- 1107 Okunma
- 2 Yorum
- 0 Beğeni
Elbəyi CƏLALOĞLU məşhur şair, dr. SABİR ƏLİYEVİN “İlməzli əhvalatı”nı təqdim edir
Elbəyi CƏLALOĞLU məşhur şair, dr. SABİR ƏLİYEVİN “İlməzli əhvalatı”nı təqdim edir.
“İlməzli əhvalatı” yarananda mənim dörd yaşım olub. Təbii ki, bu yaşda olan uşaq həyata ancaq maddi gözlə baxa bilər. Lakin şüurlu mübarizə üçün, milli-mənəvi dəyərlərin qorunması və gəlişməsi naminə doğulmuş insanların zaman keçdikcə maddi gözü ilə batini gözü arasındakı məsafə qısalmağa başlayır. Əslində fərdin mənəvi dünyasının tədricən genişlənməsinin sübutu olan bu qısalma, cəmiyyətin daha sürətlə gəlişməsində əvəzsiz bir töhfəyə də çevrilə bilər. Olsun ki, bu yaxınlarda atam – Aşıq Cəlalın arxivində müfəttişlik etməyim, bu maddi ilə batini göz arasındakı məsafənin qısalmağa doğru getməsinin təzahürlərindən idi. Təftiş nəticəsində əlimə, Qarayazının Qaracalar kəndində dünyaya göz açmış, uzun müddət Gəncə Dövlət Universitetində müəllim işləmiş, filologiya elmləri doktoru, məşhur füzulişünas alim, dünyasını dəyişmiş şair Sabir Əliyevin kiçik həcmli “İlməzli əhvalatı” əsəri keçdi. Aşıq Cəlalın dediyinə görə, əhvalatın baş verməsindən az sonra, rəhmətlik Sabir Əliyev “İlməzli əhvalatı” əlyazmasının Borçalıya göndərdiyi üç nüsxəsindən birini ona ünvanlayıbmış (qeyd edək ki, o biri iki nüsxənin biri Aşıq Kamandara, digəri isə Aşıq Şəmdinə çatdırılıb), çünki əhvalatın cərəyan etdiyi kənddə dünyaya göz açmış, sayılıb-seçilən tarixi şəxsiyyətlərdən biri də, elə Aşıq Cəlaldır. Onu da qeyd edim ki, Sabir Əliyev maddi ilə batini gözü arasındakı məsafəni sıfıra yaxınlaşdırmış, hətta onlar arasında qısqapanma yaratmış ziyalılarımızdan olub. Barəsində yazılmış məqalələr, onun elmi və ədəbi-bədii məsələlərə çox ciddi yanaşdığını sübut edir. Yəni hər yazılmış əsərlə Sabir Əliyevi təəccübləndirmək mümkün deyilmiş. Onun qarşısına qoyulan hər hansı əsər, bütün əlamətləriylə mükəmməlliyini sübuta yetrirmək gücündə olmalıymış.
Aşıq Kamandarın repertuarında Sabir Əliyevin
Ay Dəlidağ, indi görək,
Sabir dəli, sən dəlisən?
beytilə yekunlaşan gəraylısını eşitməyən aşıqsevəri təsəvvür etmək çox çətindir.
“İlməzli əhvalatı”nın yaranma səbəbi, əsərdən də göründüyü kimi, mərhum folklorşünas alim Sədnik Paşayevin məşhur aşıq Kamandar sənətilə bağlı məqalə yazmaq eşqinə düşməsi ilə başlayıb. Bu işdə ona yardımçı olmaq istəyən alim və şair dostu Sabir Əliyev, Aşıq Kamandarın Kürüstü İlməzli kəndində toy məclisində olduğu xəbərini alıbmış. Qeyd etmək yerinə düşər ki, Sabir müəllimin anası əsərdə adı çəkilən İlməzli kəndinin Osmanöyü nəslindən olub. Xülasə, dostlar bu bəhanə ilə Gəncədən Borçalının Kürsütü, Dəmirçihasanlı mahalına yola düşüblər. Əhvalat da elə bu mahalın İlməzli kəndində baş verib.
