- 518 Okunma
- 0 Yorum
- 0 Beğeni
Halk-bizik
Bu günlərdə bir adamın, sözlü adamın, söz yazan adamın kasıb adamlar barədə sərgilədiyi münasibəti oxumalı oldum…
Ağıllımız budursa…
Yadıma köhnə, çap olunmamış bir yazım düşdü, yaddaşımı qurdaladım, təxminən beləydi: “Biz düzələn deyilik”…
Taniş söhbətdir, hər çıxılmazlığın sonunda deyirik.
Belə çıxır ki, hamı əlini bu cəmiyyətdən, dostundan, qardaşından, bacısından, oğlundan, qızından, anasından, atasından... üzüb.
Amma mənzərə başqadır.
Hamı bunu başqaları haqqında deyir, məhz o başqaları! Ay sizi başqaları, hər şeyə görə siz günahkarsınız! Biz, məhz biz, bizim ətrafımız, bizim dəstəmiz, bizim ailəmiz, “bizimkilər” ən savadlısı, ədalətlisi, uzaqgörəni, ən yaxşısıdır. Bizim olanlar “ƏN”-dir...
Hamı qınamaqla məşğuldur... Ən yaxşı halda qınamaqla. Bəzən təhqirə də keçirik…
Parlamenti vətəndaşı düşünməməkdə qınayırıq, məmurları qudurğanlıqda, həkimləri vicdansızlıqda... Jurnalistləri qeyri-peşəkarlıqda… Söz sahiblərini haqqın yanında olmamaqda... Hələ müəllimlər… Bax, bu başqa dərddir, müəllimi bu gün nələrdə günahlandırmırıq ki? Karuseldə, savadsızlıqda, məsuliyyətsizlikdə, satqınlıqda... Bir az böyük düşünsək, xalq olaraq etiraz ruhumuzun olmamasında, yüngülcə üstündən keçsək, qorxaqlıqda, “bir tikə çörəyə görə” nakişilikdə...
Amma həqiqət dəyişmir - bu “başqaları”dır... Biz belə deyilik, biz bu deyilik...
Bu ölkənin üzdə olan, tanınan, səsi eşidilən, yazdıqları oxunan qələm adamları qəribə suallara cavab tapmaq istəyirlər...
Xalq özünü aparammır… Onlar belə düşünürlər.
Bəs xalq hardadır? Nə edir xalq? Harda ölür, harda qalır, harda, necə yaşayır?
Xalqdan əlimizi üzüb onu təkləmişik. Bəli, təkləmişik, onları meydanlarda da, zindanlarda da, xəstə yataqlarında da, qul bazarlarında da, məmur qapılarında da, televiziyalarda da tək qoymuşuq. Nə olsun ki, arabir nəsə yazırıq? Yazırıq, çünki gündəm tələb edir, qonorar alırıq, üzdə görünürük.
Bizim üçün o “düzəlməyən xalq” “başqaları”dır... Biz deyilik... Biz onlara yuxarıdan aşağı baxırıq, onlar “20 Yanvar”da manat dilənirlər, onlar nəşi tapılmayan neftçiləri basıb atəşfəşanlığa gedirlər, Aprel şəhidlərini unudub kef edirlər, dünyadan xəbərsizdirlər, onlar bayağı musiqilərə qulaq asır, hansısa təriqətə qoşulur, avtobusda sıxlıq yaradır, ucuz ətirlərlə kefimizi pozur, onlar tər iyi verirlər... Zövqsüz və ucuz paltarlar geyinir, öz çirkli palçıqlı ayaqqabılarıyla bahalı dükanların qabağından keçməyə cəsarət edirlər... Bəzən öz səs-küylü uşaqlarıyla qlamur restaranların qapısı ağzında görünüb itirlər.
