimizi gözləməliyik,sevənlər o dəqiqə bir-birinin olmur...dərd çəkməyə lüzum yoxdur,o öyrənməlidir,qadın olmağı,sevməyi öyrənməlidir.Bəlkə də ,artıq öyrənməyə başlayıb,o böyüyüb ,bir az da böyüyəcək və dözümlü olacaq...
Amma onun qəlbi narahatdır,içində elə bil nəsə qışqırır;onda hərdən belə olur,düzgün qərar verməyəndə içində nə isə qışqırmağa başlayır,heç cür sakitləşmir,iradəsinə tabe olmur və elə hey qışqırır;elə hey eyni şeyi təkrarlayıb durur.Çox müəmmalı bir şeydir.Görən, hamıda belə olurmu? Görən, Özləmdə də belə olurmu?Birdən onun içində də nə isə elə hey qışqırsa,ya da ağlasa?Görən hansı yaxşıdır;içində nə isə qışqırmaq ,yoxsa ağlamaq?
Heç biri yaxşı deyil,hər ikisi böyük kədərdən doğan şeylərdir,narahatlıqdan doğan şeylərdir,ən yaxşısı ağıllı olmaqdır,soyuqqanlı olmaqdır,amma insanın həyatında elə anlar olur ki,nə ağıllı olmaq olur,nə də soyuqqanlı,elə hey içində nəyinsə qışqırdığı,hər şeyin bir-birinə qarışdığı anlar olur.Və bu qarışıqlığı heç cür səhmana salmaq olmur.
Amma o,getməlidir,çünki başladığı bir yol var;dünyadakı bir çox kişi kimi o da özünə bir yol seçib,indi ilk çarpışmada bu yoldan dönə bilməz,dönməməlidir.Görkəmli kişilər olub həyatda və onlar öz başladıqları yolu heç nəyə görə tərk etməyiblər,yəqin ki ,tərk edə bilməyiblər,ölümün gözünə dik baxıblar,söhbət nə olursa olsun yollarına davam ediblər,sarsılmayıblar. Həyat bu:həyat mübarizləri sevir; o da başladığı yol uğrunda mübarizə aparacaq, onu buraxmayacaq .Yolun özünün nə isə qəribə qüvvəsi var;yol özü onu çəkib aparır;sanki yol deyil,taledir,elə əslində də belədir,yollar taleyimizlə çox bağlıdır,insanın kimliyini müəyyənləşdirir.Yol insanlığı şərtləndirir.
Əgər o, yolu buraxıb Özləmi tutsa, onda yol qışqırmağa başlayacaq,yəqin ki, başlayacaq
.Hərdən ona elə gəlir ki, onun yolu Tanrı tərəfindən kimlərinsə hörmətinə müəyyənləşdirilib.Bu boyda Şebinkarahisarın ümididir bəlkə, o.Şebinkarahisar...dünyada bənzəri olmayan,gözəlliyi dillərə dastan olan cənnət misallı bir diyar... Kimlər yaşayıb cənnət guşələrində ......Bəlkə onların ruhudur onu gələcəyə belə şərtləndirən?
Bir bax ürəyi ağrıyır,içi parçalanır ,lakin seçdiyi yolu gedəcəyini, bir an da geri durmayacağını bilir...Amma qəlbi bütün ömrü boyu
......
BÜLBÜLCE SEVDALARI, GÜLLERİNDE UNUTTUM;
DUMAN YÜKLÜ DAĞLARI, BELLERİNDE UNUTTUM;
ŞEBİNGÜLLÜ BAĞLARI, YOLLARINDA UNUTTUM..
SENDE GEÇEN ÇAĞLARI, KOLLARINDA UNUTTUM...söyləyəcəkdi.
... ... ...