Bir-neçə kəlmə də, əsər barədə demək yerinə düşər. Həcmcə kiçik olmaqla, qısa bir səfarət zamanı baş vermiş real tarixi fakta söykənən bu əhvalat, dastançılıq ənənəsini və klassik aşıq şeiri nümunələrini özündə əks etdirir. Bunlardan başqa, əsər hadisənin cərəyan etdiyi yer-yurd üçün tarixi əhəmiyyət daşıyır. Əsərdə bəzi ərəb və fars mənşəli sözlərdən də isrifadə olunub. Bu tipli ifadələrdən oxucuya az tanış olanlara aydınlıq gətirsək, yəqin ki, xəta törətmiş olmarıq. Təhlilə keçməzdən əvvəl vurğulamalıyam ki, mənə çatan nüsxə Sabir müəllimin öz əlyazması deyil, Aşıq Cəlalın orijinaldan köçürməsidir.
Əsərin başlanğıcında verilmiş cığalı təcnisin birinci misrası bu sayaq sözlərdən olan “hübb” ilə başlayır. Bu ərəb mənşəli söz “sevgi” və ya “eşq”, Sabirin Ədilə dediyi şeirdəki eyni mənşəli “qəsəm” isə “and” anlamına gəlir. Həmin şeirin ikinci bəndinin birinci misrası əlyazmada “Niyyətim saz olub, rəng avaz olub” şəklindədir, lakin Sabir müəllimin “rəng avaz” kimi qeyri-müəyyən ifadəni işlətməsinə inanmaq istəmədim və elə bil qeybdən qulağıma pıçıldadılar ki, bu, “rəng avaz” yox, ruhoxşayan anlamına gələn “ruhnəvaz”dır. Həmin bənddə “raz” sözü də var. Əgər “razı”, “razif”, “razifə”, “raziyyə”, “raziyə” sözlərinin ümumi mənası “razı olan, məmnun, sirli”dirsə, onda bu sözün misrada işlənmə tərzinə uyğun olaraq, “sirr” anlamına gəldiyini söyləmək olar. Həmin şeirdəki orijinaldan düzgün köçürldüyünə də tərəddüd etdiyim “bəççəni baz” ifadəsi bir qədər müəmmalıdır. Amma olduğu kimi köçürüldüyünü güman etsək, bu barədə də fikir yürüdə bilərik. Belə ki, lüğət bu ifadəni “bəççə” deyil, “beççə” kimi verir və bunun “beçə” sözünün sinonimi olduğu məlum olur. Bu cür qəbul etsək və nəzərə alsaq ki, həmin misrada söhbət saz çalmaqdan gedir, onda “beççəni-baz” ifadəsinin – sazı beçə pərdədə çalmağa daha çox meyilli, eyni zamanda havanı olduğu kimi çalmaq əvəzinə sazın və havanın başına olmaz oyun gətirməyə həvəsli olub, aşıqlıqdan bixəbər, ustad görməmiş saz oyunbazları (təəssüf ki, bu cür “aşıqlar” da var) mənasında olduğunu ehtimal etmək olar. Əgər belədirsə, onda Sabir müəllimin ruhundan üzr istəyib misralar arasında yerdəyişmə etməklə həmin bəndi aşağıdakı kimi daha uyğun şəkilə salmaq olar:
Taleyim az olub, nataraz olub,
Düz yolum raz olub, oyunbaz olub.
Niyyətim saz olub, ruhnəvaz olub,
Beççəni-baz olub çalmamışam mən.
Əlbəttə ki, bu bəndlə bağlı alternativ yanaşmalar, yaxud da, daha mükəmməl təhlil və aydınlamalar ola bilər. Bunların hamısı bir yana, gəlin, həm də folklor mahiyyəti daşıyan bu əhvalatı cüzi redaktə ilə Sabir Əliyevin qələmə aldığı kimi oxuyaq:
İLMƏZLİ ƏHVALATI
Hübb ilə haqq bulub halalı sevdim,
Həzz ilə, hirs ilə ha aram olmadı.
Aşıq ha ramı gözlər,
Gözün haramı gözlər.
Halal nəfsə qul olmaz,
Haram haramı gözlər.
Haramkar bəndələr tutub cahanı,
Əyrilər doğruya ha ram olmadı.
Haramı gətirməz ayazı yadə,
Nəfs aşıb həddini aya ziyadə.
