- 506 Okunma
- 0 Yorum
- 0 Beğeni
HEKAYƏ
MƏNİM GÜNAHIM
Əyilməyən qürurlar sınmaq istəməyən xəyalların qatilləridir.
Ağrılar çoxalmağa başlamışdı.Ölüm Zəfərin damarlarında dolaşır,bədəninin hər zərrəsini zəbt etməyə çalışırdı.Soyuq divar küncündə büzüşüb qalmış bu gənc dünyadan qopmuş,heç kəsin fərqinə varmadığı bir qaranlığa düşmüşdü.Qarışıq xəyallar və görüntülər onun gözlərinin önündən film kimi gəlib keçirdi.Qulağına tanış səslər gəlirdi.Təpədən dırnağa bədənində var-gəl edən sızıltı bu xəyalları iti bıçaq kimi doğrayırdı.
Zəfər məktəbdən sevinə-sevinə evə gəlmişdi.Sinifdə keçirilən bütün summativ qiymərləndirmələri,rüblük qiymətləri hamısı əla olduğuna görə bu gün onu Fikrət müəllim sinif yoldaşlarının içində tərifləmiş,hamı onu alqışlamışdı.Hətta qürurla sinəsinə sıxdığı çantasında gətirdiyi, valideynlərinə göndərilmiş təşəkkür məktubunu çatdırmaq üçün səbrsizlənir,az qalırdı qanad açıb uçsun.Həyətə girəndə onun arzularını,xəyallarını,sevincini üzündə əbədi donduran o mənzərə ilə qarşılaşdı.Anası pilləkənlərdə oturub ağlayırdı.Saçları dağılmış,üzündə,qollarında göy izlər vardı.Burnundan qan axırdı.Zəfəri görcək əlləri ilə üzünü tutub hönkürdü.Atasının hirslə dolu bağırtısı onun ruhunu silkələmişdi.Ilk dəfə boşayıram sözünü demişdi o gün.Anası ilk dəfə belə dəhşət içində idi.Bacısı qorxudan kağız kimi ağarıb stolun altında gizlənmişdi.Evin içində nənəsinin qarğışları Zəfərin qulağını cırmaqlayırdı.Bugün ilklər günü idi sanki .Axı Zəfər uzun müddət çalışıb bütün qiymətlərini düzəltmiş,hətta tərifnamə almışdı.Indi nə olacaqdı?Uşaq xəyallarında sağalmaz yara vuran bu dəhşətin içərisində atasını başqa qadınla görürdü sanki.Qadın ona baxıb ağzını büzürdü.Anası gözə dəymirdi.Bacısının əlindən tutub sürükləyən əyyaş görkəmli kişinin üstünə cummaq istədi.Dumanlı fikirlər onu boğurdu.Anasının səsini eşitdi sanki.Xəyalları yaz küləyinin qovduğu buludlar kimi dağılıb uzaqlaşdı.Heç kəs onu çağırmırdı.Hər kəs öz qırılan qürurunun ,yerə düşən sözünün,itən zəhmətinin ölüsünü ağlayırdı.Zəfər özünü küçəyə necə atdığını hiss etmədi.Ilk dəfə idi o hara gedəcəyini bilmədən küçəyə qaçırdı.Evlərindən iki yüz metr aralıda yerləşən mağazanın arxasındakı zibil qutularının arasında iki oğlan siqaret çəkirdi.Zəfər Aydını tanıdı.Aydının atası o kiçik olanda anasını atıb getmişdi.Anası işlədiyi üçün nənəsiylə qalırdı.Zəfərdən bir sinif yuxarı oxuyurdu.Amma heç məktəbə getmirdi.Hərdənbir gəlsə belə dərslərdən qaçırdı.Aydın əlindəki siqareti Zəfərə uzatdı.
-Qorxma,al çək!
Zəfər bir anda heç vaxt siqaret çəkməməsi ilə öyünən ,davranışları həmişə nümunə olan atasını,bədəni göyərmiş,qanlı üzünü əlləri ilə örtən anasını xatırladı.Atası ilə qürur duyan oğlan indi onu cəzalandırmaq istədi.Siqareti alıb tüstünü ciyərlərinə çəkdi.Üst- başı çirkli olan tanımadığı oğlan Aydına göz vurdu.
