Yaz;
Həyat başdan-başa təzadlarla doludur. Təzadlı həyat aytı-ayrılıqda hər kəsin hamıdan fərqli həyat hekayəsi, ömür yoludur.
Bu qəribə, təzadlı dünyada elə insanlar da dünyanın özü qədər fərqlidirlər. Kimi adil, kimi zalım, kimi aciz, kimi güclü,kimi şükran, kimi naşükür....
Xoş ətirli, ruhu oxşayan, könülləri dilləndirən Mart ayı idi.Hava olduqca gözəl keçirdi. Amma bu aya el arasında ,,Boz ay " da deyilir. Heç də əbəs yerə deyilməyibmiş. Axşama doğru başlayan şimal küləyi get-gedə gücləndi. Temperatur 10-12 dərəcə aşağı düşmüşdü. Qüdrət dostları ilə Bakının 8-ci kilometr adlanan ərazisində kütlə arasında ,,Vosmoyun bazarı" kimi tanınan böyük bir bazarın yaxınlığındakı xudmani, səliqəli bir kafedə çay süfrəsində əyləşmişdi. Çoxdan görüşməyən dostlar şirin-şirin söhbətləşirdilər. Söhbət etmək üçün kifayət qədər mövzu var idi. Amma nədənsə birdən-birə Qüdrətə bir sıxıntı gəlmişdi. Qəribə hisslər keçirirdi. Ancaq bunun nə olduğunu özü də bilmirdi.Ofisiant xanım arabir yaxınlaşıb nəsə lazım olacağını soruşurdu. Bu gənc qadın zahirən çox yaraşıqlı bir xanım idi. Ancaq həyat tərzi, işlədiyi mühit, gördüyü müxtəlif insan tipləri onu daxilən dəyişdirmişdi. Hərdən bayağı zarafatlar edir, ,,şirindilli" olmağa çalışırdı.Get-gedə Qüdrətin sıxıntısı artırdı. İndi neçə müddətdir görmədiyi dostları ilə söhbətləşmək belə cansıxıcı gəlirdi. Siqareti siqaretə calayırdı. Qapı açıldı içəri 4-5 gənc oğlan daxil oldu. Onlar da boş masalardan birinə yaxınlaşıb əyləşdilər. Gənclər nə haqqındasa ciddi mülahizələr yürüdürdülər. Az sonra qapı yenə açıldı. İçəri daxil olan adam Qüdrətin diqqətini cəlb etdi. Siqaret dumanında ortaboylu, sısqa, bir növ hürkək, aram addımlarla yeriyən bu adam niyə onun diqqətini anidən belə çəkmişdi, özü də bilmirdi. Amma Qüdrət onu nəzərləri ilə izləyirdi. Qarşı tərəflərdə boş masa olmadığı üçün adam onlara daha yaxın bir masaya yanaşdı.Adam çox ağır davranırdı.Nimdaş geyimi olsa da ancaq təmiz idi. O utancaq halda masada əyləşdi. Ona tərəf gələn bər-bəzəkli ,düşük həyat tərzi keçirdiyi üz-gözündən və geyimindən bəlli olan ofisiant qadın ağız büzərək geri döndü. Adamın sıxıldığı aydın görünürdü. Nəhayət o ayağa qalxıb Qüdrətgilin başına ,,fırlanan" yaraşıqlı ofisiant qadına yaxınlaşdı.
-Sizi bir dəqiqə olar?
Qadın onu zənnlə süzdü, ancaq bir söz demədən ona yaxınlaşdı.
-Eşidirəm!
O cibindən 1 ədəd yumurta çıxarıb qadına dedi:
-Bunu qaynadıb mənə verərsiniz? Bir də imkan varsa sadəcə turşu verin... Bu sözləri elə dedi ki deyilişindən xəcalət içində qovrulduğu açıq-aşkar bilinirdi. Qadın hələ də ona baxırdı. Bizdə icazə vetilmir,həm də turşu istə...
Qüdrətin səsi qadının sözünü kəsdi.
-Adam nə istəyir ver,çörək də gətir ,əlavə yemək də. Hesabı mən verəcəyəm!
Qardaş çox sağ olun, amma lazım deyil. Mənə sadəcə o yumurtanı bişirib versinlər, başqa heç nə istəmirəm. Qıpqırmızı qızarmışdı.
-Yox mən alıram,utanmayın.
-Var olun, amma istəmirəm. Mənə kömək etmək istəyirsinizsə deyin yalnız o yumurtanı bişirsinlər. Başqa heç nə istəmirəm.
-Qardaş, gəl heç olmasa bir çay iç.
Yox, təşəklür edirəm, bu üst-başla aranızda olmaq istəmirəm. Çox sağ olun.