Özləm tez-tez qaçıb Çobanlar Çeşməsinə gedir,bulağın başında oturur ,axıb gedən,sanki qəmgin nəğmələr pıçıldayan sulara baxır və fikirləşirdi:...Getdi...o getdi...yollar onu çəkib apardı.Bax elə bu yollarla getdi.Onunla əl-ələ,qol-qola gəzdiyi yollarla;elə bu mavi səmanın,ağ, pəmbə buludların altı ilə uzanıb gedən yollarla getdi.Mavi səmanı da,ağ, pəmbə buludları da ,Egribeli də,Çobanlar Çeşməsini də,Avutmuşu da-hamısını tək və tənha qoydu və getdi.Və bu gün buralar hamısı; Şebinkarahisar,Egribel,Çobanlar Çeşməsi,Avutmuş...mavi göylər,ağ,pəmbə buludlar onsuz çox darıxdırıcıdır.Çöllər,düzlər,saralmış otlar,yağan yağışlar,əsən küləklər,üşüyən və cükküldəşən sərçələr,quşlar-hamısı çox kədərlidir.Dünya heç ovunmur,nə isə qəmə-qüssəyə bürünür..Artıq hər şey bitdi..Quşlar necə də həyəcanlıdır;sanki yağan yağışların,əsən küləklərin, bu amansız və sərt təbiətin onlara rəhm etməyəcəyini hiss edirlər...Rəhm etməyəcək...bu acımasız həyat ,bu soyuq,üzü dönmüş dağlar onlara rəhm etməyəcək..Payız küləkləri çox amansızlıqla onların qurumuş çör-çöpdən hörülmüş yuvaların havaya sovurur.Təbiət necə də amansızlaşıb...Elə bir neçə ay bundan əvvəl hər şey bir başqa idi;hər şey işıq saçırdı,xoşbəxtlik saçırdı,təbiət hər gün bir başqa gözəlliklə,səxavətlə canlılara gəl- gəl deyirdi,onları heyrətləndirirdi,sonsuz nemətlərini ,sonsuz səxavətini bəxş edirdi insanlara,dağlara-daşlara,otlara,çiçəklərə,quşlara,bülbüllərə,qumrulara...Bu günsə sanki onun üzü dönüb və belə acımasız olub...Nə oldu ...insanlar,quşlar,otlar,çiçəklər onu nəylə hirsləndirdilər? Bəs o...görən o nə etdi ki..Hikmət onu eləcə qoydu getd...qoydu getdi...Necə ki təbiət yaratdıqlarına qarşı acımasızdır,eləcə də Hikmət ona qarşı acımasız oldu.Acımasız qanunlar var, deyəsən, bu dünyada və bu acımasız,rəhmsiz qanunlar artıq ona,onun taleyinə də əl uzatdı-heç nə ilə hesablaşmayan acımasız,rəhmsiz qanunlar...Nədən qaynaqlanır bu qanunlar...kimlərin günahının bədəlini ödəyir yazıq insanlar,yazıq quşlar,yazıq otlar,yazıq çiçəklər...
Bir bax,Çobanlar Çeşməsinə;bulaq necə qəmli görünür,-suların səsi belə qəm-qüssə saçır,-sanki qəm şırıldayır-,daşlar belə bombozdur,-sanki kədərdən bozarıb.Hər şey bozarıb;çollər bozarıb,dağlar bozarıb,göylər bozarıb,yağışlar belə bozarıb,Günəşin rəngi də bozarıb.Təbiət sanki qəmə qərq olub,Özləm də qəmə qərq olub.Eləcə payız küləklərinə qoşulub çiçəklər,yarpaqlar kimi sovrulmağı gəlir.Hər şey kədərlidir,nə isə böyük bir kədər hiss edir,içində böyük bir ümüdsüzlük var, hər şeyin sona çatdığını hiss edir,sanki, hansısa amansız qüvvələrin ondan qisas alacağını hiss edir;o gəlməyəcək,ona geri dönməyəcək, onun böyük projeləri var,o heç bunu danmır da ,insanın həyatda bir məqsədi olduğunu vurğulayır,məqsədi üçün lazım gələrsə insanın başından keçməli olduğunu söyləyir.Belə olan surətdə Özlem üçün geri dönəcəkmi?
Doqquz ay az müddət deyil.Özləmi görməyəndən sonra ona qarşı məhəbbəti qalacaqmı? Gələn yay da proje ilə bağlı bir işi çıxsa o kəndə gəlməsə...Yəqin ki, elə belə də olacaq,o, indidən hər şeyi hiss edir.Hər şey bitdi,qurtardı...O getdi...O getdi...Həyat nə üçün birdən-birə belə acımasız oldu,Özləm böyüdü...
Bir bax böyümüş otlar,çiçəklər artıq solmuşlar,sovrulmuşlar...Bunlar çox dəhşətlidir,çox ağrılıdır...
Həyatın ilk acısını ən çox sevdiyi adam daddırdı ona,deyən,həyat elə belə qurulub,acıları sevdiklərimiz bəxş edir bizə .
