- 1103 Okunma
- 0 Yorum
- 0 Beğeni
Keçmişdən qalma dəyərlərimiz
Bir xalqın tarixi keçmişini öyrənmək üçün həmin xalqın qədim əlyazmalarını araşdırmaq başlıca şərtdir. Həmçinin tarixi abidələr layiqli şəkildə qorunub saxlanılmalı, olduğu kimi gələcək nəsillərə ötürülməlidir. Bu barədə bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən tədbirlər görülür. Bu, çox gözəl bir haldır. Hər millət öz tarixi keçmişini qoruyub saxlamaqla tarix səhnəsində öz varlığını möhkəmlədir. Ancaq təəssüflər olsun ki, qırmızı imperiyanın hökm sürdüyü dövrdə Azərbaycanda, Borçalıda və digər yerlərdə müsəlman türklərin qədim əlyazma əsərlərini “Quran” adıyla damğalayıb odda yandırdılar. Bununla da böyük bir xalqın tarixi keçmişinə çox ciddi zərbə vurdular. Nə qədər mənəvi sərvətimiz talandı, məhv olundu. Bir qismi xarici ölkələrə aparıldı. Soykökünə sədaqətli olan, qədirbilən adamlar isə onlardan bəzilərini gizlədərək qoruyub saxlamağa müvəffəq oldular. Belə kitablar hələ də evlərdə saxlanılır. Çox gözəl tarixi tədqiqat mənbələri olan belə əsərləri bu gün üzə çıxardıb tədqiqatçılara, əlyazmalar arxivinə ötürmək keçmiş dədə-babalarımızın ruhuna hörmət və sayğı borcumuzdur. Belə əsərlərdən bir-neçəsi də hal-hazırda mənim əlimdədir. Onlardan birini müasir Azərbaycan ədəbi dilinə çevirərək “Əcubə və Məhcubənin hekayətləri” adı ilə Bakıda çap etdirdim. Həmin əsər “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsinin içərisindəki risalədir. Kitabı M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda və s. yerlərdə rəsmi qeydiyyatdan keçirtdim. Bununla da xalqımızın tarixi yaddaşına zəif də olsa işıq tutaraq, ona yeni nəfəs verdim.
Əlimdəki dəftərlərdən biri rübailərdən ibarətdir. Burada cəmisi 30 rübai vardır. Həcmcə kiçik olmasına baxmayaraq, bu dəftər özündə çox böyük sirləri və mənəvi dəyərlərimizi ehtiva edir. Bu rübailərin çox maraqlı quruluşu vardır. Hər rübai bir meyvəyə həsr olunub.
Ümumiyyətlə, meyvələrin, heyvanların, quşların, müxtəlif bitkilərin dilindən yazılmış alleqorik hekayələr, təmsillər şərq ölkələrində, avropada və bütün dünya ölkələrində tarixən mövcud olmuşdur. Bu janrda ölməz əsərlər yaradan dahi sənətkarlar olduğu kimi, dünya xalqlarının folklor ədəbiyyatında da bu növ əsərlər hər zaman yaranmış və inkişaf etmişdir. Belə əsərlərə misal olaraq “Kəlilə və Dimnə”ni, Fəridəddin Əttarın “Məntiqüt-teyr” adlı əsərini, Ziyaəddin Nəxşəbinin “Tutinamə”sini, Məhəmməd Füzulinin “Söhbətül-əsmar (Meyvələrin söhbəti)” poemasını, İtalyan yazıçısı Canni Rodarinin “Çipollinonun başına gələnlər” nağıl-povestini, rus şairi Krılovun müxtəlif təmsillərini və s. göstərmək olar. Belə əsərlərdən Azərbaycanın digər şair və yazıçıları da ruhlanaraq zaman-zaman müxtəlif formada alleqorik əsərlər və təmsillər yazmışlar. Heyvanların, quşların, cürbəcür bitkilərin dilindən qələmə alınmış bu cür əsərlərin mövzusu əsasən cəmiyyətdəki yaramaz ünsürləri tənqid etməklə insanlar arasında haq-ədalətin bərpasını görmək istəyi olmuşdur.
Borçalı ədəbi mühiti də belə yazılara laqeyd olmamışdır. Bu bölgədə yaşayıb, yazıb-yaradan kiassik şairlərimiz çox olmuşdur. Təəssüf ki onlar ciddi tədqiqatdan kənarda qalmış, yazılarının çox hissəsi itib-batmışdır. Əlimizə keçən kiçik dəftərlər, vərəqlər pərakəndə haldadır. Onları bir yerə toplayıb tədqiq edən qeyrətli oğullara ehtiyac vardır. Bununla əlaqədar vaxtı ilə mərhum pedaqoq Ziya Borçalı mühüm işlər görmüşdür. Bu gün də istedadlı alim, qeyrətli Borçalı balası, Ərdəhan universitetinin professoru Şurəddin Məmmədli, Marneuli özəl Elmi-Tədris İnstitutunun prorektoru Mahmud Kamaloğlu və başqa alimlərimiz bu işlə məşğul olurlar. Çox sağ olsunlar. Ancaq bu hələ Borçalı üçün çox azdır. Daha ciddi və geniş şəkildə tədqiqat işi lazımdır.