Adam xəstəhal yerisə də ,ancaq nitqi səlis idi. Amma həya edib,utandığı əməlli-başlı hiss olunurdu. Sakitcə küncdəki masada əyləşdi. Üzü divara tərəf oturmuşdu. Az sonra ofisiant qadın 1 ədəd qaynadılmış yumurtanı və azacıq kələm turşusunu onun qarşısına qoyub getdi. Sıxıla-sıxıla yumurtanı soyub turşu ilə yavanlıq edərək yeməyə başladı. İlahi, bu bir ədəd yumurtanın yeyilməsi neçə dəqiqə çəkdi! Qüdrətə elə gəldi ki artıq yarım saat keçib. Lakin heç də elə deyildi. Xəcalətindən utanıb-qızararaq ,,yeməyini" yeyən bu adam da artıq qalxıb getmək istəyirdi.Qüdrət adamın gedəcəyini bilib dostları ilə sağollşdı. Kafenin həyətinə çıxan kimi gözləri onu axtardı. Budur o. Başını aşağı salıb,sanki çiynində dünyanın dərdini aparırmış kimi ağır-ağır addımıayırdı. Qüdrət onu hayladı. Adam geri dönüb ona baxdı. Allahım, bu nə baxışlar idi?!
Çuxura düşmüş gözlərin altında insan əzabının fərqli nişanələri görünürdü. Hələ yarımbükülü dizləri........ Elə bil bütün dünyanı ona yükləyiblər və bu arıq dizlər tonlarla yükə tab edə bilmir. Nimdaş, yaz-payız vaxtı geyiləcək nazik gödəkcənin içində tir-tir titrəyirdi. Ayaqqabısı və şalvarı da yay üçün idi.
Qardaş gəl gedək hara gedəcəksənsə maşınla aparım.
Sağ ol qardaş . Elə gedəcək bir yerim yoxdur. Burada qalıram.
Gəl əyləş maşında bir az qızın.
Duruxdu, oturmaq istəmirdi.
Qüdrət onu anladı. Narahat olma. Əyləş, indi maşının sobasını da yandıracağam. İsti getdikcə onun soyuqdan titrəyən bədənini qızdırırdı. Artıq rəngi düzəlmişdi. Nisbətən rahatlaşmışdı.
Qardaş, adın nədir? İndi mənə özün haqqında danış ,bəlkə bir köməyim dəyər. Harada yaşayırsan?
Eh....qardaş , adım Kamaldır. Göyçaydanam. Ailəm elə rayonda yaşayır. Ali təhsilliyəm. İki övladım var. Bir qız,bir oğlan. Qızımın 12,oğlumun isə 8 yaşı var. Bu hala düşməyimin isə başqa bir tarixçəsi var, deyib başına gələnləri danışmağa başladı.
2002-ci ildə unviversiteti bitirən Kamal ixtisas üzrə iş tapa bilmirdi. O vaxtlar ixtisas üzrə iş tapmaq olduqca çətin idi. Bir az düşünüb -daşındıqdan sonra rayonda kiçik biznes işi ilə məşğul olmağa qərar verdi. Əvvəl-əvvəl həyət -bacanın məhsullarından satmağa başladı.Əlində azacıq maya tutduqdan sonra isə oturaq ticarətə keçdi. Kamal çox ailəcanlı cavan idi. Tay-tuşlarından fərqli olaraq əyləncələrə meylli deyildi. Zəhmətlə qazandığı pulların qədrini bilirdi. Yersiz heç nəyə pul xərcləməzdi. Qəpik-qəpik topladığı pulları öz biznesinə yatırardı. İşləri pis getmirdi. Ata-anası da evin yeganə oğlunu evləndirmək barədə söz salanda o həmişə deyərdi ki hələ vaxt deyil. Ticarətə başladığı vaxtdan 2 il ötmüşdü. Bu iki il ərzində Kamal bacısını da köçürmüşdü. Qızın bütün cehizlərini onun istədiyi yerlərdən almışdı.İndi də böyük evlərini təmir etdirirdi. Başı bərk qarışmışdı.Günlərin bir günü qonşu kənddən olan uşaqlıq dostu Şahmar Kamalın işlədiyi bazara gəldi. Dostlar xeyli söhbətləşdilər. Şahmarın əyin-başından, danışığından, maşınından onun yaxşı yaşadığı bilinirdi. Kamal Şahmarı da götürüb evlərinə aparmaq niyyətində idi. Lakin Şahmar işi olduğunu deyib getdi. O gündən Şahmar Kamalla tez-tez əlaqə saxlamağa başladı.Yazın sonları idi. Artıq bazar bağlanırdı. Kamal da getməyə hazırlaşırdı. Birdən kiminsə ,,biznesmen ,hara qaçırsan" deməsi onu durdurdu. Şahmar idi. Görüşdülər.
