- 927 Okunma
- 1 Yorum
- 0 Beğeni
Rəqibinə imdad diləyən cismi qoca, ruhu gənc şair
Elbəyi CƏLALOĞLU
Rəqibinə imdad diləyən cismi qoca, ruhu gənc şair
80 yaşını haqlamış qəhrəmanım çox qəribə bir adamdır. Düşündüyü obrazla hadisələrin kəsişdiyi mötəbər nöqtə onun axtardığı və nəhayət arzusunun çin olduğu məqamdır. Sevgini necə təsəvvür edirsə, onu göstərən bir epizod Mədəd Coşqun üçün yetərlidir, sonra nə baş verəcəksə, o, Mədəd müəllimi elə də maraqlandırmır. Qəribə burasıdır ki, o, faciəni də belə təsəvvür edir. Sevginin ən pik nöqtəsini, dərdin ən ağırını görəndə bunun sevgi, onun dərd olduğuna inanır və böyük dərdin qarşısını yalnız böyük sevginin ala biləcəyini düşünür. Birsözlə, yaxşı və ya pis olmasından asılı olmayaraq hər şeyi mükəmməl görmək istəyi onun təsəvvürünə hakimdir.
Mədəd müəllimlə bayağı sözlər danışa bilməzsən, onunla söhbət eləmək lazımdır. Söhbəti adi dialoqla qarışdırmaq olmaz, bunu Allaha yaxın insanlar edir. Mədəd müəllimin bir böyük kimi müdrikliyi əvəzolunmazdır, Mədəd müəllimin təvazökarlığı danılmazdır. Mədəd müəllimin hərdən uşaqlığında, yaxud da gəncliyində elədiklərini yaşının bu vaxtında təkrar etməsi adama nostalji hisslər yaşadır. Bu bakirə hisslər nə qədər gözəlmiş. Bu, Mədəd müəllimin ülvi hisslərinin onun müdrikliyi fonunda reportajıdır. Hər kəsin özünəməxsusluğu ilə anlamasına baxmayaraq, Mədəd müəllim ilahi hisslərini insanlara dolğunluqla çatdıra bilir. Uşaqlığını, gəncliyini necə yaşayıbsa, qocalığını da həmin riyazi tezlikdə, həmin fiziki qüvvədə, həmin ədəbi ampulada yaşayır. Demək istədiyim budur ki, Mədəd Coşqunun ruhunun diriliyini, düşüncəsinin saflığını heç kəslə müqayisə etmək mümkün deyil. O, duru və diri, cismi qoca, ruhu gənc insandır. Həmişə onunla görüşərkən “Xalqımızın böyük şairi” deyə müraciət edirəm. O, buna layiqdir. Ətrafında olan dostlarımızla birgə söhbətarası “abi” deyə müraciət edirik. Mədəd müəllim bu sevgini qazanmağa bir ömür sərf edib. Onu da deyim ki, hələ SSRİ-nin dağılmağa başladığı vaxtlarda rəhbərlik etdiyi mətbuat orqanları ilə söz sahibinə çevrilmişdi. Borçalılar yeni dünyaya inteqrasiyanı həm də ondan öyrənirdilər...
Çoxdandır ki, Mədəd müəllim barədə fikirlərimi yazmaq istəyirdim, amma mövzuya girmək əngələ çevrilmişdi. Çünki publisistik yazı bulaq suyu kimi təbii axmalıdır, o, zoru sevmir. Nəhayət, bu gün Mədəd müəllimdən yazmaq üçün uca Allah məni özünə mirzə seçdi. Şükranlıqla davam edirəm. Hərdən nərd də oynayırıq. Əli gətirməyəndə az qalır nərdtaxtanı sındırıb darmadağın eləsin, əli gətirəndə isə zərdən rəqibinə imdad diləyir. İndi bu kişini necə sevməyəsən! Bəstə boyu, cılız bədəni, şabalıdı gözləri, yuxarıya daranmış, bir az da qıvrımtəhər saçları var, ən əsası da bədəninin çəkisindən 124 min dəfə böyük, yəni bu çəkinin peyğəmbərlərin sayına hasili qədər ağır olan ruhu var. Bunu ona görə dedim ki, o, hər dəfə millətimiz, dövlətimiz, güzaranımız üçün üzünü Allaha tutur, peyğəmbərlərimizin adını çəkir. Bu da ürfanilikdən gələn bir ənənədir. Sovet rejimi nəyi əlimizdən alsa da, ala bilmədiklərindən biri də bu ürfanilik ənənəsidir.
Mədəd müəllim ailədə də, həyatda da, yolda da, süfrədə də, yarışmada da təsəvvürəgəlməz, müqayisəolunmaz mövqeli insandır. Həyatdakı müşahidələrimə görə, gərəkdir ki, xoşolmayan hadisələri önləməyəsən, əksinə arxasınca gedib, doğru yola yönləndirmək üçün sağdan, soldan və arxadan ona təsir edəsən, hətta lazım gəldikdə zərbələr endirəsən. Bunun üçün böyük səbir sahibi olmalısan. Bu qəbildən, digər insanlar kimi Mədəd müəllim də həyatın ağrı-acılarını görmüş insandır. Lakin o, özünün davamlı təmkini ilə dərdlərə boyun əyməmiş, onları yenmişdir.
Mədəd Coşqunun şeirləri hər zaman oxucunun diqqətini çəkib, ona nəyisə verməyi bacarıb. Yəni şeirlərinin ruhu, yaxud da Hind rəssamı Mirad Dasın təbirincə desək, yaradıcılığının rasası Mədəd müəllimin öz ruhunun ölçüsü ilə düz mütənasibdir. O, heç vaxt şeir yazmaq xətrinə əlinə qələm almayıb, əksinə şeir onu, - gəl, məni yaz, - deyə çağırıb. Mədəd müəllimin yaradıcılığının gələnəkselliyə dayanması, klassikaya söykənməsi onun şeirlərini bir az da oxunaqlı edir, oxucuya sevdirir. Əlbəttə, kökü olmayan bir yaradıcılıq nümunəsi gəlişməsi mümkünsüz olan süni bir fiqur, yaxud yağışdan islanaraq mahiyyətini itirən maketdən başqa bir şey ola bilməz, ona görə də istənilən yenilik ənənviliyin içindən boy atmalıdır. Küləyin alışdırdığı ocağı ya külək özü sovurub yox edəcəkdir, ya da küləyin dayandığı zaman o da sönəcəkdir. Ocaq odur ki, tufandan sonra hansısa gizlində qalmış közdən alışıb əmələ gəlməyi də bacarsın. Bu mötəbər fikirləri tam əminliklə şair Mədəd Coşqunun yaradıcılığına aid etmək olar. Necə ki, onun lirik şeirləri insanın gözü önündə canlı bir aləm yaradır və onun təsvir etdiyi mənzərə sanki oxucunun əlindən tutub cənnəti gəzdirir. Elə buna görə də, Mədəd Coşqunun şeirlərindən sitat gətirmək istəmədim, çünki ona qalsa, o qədər uğurlu deyimləri var ki, bunları qələmə almaq həcminə görə Ginnesin rekordlar kitabına düşmək üçün müsabiqəyə qatılmış məqaləyə bənzəyərdi. Ona görə də, maraqlananlara Mədəd Coşqunun kitablarını əldə edib oxumaq daha məsləhətdir.
Bakı, 21 fevral 2015-ci il
YORUMLAR
Güzel bir insanı bizlere tanıttığınız için teşekkür ederim Şair kardeşim saygılarım her daim