Onlar kitab oxumurlar... Onlar tamaşaya, teatra getmirlər, onlar simfonik orkestrin konsertində iştirak etmirlər... Onlar avtobuslarda “Bu şəhərdə”yə baxırlar, hərəsi bir “vanna alıb” düşüb ölkənin canına, o vannlarda düşük musiqilər səsləndirirlər. Nə qədər səviyyəsizdirlər! Səhərdən axşamacan pirştaxta arxasında dayanır, küçə-küçə düşüb mallarını zorla bizə sırımağa, qolumuzdan çəkişdirib taksilərinə oturtmağa çalışırlar... Onlar kələk gəlir, çörəyimizə bais olur, satqınlıq edir, özlərini apara bilmirlər. İlahi! Onlar necə də bizdən deyillər! Bacarmırıq biz bunlarla, bacarmırıq! Axı bu nə dərddir? Nə edək biz?..
Düzmü deyirəm, cənablar?
Bəzən bizə elə gəlir ki, xalqa gülməyə haqqımız çatır, biz bunu bacarırıq. Bir xaliqələr yaradırıq, “onlar-başqaları” əlimizi-qolumuzu soyudur. Yoxsa nələr etməzdik? Bu xalq üçün, bəli, məhz bu xalq üçün... Dəyməz. Əvəzində “heç nəyə dəyməz” dediyimiz xalqdan hər şey umuruq. Umuruq ki, bizi saysın, toyuna bahalı və banal müğənnilər gətirməsin, düşük televiziya verlişlərinə baxmasın, manqallı şəkillər paylaşmasın, qır-qızıl üçün ailə dağıtmasın, tində dayanıb “anamıza-bacımıza” söz atmasın, içib sayıqlamasın, çəkib yıxılmasın, tüpürüb iyrəndirməsin, atıb zibilləməsin, öldürüb kefimizi pozmasın... Biz xalqı özümüzdən aşağıda görürük, yaxşı halda umuruq, pis halda tələb edirik...
Biz ortada qalmışıq. Qapı arasında qalmışıq. Nə ondanıq, nə bundan... Yuxarılarda deyilik, aşağılardan nifrət edəcək dərəcədə qorxur, sevəcək dərəcədə küsürük. Biz “onlar oxumurlar” deyirik, onlar üçün yazdığımızı deyirik, amma onların bizdən xəbərsiz olduğunu, necə olub xəbərsiz olduğunu düşünmürük. Onlara çatmağımız lazımdır, onları tanımamız, onların bizi tanımasını bacarmağımız lazımdır. Bir ovucuq, özümüz yazıb özümüz oxumağımızdan şikayət edirik, bir də az sayda xilas olmağa ümidi olan yeni gələnlərə arxalanırıq. Amma onların sayı arta bilər, onlar çoxdurlar, onlar varlar, onlar da bizi axtarırlar. Biz bir-birimizə lazımıq... Biz istəsək, körpü ola biləcəyimizi unutmuşuq, amma nəsə edə bilərik, ən azında nəyisə dəyişə biləcəyimizə ümid edə bilərik, ənində-sonunda bizi görürlər, “yuxarılar” da, xalq da...
Bu xalqa gülürük, adamlara gülürük, lağ-lağa edirik. Məhz “başqaları” kimi edirik. Bəs biz hardan peyda olmuşuq? Göydənmi düşdük? Ya ağac koğuşundan çıxdıq, leyləklərmi gətirdi? Anamız küçə süpürüb böyütmədimi bizi, atamız belində şələ daşımadımı? Qardaşımız oxuya bilək deyə, Rusiya bazarlarında alver etmədimi, bacımız hörgü hörüb satmağa çalışmadımı? Babamız qoyun otarmadımı, nənəmiz yorğan sırımadımı? Bizim evimizdən nəm iyi, anamızdan tövlə qoxusu gəlmədimi heç? Nəhayətdə biz, ailəmizə ehtiyacımızı hiss etdirməyək deyə, qarovulçu dayanmadıqmı, gecə növbəsində satıcı işləmədikmi, çayxanada, kafedə xidmətçi işi axtarmadıqmı, şadlıq evlərində qab yumadıqmı? Azmı oldu küçəyə yayılan yemək iyini udub udqunmağımız, azmı oldu sonuncu iyirmi qəpiyimizi ovcumuzda sıxıb on dayanacaq o yana piyada getməyimiz? Azmı oldu heç bir şəraiti olmayan komalarda qaldığımız? Az olmadı... Biz bir az daha şanslıydıq, bir az da ortama düşdük, bir az da nəsə xilas olmamıza, əgər buna xilas demək olarsa, səbəb oldu. Amma tək edəmməzdik, etdilər. Biz bilməsək də, anlamasaq da, görməsək də...