Yenidən əlimdəki dəftərə qayıdıram. Bu dəftərdəki rübailər tamam başqa bir formada yazılıb. Burada diqqəti çəkən bir şey vardır ki, şair meyvələri danışdırmır. Qaibdən xəbər verən sirli bir adam kimi öz həmsöhbətinin ürəyində adını gizli tutduğu meyvəni rübai ilə bəyan eyləyir. Qısaca həmin meyvənin özünəməxsus xüsusiyyətini də deyir.
Əsər qəribə bir cədvəllə başlayır. Beş sütunlu bu cədvəl başda 1, 2, 4, 8, 15 rəqəmləri ilə nömrələnib. Bunları bir-birinə topladıqda 30 rəqəmi alınır. Bəs nə üçün məhz 30? Bu rəqəmlər çox və ya az da ola bilərdi. Hər rəqəmin altında isə 16 xana verilmişdir ki, bunların da cəmi 80 edir. Bu xanalarda 30 dənə meyvənin adı müxtəlif yerlərdə yerləşdirilmişdir. Mənə gizli mənası qaranlıq olan bu cədvəlin açmasını mütəxəssislərdən gözləyirəm. Aşağıda həmin rübailəri cədvəllə birlikdə latın qrafikası ilə verirəm. Ümidvaram ki, elm adamlarının diqqətini çəkəcək və məni bu sirli yazı barədə məlumatlandıracaqlar. Bu işlə məşğul olan mütəxəssislərə əvvəlcədən öz təşəkkürümü bildirirəm. Bu, yalnız mənim istəyim yox, bütün Borçalının istəyidir. Qiymətli xəzinələrimizə sahib çıxmaq zamanıdır.
15 8 4 2 1
On beş Səkkiz dörd iki bir
Alu Qarpız Zoğal İncil Şaftalı
Fındıq Qovun Kirdəkan üzüm Üzüm
İydə Xurma Tut Tut Kirdəkan
Çiyələk Moruq Alma Alma Alma
Ərik Heyva Aluça Xurma Qarpız
Güləbəstə Şabalıd Heyva Moruq Moruq
Xiyar Armud Bə`la Bə`la Aluça
Qavaq Böyürtikən Ərik İydə Bə`la
Armud Aluça Çiyələk Əzgil İydə
Şamama Şamama Güləbəstə Qavaq Fındıq
Əzgil Güləbəstə Qavaq Armud Ərik
Nar Nar Əzgil Şamama Əzgil
Badam Bə`la Nar Qarağat Xiyar
Qarağat Badam Badam Badam Şamama
Güləbəstə Qarağat Qarağat Alu Nar
Böyürtikən Xiyar Şabalıd Şabalıd Badam
Bundan sonra rübailər başlayır:
1.
Dilbəra, rəf`i yüzündən niqab,
Aşiqi-hicr bula andan səvab.
Arizin nə əcəb şaftaludır,
Anın iyçun dil zəif şətab.
2.
Ey yüzü gül, lə`li əhmər, qəlbi nur,
Lütf edübən həbibim, qılma dur.
İncil imiş tutduğun bildim sənin,
Sana həmta yox imiş cənnətdə, sor.
3.
Ey yüzü gül, boyu bəstə sərvinaz,
Aşiqi öldürmə cövründə birlə naz.
Ol üzümdür könlünə düşən yemiş,
Bildim anı ey həbibi-sərfiraz.
4.
Gül yüzünə aşiqəm bülbül kimi,
Ağlamaqdan gözümün qalmaz nəmi.
Ol yemiş ki lə`linə nisbətdurur,
Adın desən deyim, zoğal kimi.
5.
Yüzi, kiprigi ox, əbru kəman,
Urmaq iyçün canımı tikdim nişan.
Güllə kimi top edüb unutmağa,
Yaxşı olur kirdəkan atmağa həm.
6.
Qaşlarıyın qövsi fərəx dər ayi-həbib,
Canımı deyərəm ona mən ənqərib.
Yemişlərdə yemək iyçün tut kimi,
Xub olur yeməsi, olsa nəsib.
7.
Aşiqəm sən sərvi-gül, məhparəyə,
Lə`li əhmər, qaşı-gözü qarəyə.
Bilmişəm könlündəkin ey məhliqa,
Lə`li alma imiş, versən ğəmxarəyə.
8.
Eşqinə düşdü könül məhcəmal,
Həsrətindən ol qəddim həm çu dal.
Ol yemiş dutmuş idin, bil yəqin,
Qavun imiş, bildim anı ey cəlal.
9.
Xəstə düşdüm eşqin(ə) ey növcavan,
Üstümə gəlmə Allah iyçün bir zaman.
Hər nə tutdun yemişdə, bilmişəm,
Xəstəyə qarpız olur həm ərməğan.
10.
Dilbəra, qıl sən məni vəsl iylə şad,
Tərkim etmə başın iyçün bad.