Evə gedirsən?
Bəli.
Nə var e evdə. Gəl bir çay içək.
O nə sözdür,Şahmar. Mən hazır.
Bazardan çıxdılar. Keç əyləş deyib Şahmar maşına işarə etdi.
Maşını dəyişmisən?
Hə, 2005 cü ilin maşınıdır, necədir?
Sağlığına qismət.Xeyrin görəsən.
Bəs sən niyə bir maşın almırsan?
Hələ ki maddi durum buna imkan vermir.
Verməz də, qardaşım. Bu rayon yerində nə qazanacaqsan ki?!
Neyləyim? Naşükür deyiləm. Heç kimdən asılılığım yoxdur.
Əyləşək, söhbət edərik.
Həmin gün Şahmar şəhər həyatından dürlü-dürlü təsvirlər etməyə başladı.
Kafedən çıxanda isə dedi:
Nə zaman istəsən əlaqə saxla! Sənə kömək edərəm.
Şahmarın telefonu çağırırdı. Bir dəqiqə ,deyib kənara çəkildi.
Uzun uzadı danışdılar. Geri dönüb üzrxahlıq etdi. Kamal, bağışla mən təcili Bakıya qayıtmalıyam.
Yolboyu Kamal Şahmarın dediklərini götür-qoy edirdi. Lakin hələ ki normal bir nəticə çıxara bilmədi. Onun danışdıqlarından yalnız maşın Kamala maraqlı göründü. Beləcə bir il də keçdi. Kamal gücü çatan bir VAZ 21-07 markalı maşın aldı. Artıq nişanlanmışdı.Yaxında toyu olacaqdı. Yenə Şahmar yadına düşdü. Düzdür onunla bir-neçə dəfə əlaqə saxlamağa çalışmışdı ,lakin Şahmara zəng çatmırdı. Beləcə 12il də keçdi. Artıq iki övladı vardı. Qızının ayağında problemi vardı deyə onun əməliyyatı üçün bütün pullarını xərcləmişdi. İşə gedə bilmədiyi ,həm də pulları xərclədiyi üçün bekar qalmışdı.Ümidi maşına qalmışdı.Onu satıb yenidən işə başlamaq niyyətində idi. Günlərin bir günü yenə Şahmar qəfil getdiyi kimi qəfil də gəldi. İndi ən son model CİP LEXUS sürürdü. Kamal, məni üzrlü say. O gecə biznes işlərimlə əlaqədar olaraq birbaşa Rusiyaya getdim. Başım bərk qarışıqdır. İndi şərikimlə Rusiyada böyük bir otel tikdiririk. Nə qədər pulum var hamısını ora qoymuşam. Bakıya da bir iş görüşməsinə gəlmişdim. Elə sənə də baş çəkim dedim.Kənddə eşitdim ki probleminiz varmış. Sənə məsləhətim budur ki gedək Bakıya. Bir obyekt var. Təşkil edim 5-6 ay işlət, sonra səni Rusiyaya öz yanıma aparacağam. Təhsilli,mədəni oğlansan. Bizə lazım olacaqsan. Əlində pul olsun amma. Kamal hər şeyi Şahmara danışdı. Yekunda razılaşdılar. Həftə sonu Kamalın maşınını Bakıda maşın bazarında 4000 azn ə satdılar. Axşamüstü otelə yerləşdilər. Kamal duş almaq üçün hamama keçdi. Az sonra telefon zəng çaldı. Bu Şahmarın telefonu idi. Ay Kamal, müəllim gəlib aşağıdadır. Pulu istəyir.
Şahmar, cibimdədir. Götür. Mən də gəlirəm!
Oldu. Aşağıda gözləyirəm.