“Başqaları” yoxdur. Yoxdur! O müəllim də, həkim də, hakim də, polis də, məmur da, quldur da, oğru da, fırıldaqçı da bizdəndir. Oğlumuzdur, atamızdır. Ən uzaq qohumumuz da olsa, ən yaxın qonşumuz da olsa bizimdir. “Başqaları” üçün “dəyməz” deyib susduğumuz kimi, bizmkilər üçün “eyibdir, xeyirdə-şərdə üz-üzə gələcəyik” də deyib, susmuruqmu?
O cəhənnəmi biz yaratmışıq, odu da bizi qarsıdır...
Ayırmayaq, özgələşdirməyək, ayrılmayaq...
Bir gün bir küçə satıcısına bir kitab bağışlayaq, bir gün bir dilənçiylə oturub yemək yeyək, bir gün tanımadığımız birini xəstəxanada ziyarət edək, bir gün məhbusa baş çəkək, bir küçə uşağını qucaqlayaq, bir küçə satıcısının yanında dayanıb bir saatlıq onun taleyini bölüşək, tanımadığımız insanları dinləyək... Görəcəyik, heyrət edəcəyik, onların bizdən heç fərqi yoxmuş ki! Aralarında nə insanlar varmış, möcüzə insanlar!
Bilirəm, gülümsədiniz, “nə ağıl verir bu, evimizə çörək aparammırıq” dediniz və necə də haqlısınız. Kim təminat verər ki, sabah məhbəsdə olmayacaqsınız, qocalığınız tənhalar evində keçməyəcək, dostlarınız, ailəniz sizi tərk etməyəcək, xəstə yatağında gözünüz yolda qalmayacaq? “Başqaları”ndan birinin də biz olacağımız xəttinin həmən üstündəyik, cənablar.
Bir az anlayış, iyrənmədən, qaçmadan, günahlandırmadan, yüklənmədən əvvəl bir az daha anlayış...
Məsələn, düşünək ki, işdən qayıdan fəhlə, bazardan qayıdan satıcı, kafedən çıxan qabyuyan evinə çatmadan yuyuna bilməz deyə tər, yemək, içki, qarışıq ətir qoxusu verə bilər, evinə getmək üçünsə ictimai nəqliyyatdan istifadə etmək zorundadır... Ya ondan tələb edək ki, evinə piyada yollansın? Harda, nə zaman belə qəddarlaşdıq biz? Unutduqmu, əsgər tabutları məhz o evlərə gəlir, mal-qara, tər, ucuz ətir iyi verən adamların evinə... Unutduqmu, üsyanlarda ilk qurbanlar onlar olur...
Mən bu xalqdan əlimi üzmürəm. Mən bu xalqdan biriyəm. Bu xalq ona əlini uzadanın əlini öz qabarlı əlləriylə sıxıb gözləri yaşaran, kimliyimizi, hardan gəldiyimizi sorğulamadan “uzaq yoldan gəlmisən, əl-üzünə su vur” deyib, qəfil qonağını kasıb süfrəsinə dəvət edən kəndli qoca kimidir. Bu xalq hələ sağdır. Biz hələ sağıq.
Qədim məsələdir: hər yerdə ancaq Əzənlər və Əzilənlər var...
Sən isə, söz sahibi, Əzənin yanındakı boş varlığın o qədər bəllidir ki, gizlədə bilmirsən, boşluğunu kasıba lağ etməklə doldurursan…
Gəmi batacaqsa, hamımız boğulacağıq.
Səninlə eyni gəmidə boğulmaq da istəməzdim…
YORUMLAR
Henüz yorum yapılmamış.