Sən dəhanı püstə xurma kimi,
Olmaz olsa əcəb daim tuşə zad.
11.
Məh yüzindən zülfin götür əyan,
Zülf içində yüz nedə? Qılma nihan.
Lə`linə nisbət yemişdə bir yemiş,
Kim, moruqdur, dedim anı ey cəvan.
12.
Zahir oldu sən kimi şəmsi-qəmər,
Oldu etdigün məhvəşlər dərbədər.
Heyva tək könlündəki yemiş kimi,
Saraluban olmuşam zirü-zəbər.
13.
Ahu-fəğan iyçün ruzi-şəb,
Həsrətindən çəkmişəm rəncü-tə`əb.
Qorxuram götürməgə ki aluçanı,
İstərsən eylə bəndən tələb.
14.
Sən təki gül yüzlü yarın həsrəti,
Oda saldı canımı birlə qəti.
Şabaluddur tutduğun sənin əyan,
Bildin anı birlə mövla nüsrəti.
15.
Sən şaha bir bəndeyi-kəmtər mənəm,
Tiğ iylə qətl eyləsən məni, dönmənəm.
Lə`linə nisbət edibdür bir yemiş,
Bə`la tək cigər pürxun mənəm.
16.
Sevdi könül bəndən bir məhvəşi,
Yüzü gülgun, qəddi tuba dilkəşi.
Fındıq payız günü yemiş iyçün,
Daş gərək kim, sındırır dişi.
17.
Ey məlahət mülkünün sultanı yar,
Eyləmə aşiqin həm dilfikar.
Ol aludur könlünə düşən yemiş,
Gətürdim anı, çəkmə canım intizar.
18.
Ey pəri sud kim, ziba pəri,
Sən imişsən cümlə məhvəşlər sərvəri.
İstədiyin iydədir, bilmişəm,
Ey yüzi gül, sədri həmçu mərməri.
19.
Bizim iylə olmadı həmsaz yar,
Dər fələk cümlə aləm, yəni yar.
Təhqə edüb canan iyçün çigələk,
Cəm edüb göndərə fəsli-bahar.
20.
Gecə-gündüz ağlaram canan iyçün,
Yəqubam ol Yusifi-Kənan iyçün.
Xub olur həmə qaysavəyi-qaysı ərik,
Göndərəsən ol güli-xəndan iyçün.
21.
Dişi incə, qəddi sərv, püstə dəhan,
Həsrətindən oldu qəddim həmçu kəman.
Boranıya salmağa tazə qabaq,
İstəmişdin, gətürdim anı ey cəvan.
22.
Bülbül oldum sən güli-ziba iyçün,
Lə`li Kövsər, qaməti rə`na iyçün.
Layiq olmaz sən təki məhvəşlərə,
Əzgil ola sən mələksima iyçün.
23.
Xəstə düşdüm həsrətindən ey pəri,
Vəsfin oldu (bu) dilim(in) əzbəri.
Yaxşı olur yeməsi böyürtikənin,
Oturasan yeyəsən həm bərbəri.
24.
Ey qaşı yay, kiprigi ox məhvəşim,
Fəda olsun yoluna başım, canım.
Nə əcəb olur xiyarın yeməsi,
Duzdayuban ey həbibim dilkəşi.
25.
Dilbərin boyu belə rə`na gərək,
Lə`li əhmər, ağzı mina gərək.
Armud imiş könlündəki, bilmişəm,
İyçün anın sən təki canan gərək.
26.
Çevrəsində arizin ey məhliqa,
Bülbül oldum, olmadım birlə bəqa.
Ol ərməğanın qoynun iyçün,
Arayuban tapdım anda şamama.
27.
Dur həbibim bir yeri, görüm səni,
Yüzündür birlə cənnət xərməni.
İstədigin güləbəstədir sənin,
Qoyma rəncur mən zəif dilbəndəni.
28.
Ayrı düşdüm ey sənəm, səndən bu gün,
Həsrətindən yürəgə düşdü dügün.
Sovqat iyçün bir narım var ey nigar,
Üzmüşdüm bağdan anı dünə gün.
29.
Oldu zahir sən təki şəmsi-düha,
Özgə məhvi şö`lə urur etdi səha.
Turşu iyçün qaraqat gətürmişəm,
Kök üzərə yaxşı oldu ey şəha.
30.
Ey yüzi gül, qəddi rə`na dilbərim,
Allah iyçün artırma birlə ğəmim.
Gözünə baxdı lətifi soldu,
Ol badamdır ey məlaik mənzərim.
Ya Rəbb, heç igit ac olmasun,
Ac olub namərdə möhtac olmasun.
Beykərəmlər görməsün dövlət yüzin,
Beymürüvvətlər sahibi-tac olmasun.
Təmam şüd nəməqə
Musa vələdi Mahmud
1299 hicri
(1881 miladi)
Qeyd: Musa vələdi Mahmud (Musa Mahmud oğlu) Gürcüstanın Bolnisi rayonunun Həsənxocalı kəndindən olub. Bu barədə 2-ci məqalədə söhbət açacağam.
YORUMLAR
Henüz yorum yapılmamış.