- 832 Okunma
- 1 Yorum
- 0 Beğeni
YADDAŞIMDA AZAN ADAM
“Mən heç fahişəliyə də yaramıram. Çoxda ki 5,10 kitab oxumuşam, 6,7 Filmə baxmışam. Bunlar nəyi dəyişdirir ki? Bağışla Allahım, naşükür danışdım, bağışla.” Anamın ağrılarına səbirlə dözdüyünü görəndə hərdən hirslənib dediyim bu cümlələrdən utanırdım.
Bir axşam anamın ağrıları yenə başlamışdı. Dərmanlarını verdim atdı. Gözlədik. “Ana çay verimmi, pəncərəni açımmı?” kimi mənasız suallar verməkdən və anamın saçını sığallamaqdan başqa bir işə yaramadım. Vəziyyəti daha da pisləşdi. Çox vaxt olduğu kimi tez qonşu qadını çağırdım. Ağrıkəsici iynə vurdu. Stulda əyləşdi. Anamın fikri dağılsın deyə bir az söhbət etdi. Çay gətirdim. Az sonra qapı döyüldü. O idi. Həmişə olduğu kimi “Necəsən xanım qız” deyib cavabını gözləmədən içəri keçdi. Ev paltarında deyildi. Deyəsən işdən gəlmişdi. Keçib oturdu. Mənsə onlar olan otağın qapısına söykənib ona baxmağa başladım. “Yenə nolub ay xala” deyə sözə başladı. Anamla zarafatlaşdı. Müsahibə verməyən müsahiblərini necə yola gətirməyindən 2,3 məzəli əhvalat danışdı. O danışırdı. Mənim fikrimsə onun bir az dağınıq gur saçlarında, güclü qollarında, iri əllərində və həmişə gülümsünən dodaqlarında idi. Anam qəfil ona çay gətirməyimi istədi. Duruxdum. O da çevrilib mənə baxdı. “Yaxşı” deyib tez mətbəxə keçdim. Görən anam mənə çoxdan fikir verirdi? O dəqiqələrdə ondan gözümü çəkmədiyimi görmüşdümü, o dəqiqələrdə onunla öpüşmək istədiyimi hiss etmişdimi? Utandım. O, çay içməyəcəyini dedi. Anam yaxşılaşmışdı. Çıxıb getdilər. Mənsə anama “gecən xeyrə qalsın” deyib, “hiss etdimi, etmədimi” variantları arasında qərar çıxarmaq üçün otağıma çəkildim.
Bir dəfə pilləkənlərdə rastlaşdıq. Yenə “Necəsən xanım qız” sualı və yenə cavabını gözləmədən çıxıb getmək. Səncə üzündə, bədənindəki yanıq izləri olan gənc bir qız özünü necə hiss edər? Səncə ayağının biri gödək olan gənc qız necə olar? Düşündünmü bunu yaddaşımda azan adam? Bu sualı verməkdən bir dəfə də olsa çəkindinmi heç? Əlayam, lap əla. Gündüzlər küçə və parkları süpürürəm, axşam evə gəlirəm, anama kömək edirəm, yorğun olduğumdan nəsə öyrənməyə, oxumağa vaxt az qalır. Yorğunluqdan yata bilmirəm. Səni düşünürəm. Gah dalaşırıq, gah barışırıq, gah sevişirik. Bir təhər yuxuya gedirəm. Yuxuda da çox vaxt sənin qısa ətəkli, hündürdaban ayaqqabı geyinmiş sevgililərini döyürəm. Bax beləyəm mən.
Həmişə xəyalların qurdum. Bir gün mənim də olacaqdı, mənim də ayaqlarım uzun və qəşəng görünəcəkdi, mənim də gözəl donum olacaqdı və o yanımdan ötüb keçəndə məni hündürdaban ayaqqabıda, qəşəng paltarda görəndə dayanıb sualının cavabını gözləyəcəkdi. Mütləq gözləyəcəkdi. 1 il tam 1 il gözlədim. Əməkhaqqımın cüzi hissəsini götürüb qalanını anam verirdim. 1 ildən sonra yığdığım pulla axır ki, aldım.
Səhər yenə qarşılaşdıq. Deyəsən həmişəki sualını unutmuşdu, ya da necəliyim maraqlı deyildi daha. Əvəzində sanki illərlə görməyən adam kimi diqqətlə mənə baxdı və “Böyük qız olmusan” dedi. Halbuki aramızda 6 yaş fərq var idi. Sonra anamı soruşdu. Mən də onun işini. 2,3 dəqiqə söhbət etdik. Ayrıldıq. Xoşbəxt idim. Arzuma çatmışdım. Çünki o məni görmüşdü.
Demək bu imiş xoşbəxtlik. Mənə dəqiq bumu lazım idi? Bilmirəm. Hansısa filosof deyib: “İnsanın məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil, o bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidi”. Bəs sən yaddaşımda azan adam, nə idi səninçün xoşbəxtlik? Hardan gəlmisən ay yolçu? Yolun haradı? Kimi axtarırsan, kimi, nəyi itirmisən? İşıq gələn tərəfəmi gedəcəksən, səs gələn tərəfəmi?
Beləcə küçədə ilk dəfə idi ki, insanlar məni görürdülər. Təəccüblənənlər, gülümsünüb keçənlər fərqi yoxdu hamısına təşəkkür etmişdim ürəyimdə. Mutluydum. Ta ki, ayağım kiminsə atdığı boş içki butulkasına ilişənə kimi. Yıxıldım həyatımdan. Ayağım boşlara ilişdi. Bilmədən və 1 il həsrətlə yığıb aldığım ayaqqabının dabanı qırıldı. Mən göylərdən yerə endim. Küçəni süpürdüyüm süpürgə ilə ayaqqabını süpürüb zibil qutusuna atdım. Oturacaqda oturub ətrafdakıların qəhqəhələrindən ibarət musiqinin müşayəti altında yellətdiyim ayaqlarıma baxırdım.
Qarşıda mutlu olmaq üçün 1 il vardı...
YORUMLAR
Gözəl bir anı, gözəl bir iş.
Paylaşım üçün təşəkkürlər.
Yazılarının davamını gözləyirəm.