Aşıq deyər ziyadə,
Bayqu yanar ziyadə.
Halalzadə tapılmaz,
Haramzadə ziyadə.
Ziyandır qul olmaq ayə ziyadə,
Hatəmin himməti haram olmadı.
Nə maldır, nə puldur ali şan nə zər,
Kül olsun tamahnan alışan nəzər.
Aşıq, ali şan yaxşı,
İnsan ali, şən yaxşı.
Haqq yolunda can verib,
Candan alışan yaxşı.
Sabiri əfv eylər alışan nəzər,
Divansız haqq görüb, ha aram olmadı.
1969-cu il oktyabrın 11-i, saat 18.00 civarında üç yoldaş olub avtomobillə Gəncədən Gürcüstanın Borçalı rayonunun (bu toponim rəsmi olaraq 1947-ci ildə dəyişdirilərək “Marneuli” adlandırılıb. Aradan 22 il keçsə də, Sabir müəllimin rayonu “Borçalı” kimi anmasını nəsilə-kökə yüksək bağlılıq kimi qiymətləndirməyi milli borcumuz hesab edirəm. E.C) İlməzli kəndinə yola düşdük. Yol yoldaşlarım “Kirovabad kommunisti” qəzetinin məsul katibi Sədnik Paşayev və sürücümüz Ənvər idi. Bu səfərdə məqsədimiz məşhur Aşıq Kamandarla görüşmək idi. Axşam saat 21.00 radələrində Azərbaycanla Gürcüstanı ayıran sərhədə – Sınıq Körpüyə yaxınlaşdıq. Bir az çörək yeyib, körpünü keçdik.
Qaranlıq bir gecə idi. Zına dərəyə – qobuya düşəndə bildim ki, İlməzliyə çatmışıq. Asfalt yoldan sağ tərəfə kəndə döndük, qara yolun yaxınlığındakı evlərdən birinə doğru getdik ki, bəlkə bizə bələdçilik edələr, aşığın olduğu evi tapmaqda kömək edələr. Çox səslədik, amma evdən cavab verən olmadı. Yan-yana olan hər iki kənddən (söhbət İlməzli və Kəpənəkçi kəndlərindən gedir. E.C.) toy, qarazurna, aşıq səsi gəlirdi. Bunu görüb ev yiyələrinin toyda olduğunu zənn etdik. Nəhayət, “Ya Allah!” deyib, təvəkkülə bel bağlayıb, Kəpənəkçiyə qalxmaq məqsədilə İlməzli dərəsindən endik. Bir az getdikdən sonra, maşınımız palçığa düşdü, təkər batdı və maşın yerində qaldı. Maşından düşdük. Qobu ətrafının bütün il boyu zına-palçıq olduğunu bilmirdik. Güc-bəla ilə maşını yola düzəldib, gəldiyimiz yolla geriyə qayıtmağa başladıq. İşin tərsliyindən təzə yol bir yana, köhnə yolu da itirdik. Nə isə, palçıqlı dərə ilə maşını qatı qaranlığa doğru yönəltdik. Lakin hara getdiyimizi bilmirdik. Əlqərəz, xeyli gedəndən sonra, qarşımıza evə oxşayan bir qaraltı çıxdı. Sevindik. Elə bildik ki, həqiqi evdir və düşündük ki, müraciət etsək, aşığı tapmaqda bizə bələdçi olarlar. Biz bu fikirdəykən, qəfildən yaraq-yasaqlı, tüfəng-patronlu bir kişi qarşımıza çıxdı, qırğı kimi üstümüzə cumub, maşının qabağını kəsdi. Sonra da, yaxınlaşaraq tüfənginin lüləsini qapının şüşəsindən içəri təpib, – dayanın, tərpənməyin, maşının iç işığını yandırın, əllərinizi yuxarı qaldırın! – deyə əmr etdi. Biz isə, salam verib, yol azdığımızı və Aşıq Kamandarın evini axtardığımızı dedik. O isə, – gecənin qaranlığında burada nə gəzirsiniz? Özünüzü dolayıbsınız, ya məni? – deyə israr etdi. Sonra da, – bilmirsinizmi ki, bura ev-zad deyil, tütün talvarıdır? Tütün oğurluğuna gəlmisiniz?
