- 844 Okunma
- 0 Yorum
- 0 Beğeni
AZƏRBAYCAN ƏDƏBIYYATINDA NƏZİRƏÇİLİK VƏ TƏXMİS
Gənc və bacarıqlı jurnalist dostum Mahmud Əyyublunun nəzirəçiliklə bağlı paylaşımları maraq doğurur. Ona, çox sağ ol deyirəm. Şerə nəzirə yazmağın bir növü də təxmis adlanır. Belə şer növləri klassik ədəbiyyatımızda daha çox işlənmişdir. Görkəmli Azərbaycan şairləri bu sahədə gözəl sənət nümunələri yaratmışlar. Bu da Azərbaycan ədəbiyyatında yeni inkişaf mərhələlərinə yol açmışdır. Məsələn, böyük FÜZULİ özündən əvvəlki şairlərə nəzirələr və təxmislər yazdığı kimi, onun şerlərinə də sonrakı dövrlərdə bir çox şairlər nəzirə və təxmislər yazmışlar.
Məlumdur ki, klassik Azərbaycan ədəbiyyatında "Leyli və Məcnun " mövzusunu ilk dəfə dahi Nizami işləmişdir. Sonralar bu mövzu geniş vüsət qazanmış, bir çox şərq şairləri ona nəzirələr yaşmışdır. Onlardan biri də Füzulidir ki, onun "Leyli və Məcnun"u bu mövzuda yazılmış bütün əsərlərin fövqünə çıxmış və dünya şöhrəti qazanmışdır. Belə misalları çox çəkmək olar. Görünən budur ki, nəzirəçilik ədəbiyyatda çox lazımlı və mühüm əhəmiyyət kəsb edən bir işdir.
XIX əsrin görkəmli sufi şairi, farsca və türkcə iki böyük divan, " Nigarnamə ", " Çaynamə " və s. Kimi poemaların müəllifi Seyyid Mir Həmzə Nigari də türkcə divanında Füzulinin beş qəzəlinə təxmis yazmışdır. Bundan başqa Nigarinin Füzuli, Xətai və s. Kimi şairlərin bir çox qəzəllərinə yazdığı nəzirələr tez-tez gözə çarpır. Nigarinin farsca divanında da Hafizin qəzəllərinə bir neçə təxmis və nəzirələri vardır. Hər iki divanı və poemaları şairin sağlığında nəşr olunmuşdur. Bu nəşrlər külliyyatının orijinal nüsxələri mənim şəxsi arxivimdə qorunur. Onun Füzuli qəzəlinə yazdığı bir təxmisi nəzərinizə çatdırıram :
Eu sənəm, ləlin şərabı beyməqal eylər məni,
Çeşmi xumarın müdamı laübal eylər məni,
Surətinlə heyrətim gör kim, nə hal eylər məni.
Heyrət ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən surət xəyal eylər məni.
Görmədim aləmdə ey məh, mehrsiz bir səncə kim,
Yoxdur əmma kim cəfavü cövrün çəkən bir məncə kim,
Kimsə ey mahitab, qılmaz tab böylə rəncə kim.
Mehr salmazsan mənə, rəhm eyləməzsən munca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Varımı sərf eylədim mehrin yolunda ey bəgim,
Görmədim rüxsarın, amma neyləyim, qanlar töküm,
Vüslətin düşvardır bey pərdə kim, yox şəkkim.
Zə’fi-tale mane tövfiq olur hər necə kim,
İltifatın arizumənd vüsal eylər məni.
Şahsuvara, görmədim kuyin səməndim böylə kim,
Dərd çox, bir yox ki ta ma fizzamir söyləyim,
Çək ənanın müxtəsər əhvalımı şərh eyləyim.
Mən gəda, sən şaha yar olmaq yox, amma neyləyim,
Arzuyi-sərkəşteyi-fikri mühal eylər məni.
Arizin kəşf eyləmə kim, canıma dağlar çəkər,
Qaşların oynatma kim, sinəm oyar, bağrım sökər,
Navəkin titrətmə kim, köksümdə peykanlar əkər.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər,
Əqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Bəxş qılmış bəxti-canım canistanlar eşqinə,
Dövr sərf etmiş dilbərim şirin zəbanlar eşqinə,
Varımı vermiş fələk mehri bətanlar eşqinə.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri xəttü-xal eylər məni.
Ey Nigari, rəhnümunumdur sadiqi-eşq kim,
Qılmışam tey daməni fəcci-əmiqi-eşq kim,
Etməzəm kəm caddeyi rahi-həqiqi eşq kim.
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili əhli kəmal eylər məni.
