O....
O
Tozlu-torpaqlı ,küləkli bir havada,səkinin kənarında dayanan, bu toz burulğanında cismən var ,ruhən isə yox birisi idi o .....
O, vaxtilə hay-haraylı, gənclər şəhəri kimi tanınan, keçmiş Sovetlər Birliyinin məşhur kimya sənayesi şəhərində dünyaya göz açmışdı.
Atası ona sevə-sevə Fateh adını qoymuşdu. İndi isə ağlı başında olanda adından utanırdı. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Həm də idmançı idi. İdmançı aaaa.... İndi onun bu səfil bədəninə baxan kimsə buna inanmazdı. Ancaq vaxtilə nəinki yaşadığı mikrorayonun hətta şəhərin ən yaraşıqlı gənclərindən idi. İndi isə üzündə hər növ əzabın nişanələrini daşıyırdı o. Vaxtilə Avrasiya çempionu idi. İndi isə 1-2 qram,,maldan" yaxud da tapsa idi yarım çetvert ,,ağdan" ötrü mənliyini, şərəfini, vicdanını, insanlığını belə satacaq tüfeyli birisi.... tüfeyli.. bəli o sırf tüfeyli birisi idi. Hər şeyini itirmiş tüfeyli.Bir zamanlar ad ilə tanınardı, indi isə o kimi tanınır. Əslində heç tanınmır da . Sadəcə həşərat kimi yaşayır və hər kəs də bir-birinə ,,ona bax" ,,o gəlir", ,,ona üz vermə", ,,ondan uzaq durun", ,,kül onun başına" kimi ifadələrlə onun sadəcə bir varlıq olduğunu bir-birinə anladırdılar. Bir vaxtlar ona ehtiram edən insanların kimisi təəssüflə, kimisi əda ilə, kimisi kinayə ilə,rişxəndlə onun yanından keçər, tək-tük adamlar ona salam verərdilər. Bu rişxənd edənlər axı ,,ağıllı" adamlar idilər. Onun kimi səfil deyildilər.
O, orta məktəbi bitirib 1994-cü ildə Texniki Universitetə qəbul olmuşdu,həm də çox yüksək balla. Atası mərhum Əhməd kişi oğlu ilə elə qürrələnərdi ki...
Yazıq kişinin bu sevinci, qürrələnməyi çox çəkmədi. iki il yarım sonra o Fatehin əməllərinə dözə bilməyib canını əzrayıla ,,əta elədi". 49 yaşında kişinin ürəyi partlamışdı, həm də elə partlamışdı ki ,,para-para" olmuşdu onun üzündən. 5 il sonra anası da dərddən ölmüşdü. Özündən başqa bircə qardaşı vardı . 2 yaş ondan böyükdü. Çox ağıllı və mədəni insan idi. Onun ,,dərdi" qardaşını da yıxdı. 2000-ci ildə onu Narkoloji Dispanserə yerləşdirib geri qayıdarkən fikirli olduğu üçün idarəetməni itirmiş və maşın yoldan çıxıb əks yolla hərəkət edən yüklə dolu ,,Kamaz" ın altına pərçimlənmişdi. Qardaşı Nəcib də ( Rəhmətlik həqiqətən də nəcib insan idi) beləcə haqqa qovuşmuşdu. Ailədə hər kəsin ,,başını yemişdi". Ancaq özü hələ sağ idi. Doğrudur, o bu həyatı sevərək seçməmişdi. Bir yanlışın qurbanı olmuşdu. Amma vaxtında qurtula bilərdi. Hamıdan gizlətmişdi bəlaya düçar olduğunu. Sonradan isə çox gec idi. Bəs bu narkomaniya illəti onu necə tapmışdı?
Hələ orta məktəbdə oxuduğu son 1 ildə yaxşı qəzəllər yazardı, bədahətən şeirlər deyərdi. O zamanlar yalnız Bakı və Abşeron toyları üçün ənənəvi olan meyxana sənəti vardı. Bir-iki,,dostu" bundakı qabiliyyəti görüb meyxana məclislərinə dəvət etmişdilər. Təbii ki valideyinlərindən gizli gedərdi elə məclislərə. Zamanla elə məclislərin məşhur adamına çevrildi.ilk fəlakəti məhz universitetə qəbul olduğu vaxtdan 6 ay keçəndən sonra başladı. Yaşadığı şəhərə bitişik qəsəbədə bir toy məclisində çox məşhur bir ,,ustad- meyxanaçı" ilə deyişməsi oldu. ,,fanatların " dediyi kimi ,,qan-qan" eləmişdi. Fasilədə siqaret çəkəndə ona da nəsə ,,fərqli bir siqaret" dadızdırdılar.
-Atam, narahat olmaginən. Təbün əla olacey deyə sısqa birisi canfəşanlıq edirdi.
Bu nə siqaret idisə onun halını yaman dəyişdirdi. Məclis yenə qızışmışdı. Bu dəfə o həmin məşhur ,,ustadı" bağladı. Alqış , fit sədaları çadırı bürümüşdü. Həmin gün əslində o öz həyatını bağlamışdı. Öz gəncliyini, vicdanını, şərəfini, adını buxovlamışdı. Həmin gündən sonra o artıq bu ,,sehirli siqaretin" əsiri oldu. Zamanla siqaret adiləşdi. Dərmanlara keçdi ,dərman adiləşdi, ,,toza" keçdi, iynəyə keçdi.
Universitetdən qovuldu. Beyin qurudu, ,,meyxana sənəti də öldü" sözlə tüğyan edən o, söz tapa bilmirdi. Beləcə az-çox qazanc yeri olan şənlik məclislərindən də uzaqlaşdı. Zəhərlənmək üçün ona-buna əl açmağa başladı. Həyatın amansız oyununda vicdanını uduzdu, heysiyyatını itirdi.
Bir vaxtlar Fateh idi,indi isə sadəcə o. O yazılışı sıfırın eynisi. O həyatını sıfır etmiş birisi. O hər şeyini itirmiş,uduzmuş, məhv olmuş sıfıra düşmüş o ......
Fərid Muradzadə
YORUMLAR
Henüz yorum yapılmamış.