Bir bax,quşlar necə qəmli civildəşir...çox qəml civildəşir...İnsanlar da belə qəmli civildəşirlər...Onun qəlbi də eləcə qəmlə sızıldayır... İndi artıq Çobanlar Çeşməsini gəzmək...gəzmək və ağlamaq düşüb payına.Ağlamaq və darıxmaq...
......
EĞRİBEL gizemli yer, serzeniş alabora;
ÇOBANLAR Çeşmesi’ni, aradım sora sora.
BİZİM HİKMET yazılmış, baktığım her duvara..
Sitem, naz, sarıçiçek; ballarında unuttum;
Sende geçen çağları, kollarında unuttum...
Bəzən insanlar bir-birinə qovuşmaq üçün yox,böyük acılar-ayrılıq acıları yaşamaq üçün rast gəlir ,bəlkə...
..... ..... .....
Hikmət bir də üç ildən sonra Şebinkarahisara dönə bildi.Döndügünde Özlemin ailəsi artıq Şebinkarahisardan köçmüşdü.Nənəsinin deməyinə görə, Özləm heç cür sakit olmurmuş, çox xəstəymiş.Həkim onu bu yerlərdən aparmağı, keçmişləri unutturmağı məsləhət bilib..Və onu da deyirdilər ki,Özləm buralardan gedəndən sonra da nədənsə sağalmayıb günü-gündən geri gedib və atasının ,nənəsinin ciddi –cəhdinə baxmayaraq dünyadan köçüb.Lakin atasından xahiş edib ki,bir də Şebinkarahisara dönməsin :nədənsə qız belə istəyib, .Qız istəyibsə bu atası üçün qanundur demək .
Dəstə dəstə oğlanlar,qızlar axışıb Hikmətin görüşünə gəlirdi.Şebinkarahisarda,nəinki Şebinkarahisarda,ona yaxın ellərdə də bir canlanma başlamışdı.Hamı gəlir öz təkliflərini ,fikirlərini irəli sürürdü.Artıq bir dəstə gənc yaxın şəhərlərə oxumağa göndərilmişdi.Kəndin içində özfəaliyyət dərnəyi,ədəbiyyat dərnəyi yaradılmışdı.Bir neçə gənc şairə fəxri adlar verilmişdi.Dağda çobanlar,bulaq başında qız-gəlinlər,məcsidlərdə ağsaqqallar ,məktəblərdə müəllimlər-hamı Hikmətdən-bu dağların öz doğma oğlundan danışırdı,onun bu xalq üçün,camaat üçün gördüyü misilsiz işlərdən,çəkdiyi ağır zəhmətdən bəhs edirdi.Hamıda həyat eşqi,yaşamaq həvəsi güclənmişdi;camaat adı dillərə dastan olan fındık ,tut, gilas ,alma yetişdirmək üçün can başla çalışırdı.Həyat öz axarı ilə davam edirdi,lakin...
Bütün bunlar çox sevindirirdi Hikməti.Artıq Şebinkarahisarın dirçəlişi yolunda addımlar atılırdı.Bu addımları mətin addımlarla o və Şebinkarahisar cavanları atırdı .Ətrafına yüzlərlə gənc toplamışdı və bu gənclər həm onun davamçıları,həm də Şebinkarahisarın ümüdü idi.Lakin...Özlem heç yadından çıxmırdıHikmətin,-qoruya bilmədiyi –dünyalar qədər sevdiyi körpə, nazlı bir çiçək.Haralardadır indi? Çox istəyir Hikmət sevincini onunla paylaşsın,onsuz keçirtdiyi bu illərin şirinli,acılı xatirələrini onunla bölüşsün,ona açsın dərdlərini,onu ortaq etsin sevinclərinə .İstəyir sevinclə ona desin:
.....
Boş geçmedim konuyu, gündem yaptım dertleri..
Kültür hazinemizin, öncü oldu mertleri.
Türkiye Sevdası kaynak, Cennet çiçek hediye..
’’ Bizim Sevdamız Bitmez ’’ söz Bizim Hikmet diye.
Lakin ...nə yazıq ki...belə deyir:
Aldığın suların izi var bende..
Işık ol, balık ol, geri gel derim.
Yeşil çevrecinin sözü var bende..
Mavi etrafında yeşil ol derim.
... ... ...
Bu da taleyin bir naxışıdır -kim taledən baş açıb ki..
Not:
Şu Yolların Çilesi isimli Şiirli Roman’da istifadə olunmuş şeirlər tanınmış Türk Şairi Hikmet Okuyar’ındır. Müellif Şiringül Musayeva
...........