-Deyirdin tərbiyəli ailədəndi hə?Heç vaxt bizə qoşulmaz.Aydın özü də çaşıb qalmışdı.Tüstü Zəfəri boğurdu.Dəfələrlə öskürərək özünə gəldi.O ilk siqaretini bugün çəkdi.Ilk üsyanını ,ilkgünahını,arzularının uçub dağılmasını bu gün yaşadı.Evə qayıdanda anasının çantalarını yığıb qapıda dayandığını gördü.Bacısı anasının əlindən tutmuşdu.Zəfər anasının yanına qaçdı.Atasının -Oğlum mənimlə qalacaq -sözünü eşidəndə onları ayıracaqlarını dərk etdi.Anası onu buraxmaq istəmirdi.Atası onu çəkib otağa atdı və qapını bağladı.
Yaxınlarda ayaq səsləri eşidilirdi.Bir anda xəyallar silinib yox oldu.Yenə ağrılar və soyuq,bir də naməlum səslər qalmışdı.Ayağı yaralı bir it ağzında gəzdirdiyi bir şeyi qoymağa yer axtarırdı.Zəfəri görüb duruxdu.Mirıldadı.Insanın tərpənəcək gücdə olmadığını görüb uzaq küncə sıxılıb ağzındakı balasını yerə qoydu.Bədəni ilə onu isitməyə çalışırdı.Zəfər bu kiçik heyvan balasını qısqanmış kimi acı -acı gülümsünməyə çalışdı.Ağrılardan əyilən sifətinin buna gücü çatmadı.
Xəyallar yenidən canlanmağa başlayırdı.Zəfər artıq böyümüşdü.Dərslərdən qaçır,siqaret çəkir,hərdən avara uşaqlara qoşulub oğurluq edirdi.Atası evlənmişdi.Zəfər nənəsi ilə qalırdı.Analığı onu,Zəfər də hər ikisini görmək istəmirdi.Anası dəfələrlə gəlsə də nənəsi onu verməmişdi.Bacısını 14 yaşında zorla qaçırmışdılar .Zəfər kimin daha çox bədbəxt olduğunu düşünə bilmirdi.Özümü,ya bacısımı?Yoxsa anasımı?Artıq Aydın naməlum həblər gətirməyə başlamışdı.Əvvəl pulsuz verilən həblərin pulunu ödəmək üçün yollar tükənmişdi.Bu yolun sonunun uçurum olduğunu və geri qayıtmağa yol olmadığını anlamağa başlayırdı.Bəs necə olsun?Yığılıb qalmış borclardan,həb qəbul etməyəndə tükənməz ağrılardan necə qurtulsun?Həmin gün Aydına pul yeri elədiyini,sabaha gətirəcəyini və bir neçə yeni oğlan üçün həb istədiyini dedi.Aydın onun ovucuna bir paket sıxışdırıb :-Sabah pulu gətirməsən öldün-deyərək uzaqlaşdı.Zəfər diriykən gömüldüyü məzarına,bu tənha xaraba həyətin divararasına girdi.Həbləri ağzına doldurdu.Bu gün o heç kimi yox,artıq özünü cəzalandırırdı.Güclü ola bilmədiyi üçün,pis yoldaşları üçün,bacısını qoruya bilmədiyin görə özünü cəzalandırırdı.
Gözünün qabağında bir qız dayanmışdı.Hərdən uzaq,hərdən yaxın görünən bu qızın uzun ağ libası yerə toxunurdu.Qara buruq saçları,gecə kimi qara və soyuq gözləri şirin təbəssümünə yaraşırdı.Bu anası deyildi.Bacısı da deyildi.Onlar artıq gülməyi çoxdan unutmuşdular.Bu xəyalındakı,görmədiyi sevgilisi də deyildi.Onu xoşbəxt edə bilməyəcəyi üçün Zəfərə belə gülümsünməzdi.Artıq bədənini hiss etmirdi.Qız əlini Zəfərə uzatdı.Bu özü üçün edə bilmədiyi günahlarının ,edə bilməyəcəyi yaxşılıqlarının mükafatı idi.
YORUMLAR
Henüz yorum yapılmamış.