Belə qarşılandığımı görüb, sinəmə gələnləri söyləməyə başladım:
Qonaq gəldik İlməzliyə,
Qış ilcəsi qara düşdük.
Qaranlıqda iz itirdik,
Heç bilmədik hara düşdük.
Bir çardağı nişan aldıq,
Boz Qobuya maşın saldıq.
Gəlib çatdıq, əldə qaldıq,
Oğru kimi tora düşdük.
Sabir, işi kəc elədik,
İlməzlini necelədik?
Yaxşı yerdə gecələdik,
Yaman yerdə tara düşdük.
Biz çox dedik, o, az eşitdi, – bu saat üçünüzü də dama salacağam, – dedi və kənd adamlarını harayladı, səs salıb, – oğru tutmuşam, – dedi. Mən isə götürüb dedim:
Keşikçinin cövhəri var,
Zalımlığın mayasından.
Tanrı tutub mayasını,
Acı tütün tayasından.
Haray salar, car eyləyər,
Qulaqları kar eyləyər.
Nə Allahdan ar eyləyər,
Nə qonağın həyasından.
Xəbər verin Kamandara,
Sabir düşüb yaman dara.
Soraq bilmir qohum-qara,
Nə vayından, nə yasından.
Qoruqçunu çox dilə tutsaq da, mümkün olmadı, axırda dedim ki, ay kişi, mən bu kəndin qohumuyam, Osmanovların maması oğlu Sabirəm. O da durdu ki, neynəyim, sən Sabirsən? Mən də Abdulla oğlu Ədiləm, dünən gecə də tütünü çalıb-çapan elə sən olmusan (sən demə, əvvəlki gecə həmin bu yerdə tütün oğurluğu olubmuş), yaxşı əlimə düşmüsən. Uçastkovoyun (sahə müvəkkili. E.C.) məndən aldığını, indi mən də səndən alaram. Ədil dayı bunları sözlə dediyi kimi, “Şahsevəni” üstündə sazla da dedi:
Vəfa yoxdur bu dünyanın,
Nə mərdinə, nə xasına.
Oğurluğa gəlibsiniz,
Bu dağların yaxasına.
Dünən gecə bu talvarı,
Oğru çapıb tamam yarı.
Dolmaq üçün planları,
Baş qoyublar bahasına.
Tənbəkidə tutar qalmaz,
İndən belə plan dolmaz.
Uçastkovoy dözə bilməz,
Elimizin davasına.
Halınızı qatam gərək,
Qolunuzu çatam gərək.
İndi sizi satam gərək,
Bir keçinin bahasına.
Sən Sabirsən, mən də Ədil,
Nə yalvarış, nə hay, nə dil?!
Keçəl suya gedən deyil,
Qul olsan da səxasına.
Söz tamama yetəndə tanışlıq üçün İlməzlidən, Kəpənəkçidən çox adamların adını saydım, Aşıq Kamandarı nişan verdim ki, Ədil kişi bizim oğru olmadığımıza inansın və azad eləsin. Amma bu, mümkün olmadı. Ədil kişi dedi ki, nə olsun ki, tanıyırsan, bu adamları ətraf kəndlərdə hamı tanıyır, Aşıq Kamandar isə 777 oymaqda bəllidir.
Ədil kişidən su istədik. O isə, – heç tütün suyu da vermərəm, – dedi. Anlaşa bilmədiyimizdən, yalvarışa başladım, “Dastanı” havası üstündə anda, qəsəmə (ərəbcə: and. E.C.) keçdim:
And olsun Qurana, dinə, imana,
Meylimi yamana salmamışam mən.
Düşmənəm yalana, haram talana,
Şeytani-zamana olmamışam mən.
Niyyətim saz olub, ruhnəvaz olub,
Düz yolum raz olub, oyunbaz olub.
Taleyim az olub, nataraz olub,
Bəççəni baz olub çalmamışam mən.
Sabirəm, zatım var, öz hörmətim var.
Halal qismətim var, haqq niyyətim var.
Peşəm, sənətim var, ləyaqətim var,
Sənin tənbəkinə qalmamışam mən.