30 dəqiqə sonra aşağı düşən Kamal dostunu tapmadı. Zəng etdi.amma təəssüf ..... Şahmara zəng çatmırdı. Tez özünü resepsiona çatdırdı. Orada eşitdiklərindən sonra şoka düşmüşdü. Oteli də Kamalın adına bron etdirmişdilər. Şahmar üzünü də kameralardan yaxşı gizlətmişdi. Heç bir kameraya düşməmişdi. Dəli olmaq həddinə çatırdı. Çantasında olan 150 azn pulu da otelə ödəyib səhər oradan çıxdı. İndi geri qayıtmağa pulu da yox idi. Axşama qədər küçələri gəzib dolandı. Dünən günorta yediyinin üstündə idi. Başı fırlanırdı. İş üçün bir-iki yerə müraciət etsə də heç nə alınmadı. 8 ci kilometr bazarının ağzında çarəsiz dayanmışdı.Araba çəkən bir nəfər səhərdən ona göz qoyurdu. Yaxınlaşıb hardan olduğunu soruşdu. Kamal başına gələnləri ona danışdı. Adam ona məsləhət gördü ki araba alıb fəhləlik etsin. Araba almağa pulu olmadığı üçün kirayələməli oldu. Beləcə Kamalın bazarda fəhlə həyatı başladı.Əvvəl-əvvəl çox çətin oldu. Çünki həm utancaq, həm səriştəsiz, həm də təzə olduğu üçün arabaçılar da imkan vermirdilər. Bəzən günlərlə bazara borclu qaldı. Sonra ona bu işi məsləhət bilən kişi arabaçıları çağırıb onlara Kamalın hekayəsini danışdı. Onlar da qismən də olsa Kamalın da işləməsinə şərait yaratdılar. Ancaq arabaya görə bazara borcu hələ də vardı. İndi o birtəhər ailəsinə pul göndərirdi. Araba borcunu isə hissə-hissə ödəyirdi. Günlərin bir günü arabaçılardan biri ona dedi ki sənin bir fırıldaq yerlin varmış. Qumar borcuna görə Rusiyada öldürüblər. Mənim əmim oğluna da 300.000 rubl atıbmış. Şəklini istədim, göndərdi. Bəlkə elə səni də aldadan bu imiş. Şəkli görəndə Kamalın başı fırlandı. Odur! dedi. Sən demə onun dost bildiyi Şahmar məşhur qumarbaz imiş. Son dövrlərdə qumar borcları çoxaldığı üçün dost-tanışa kələk gəlirmiş. Bu da axırı.....
Hə qardaş , mənim həyat hekayəm də budur deyə Kamal Qüdrətə sarı döndü.
Nə qədər borcun qalıb?
Bazara 135 azn .
Gözlə! Qüdrət ard-arda 7-8 nəfərə zəng edib danışdı.Üzündən məmnun görünürdü. Telefonun var? Bir nömrə dedi.Qüdrət yazdı. Mütləq əlaqə saxlayacağam.
Onu qaldığı yerə qədər maşınla gətirib sağollaşaraq getdi. Səhəri bazar günü idi. Qüdrət dostları ilə görüşüb topladıqları pulları götürdü. Özü də lazımi məbləğı əlavə edərək saydı. 420 azn vardı. Sevincək zəng etdi. Danışdılar. Qüdrət danışdıqları yerə çatdı. O da gəlmişdi.Əvvəlcə gedib araba borcunu ödədilər. Sonra onu bərbərə, oradan da hamama apardı. Daha sonra da əyin -baş aldı. Pulun qalanını isə ailəsinə göndərmək üçün ona verdi.
Kamal ,sənin üçün dostlarla birgə Kubinka deyilən ərazidə bir ev kirayələdik. Narahat olma, bir də biz sənin rayonda yenidən öz meyvə ticarətinə başlaman üçün lazım olan məbləği dostlarla 2 ay ərzində düzəldib sənə verəcəyik.
Qardaş....
Kamal ,narahat olma .
Kamal göz, yaşlarına boğulmuşdu, deməyə söz tapa bilmirdi. Sizin kimi qəlbi gözəl insanlara nə deyəcəyimi necə təşəkkür edəcəyimi bilmirəm!
Qardaş, mənə deyil,Allaha şükür et. İbadətə başla.Inşallah hər şey yaxşı olacaq.Heç ürəyini sıxma. Hələlik,yenə görüşəcəyik. Nə lazımdırsa ,gücümüz çatandan kömək etməyə hazırıq.
İndi dünəndən ürəyinə hakim olan sıxıntı artıq Qüdrəti tərk edirdi. Qəlbi rahatlaşmışdı. Bir insana dəstək olmağı bacarmışdılar .
Kamal isə Qüdrətin onun telefon nömrəsinin balansına yüklədiyi 10 azn ə düşən dəqiqələri ailəsi ilə danışırdı. O sevinclə hər şeyi anladırdı. Həm yoldaşı, həm də özü sevincdən uşaq kimi ağlayırdılar.
İkicə aydan sonra o yenə sevimli ailəsi ilə birlikdə olacaqdı. Danışığını bitirdikdən sonra məscidə getməyə qərar verdi. Allah ona dar ayaqda bu imanlı insanların vasitəsilə yardım etmişdi. İndi növbə Kamalın idi. Yaradana təşəkkür etmək ,ona daim yaxın olmaq üçün məscidə gedib ibadətə başlayacaq, Allahla Allahın evində ona layiq şəkildə həmsöhbət olacaq, dualar qılacaqdı. Ardına baxmadan qaçaraq gedirdi.
Fərid Muradzadə