Bu şerin ilk bəndinə nəzər yetirdikdə XVI və XIX əsr filosof şairlərini heyrətə salan obyekt XXI əsr filosoflarını da heyrətləndirməyə bilmir. Bu başqa mövzudur. Ancaq hər iki müxtəlif zamanın şairlərinin yaratdığı bu inci ilk baxışda bir qələmdən çıxdığı təsiri bağışlayır və adamı doğrudan da heyrətə salır. Şerdə təsvir olunan obyekt hz. Məhəmməd peyğəmbərdir ki, onun möcüzəli həyatı bu gün də özünə maraq doğurur, gələcəkdə də bu maraq çox güclü olacaq və qiyamətə qədər də beləcə davam edəcək.
Bizim məqsədimiz isə poeziyada nəzirəçiliyin və təxmisçiliyin inkişafının ədəbiyyatımıza qazandırdığı dəyərləri aşağılamaq yox, onu təqdir və inkişaf etdirməkdir. Demək olar ki, bütün şərq şairləri bu ənənəyə sadiq qalmış, bir-birlərinin yaradıcılığına hörmətlə yanaşmış, gözəl nəzirələr və təxmislər yazmaqla şərq ədəbiyyatını zənginləşdirmiş və dünya şöhrəti qazanmışlar.
Klassiklərimizin bir-birinə olan bu cür gözəl münasibəti bizlərə də həvəs və ruh verir. Nigarinin bir neçə qəzəlinə mən də təxmis yazmışam. Birini siz diqqətli oxucuların ixtiyarına verirəm və arzu edirəm ki, şair dostlarım bu gözəl ənənəyə biganə qalmasınlar.
TAMAŞA QIL
Ey könül nəzər eylə, ol yara tamaşa qıl,
Aləmin ziynətinə, bir vara tamaşa qıl,
Dön lütfü-ilahiyə bax, kara tamaşa qıl.
Ey didə, açılmış gül, gülzara tamaşa qıl,
Seyr eylə çəmənzara, əzhara tamaşa qıl.
Baği-eşq içrə açıb qönçə, naz eylər ol gül,
Tutub cahan mülkünü sədayi-xoşxan bülbül,
Zəmanə içrə yoxdur edə bir böylə qülqül.
Şahanə bəzənmiş gülü-gülzara yürü ey dil,
Şahnamə oxur bülbül, göftara tamaşa qıl.
Bir nəzər eyləməsə dəmadəm min ah eylə,
Zikri-şirinkarı ki, hər şamü-sabah eylə,
Ol yari-vəfadarı görməyə tamah eylə.
Sərvü-səhi dildarı mənzur nigah eylə,
Seyr eylə, xuramanə rəftara, tamaşa qıl.
Cami-eşqi bilməyən qəlbi daşdan da qatı,
Tutmaz təriqi-sevda, yoxdur onun ki zatı,
Görmək istərsən əgər yarı, keçib siratı.
Gəl meykədeyi-mehrə, gör əhli-xərabatı,
Sərməsti-qədəhbaza, meyxara tamaşa qıl.
Tutub rahi-əğyarı, salma özünü vaya,
Düşüb iblis toruna, aldanma hər huyi-haya,
Cahan olmuşmu rahət bir dəm ondan aya.
Meyl eyləmə dünyaya, vermə nəzər ədnaya,
Bax dilbəri-zibaya, rüxsara tamaşa qıl.
Olmaz ki bir can alan neçə əhli-zişt içrə,
Dolaşma boş yerə kim, bu kəbiri-dəşt içrə,
Çəkəsən zəhmət əgər, yarsız nola kişt içrə?
Ey dil, bu gün ol aşiqi-fərdayi behişt içrə,
Dildari-dilaraya, didara tamaşa qıl.
Düşüb eşq içrə, tutdum ustad gövhərbarini,
Görmək istərsən əgər sən də könül yarini,
Gəl ara dəhr içində Əflatun dil-zarini.
Səhrayi-təvəllada gör Miri Nigarini,
Rüsvayi-cünunkara, bey ara tamaşa qıl.
Məlumdur ki, təxmis də nəzirənin bir növüdür. Fərqi ondadır ki, şair özündən əvvəl yazılmış qəzəlin hər beytinə uyğun olaraq üç misra da əlavə edərək onu beş misraya çatdırır. Nəzirə isə bir şerə bənzətmə olaraq, eyni ruhda tamam başqa bir şerdir. Bu, başqasının fikrini zəbt eləmək deyil. ondan ilhamlanmaqdır.
Əflatun Hüseynoğlu Borçalı
Şair - publisist
YORUMLAR
Henüz yorum yapılmamış.