Çox and-amandan sonra, Ədil kişi bir az yumşaldı. Təzədən bir də kimliyimi soruşanda, – Gəncə Pedaqoji İnstitutu”nun müəllimiyəm, bu oğlan, “Kirovabad kommunisti” qəzetinin məsul katibi Sədnik Paşayevdir, sükandakı isə, maşının yiyəsi, bizim dostumuz Ənvərdir, – dedim. Sonra da, – heç üç adam da gecənin qaranlığında xüsusi maşında, hay-küylə, palçığa bata-bata bir kisə tənbəki oğurluğuna gələrmi? – deyə, təsdiqlədim. Ədil kişi səfərdə məqsədimizi soruşdu. – Sədnik aşıqlardan dissertasiya yazır, Aşıq Kamandardan məlumat toplamağa gəlib, – dedim. O isə, – bəs sən nə gəzirsən? – deyə sual etdi. – Mən onun elmi apponentiyəm, – dedim. Soruşdu ki, hoppanat nədir, a bala? Bir təhər bunun nə olduğunu ona anlatdım. Sonra da, İlməzlidə kimlərlə qohum olduğumu soruşdu. Mən isə, Osmanovlar ocağının dayım evi olduğunu təkrarladım. Sonra da, İsmayılovlarla (Məhəmməd, Əhməd. E.C.) dostluğumun, Aşıq Kamandarla qardaşlığımın olduğunu söylədim. Əlavə olaraq, qonaq gəldiyimi bildirən kimi, kişi tüfəngi yerə tulladı və – a bala, xoş gəlibsiniz, səfa gətiribsiniz, həmişə bu yerlərə siz gələsəniz. Başına dönüm, məni bağışlayın, xətrinizə dəydim, – deyə üzr istədikdən sonra, götürdü “Naxçıvanı” havası üstündə:
Qərib yolçu səni yoldan eylədim,
Səbəbkaram, səbəbkarı bağışla.
Yaman dedim, tənə-töhmət eylədim,
Sənətkaram, sənətkarı bağışla.
Sən yazığı kəc oxşatdım oğruya,
Səhv elədim, oğru dedim doğruya.
Sinəm yana, indi canım ağrıya,
Sitəmkaram, sitəmkarı bağışla.
Ədil dayın keşikçidir, neyləsin,
Sən Sabirə kəndi peşkəş eyləsin.
Qorxuram ki, mahal bilsin, söyləsin,
Günahkaram, günahkarı bağışla.
Xülasə, iki saatlıq “məhkəmə” gecənin yarısında tamam oldu. Ədil dayı təzədən bizimlə görüşdü, öpüşdü, əl verdi, üzrxahlıq elədi, su gətirdi, sonra da maşına minib bizə bələdçilik elədi. Aşıq Kamandarın evinə yola düşdük. Yolda zarafatla soruşdum ki, Ədil dayı, özün də qorxdunmu? Mərdanə cavab verdi ki, bəli, ağrın alım, baldırlarım əsirdi, qorxumdan sizi qorxudurdum. Amma Aşıq Kamandarı evdə tapmayıb, İlməzliyə qayıtdıq və yerini kirvəsi Zal oğlu Vəlidən soruşduq. O isə, aşığın Qoçulu (Bolnisi rayonu. E.C.) kəndində xeyir işdə olduğunu söylədi. Yol uzaq olduğundan İsmayılov Məhəmməd müəllimgildə gecələməli olduq. Həmin gecə Aşıq Kamandarın şəyirdi Şəmdinin toyu idi. Gecəyarısı Aşıq Şəmdin gəlib xeyli saz çaldı. Bu gənc aşığa zarafatyana, – sonra demə ki, öz toyumda saz çalmadım, – dedim.
Sabahısı gün Məhəmməd müəllim əvəzsiz bir məclis qurdu. Aşıq Şəmdinlə, Aşıq Cəlal xeyli saz çaldılar. Sonra bizi Şəmdinin toyuna dəvət etdilər. Yunis kişidən (Aşıq Şəmdinin atası. E.C.) böyük hörmət gördük. Aşıq Kamandarla da elə burada görüşdük. Xoş-beşdən, salam-kəlamdan sonra, o, xeyli çalıb-oxudu. Sədnik də istədiklərini aşıqdan öyrəndi. Aşıq Səyyad (Aşıq Kamandarın şəyirdi, Kəpənəkçili. E.C.) da gəlib görüşdü, amma nədənsə saz çalmadı. Sonra, Aşıq Kamandarla dayım oğlu, tarix müəllimi Aslangilə (Osmanov. E.C.) getdik. Yeyib-içmək, çal-çağır indi də burada davam elədi. Aşıq Kamandarın məxməri səsi, aslan kükrəyişi hamını heyran elədi. Hörmətli masabəyi, sahə rəisi Əhməd (Əşrəf oğlu. E.C.) başımıza gələn əhvalatı bizə dönə-dönə danışdırdı, doyunca güldü. Həmin gün tənbəki əhvalatını azından bizə yüz dəfə danışdırdılar. Sonra eşitdik ki, Əhməd, Ədil dayını bizə görə əməllicə danlayıb. Dedim ki, Ədil kişiyə töhmət yox, təşəkkür etmək lazımdır. Çünki o, yaxşı keşikçidir, mərd adamdır, vəzifəsini yerinə yetirib. Axırda Aşıq Kamandara dedim ki, bir daha bu kəndə gəlməyəcəm, çünki qonaq kimi gəlib, oğru kimi gedirəm və götürdüm “Müxəmməs” üstündə:
Qonaq gəldim Borçalıya, Borçalının xan qonağı.
Abad olmuş İlməzlinin, hüsnünə heyran qonağı.
Tərlan Aşıq Kamandarın, saz ilə ürfan qonağı.
Qaranlıq da qarşı gəlib, eylədi şeytan qonağı.
Kafir edib saldı şərə, əsl müsəlman qonağı.
Tale yaman qarşıladı, tovladı pünhan qonağı.
Qış gecəsi qeyzə gəlib, saxladı mehman qonağı.
Tərsə bəxtim tərsə düşüb, qıldı peşiman qonağı.
Lilli qobu quldur olub, tutdu pərişan qonağı.
Şeytan ilə əlbir olub, ovladı tərlan qonağı.
Boz qobuda azdı maşın, üç nəfəri saldı düzə.
Ədil kişi hazır olub, tüfəng çəkdi üstümüzə.
Su istədik, çor da dedi, oğru kimi baxdı bizə.
And-amana düşdük o dəm, baxmadı heç anda, sözə.
Yaxşı yerdə qarşıladı, məhkəmə, divan qonağı.
Tənbəkidə oğru tutub, səslədi dörd bir yanını.
Berdankaya əl eyləyib, çəkdi qırıq şeytanını.
Yaxşı gəlib tabdı qonaq, əzrayılin ünvanını.
Nişan verdim üç yüz ada, tez anladı nöqsanını.
Bələdçilik etdi özü, saxladı dövran qonağı.
Sədi oğlu xan Məhəmməd, məclis açıb qan eylədi.
Yunis ata hörmətinə, aləmi heyran eylədi.
Dayoğlum Aslana fəda, şənini dastan eylədi.
Usta Kamandar da gəlib, ayrıca tufan eylədi.
Sazla gəlib tapdı yenə, din ilə iman qonağı.
Aşıq Cəlal meydan açıb, saz çalıb əfğan eylədi.
Toybəyi Şəmdin də gəlib, ortada cövlan eylədi.
Aşıq Səyyad bu məclisdə, çalmadı nöqsan eylədi.
İlməzliynən Kəpənəkçi, hörməti ümman eylədi.
Bir nəfəsə el yeriyib, dustağı sultan eylədi.
Tərifinə lal eylədi, nitqi-Suleyman qonağı.
Mən kimi vaxtsız qonağa, tənə də, töhmət də gələr.
Doğru gəlib, oğru gedər, şəninə minnət də gələr.
Gizlicə mehman gələnin, əcəli əlbəttə gələr.
Sabir indi küsüb gedir, bir də qiyamətdə gələr.
Əhli hala məlum ola, incidib böhtan qonağı.
Beləliklə, üzünüzə gün doğsun, oktyabrın 12-i, gecə saat 11-də (23.00. E.C.) maşınla İlməzlidən Gəncəyə yola düşdük.
Sabir Əliyev
YORUMLAR
Anlamaya çalışmak ve zorlanmak eglenceliydi.