- 1273 Okunma
- 0 Yorum
- 0 Beğeni
Gözləri ürəyinin başında olan aşıq
Elbəyi CƏLALOĞLU
Gözləri ürəyinin başında olan aşıq
Tale bənzərliyi
Aşıq Veysəli tanımayan türk insanını təsəvvür etmək çətindir. Onun həyat tanışlığı ilə bağlı yazılarda bildirilir ki, erkən yaşlarında anasını itirir və 7 yaşında çiçək xəstəliyinə tutulur. Bu xəstəlikdən sol gözü görmür, sağ gözünə isə yavaş-yavaş pərdə gəlir. Bir gün az-çox görən sağ gözünü bir ağacın budağı zədələyir və o, dünya işığından ömürlük məhrum olur.
Aşıq Veysəl dünya işığına birdəfəlik həsrət qalsa da, aşıq yaradıcılığı ilə Türk ozan sənətində və aşıq ədəbiyyatında özünə məxsus yer tuta bildi. Gözü görmürdü, amma gözəlliyi yüksək səviyyədə duyurdu, dövrünün ağrı-acısına, cəmiyyətin mənəvi ehtiyacına, maddi tələbinə yaxşı bələdiydi. Birsözlə, insanın və təbiətin gözəlliyini batini gözü, fitri istedadı, fəhmilə duyurdu, baxmayaraq ki, ömrünün sonlarına doğru cərrahlar ona gözlərini əməliyyat yolu ilə sağaltmaq təklifini vermişdilər. Aşıq Veysəl isə onlara, – mən könlümün evində bütün gözəllikləri özündə ehtiva edən möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram ki, o gözəl dünyadan əsər-əlamət görməyəm. Ona görə də, istəmirəm, məni öz dünyamla baş-başa buraxın, – deyə cavab verib. Aşıq Veysəlin böyüklüyü özündə çox dərin mənalar əks etdirən bu cavabından da məlumdur. Onun torpağa yazdığı şeirin bir bəndini xatırlamaqla əsas məqsədə keçək:
Qarnın yardım qazmağınan, belinən,
Üzün yırtdım dırnağınan, əlinən.
Yenə məni qarşıladı gülünən,
Mənim sadiq yarım qara torpaqdı.
Aşıq Veysəlin ucalığı və dərdin içindən baş qaldıran möhtəşəmliyi bizə bəllidir. Bəs bu taleyi yaşayan ikinci bir insan olubmu?
Təbii ki, bəzi talelərdə yuxarı-aşağı bənzərlik olur, bu danılmazdır. Sən demə, hərdən talelər də əkiz qardaş kimi və ya bir-birini təkrarlayan ola bilirmiş. Gəlin görək, nisbi də olsa, bütün taleyilə Aşıq Veysələ bənzəyən kim olub?..
Çoxdandır ki, bir aşıq barədə düşünürdüm. Bir gün onun oğlu Aşıq Şahbazla görüşdüm. Fürsətdən istifadə edib səsyazanı qurdum və suallarıma cavab verməsini xahiş etdim. Aşıq Şahbaz atası ilə bağlı çox yerli-yataqlı danışıdı, hətta istəyimə uyğun olaraq onun zahiri görünüşünü də təsvir etdi. Hərdən eyforiyaya qapılır, hadisələrə emossional yanaşırdı. Bəzi fikirlərini qəbul etmək istəmirdim, müsahibədən sonrakı günlər, onun dediklərini xeyli götür-qoy elədim. Aşıq Veysəllə haqqında söhbət açacağım insanın tale bənzərliyi və Şahbaz bəyin fikirlərindəki bəzi məqamlar məni günlərlə dinc qoymadı. Lakin Şahbaz bəyin səmimiyyəti, sadəliyi, çox şeyi olduğu kimi təqdim etməsi, sanki ruhumu hərəkətə gətirdi. Barəsində bəhs edəcəyim bu insanı xəyalımda o qədər canlandırdım ki, üzünü görməsəm də, onu elə görmüş kimi oldum...
Xatirələr qoynunda
Yağış təzəcə kəsmişdi. Buludlar üfüqə doğru tələsdikcə, Günəş təzə gəlmiş gəlin kimi gərdəyin dalından boylanıb, təbiətin gözəlliyini qızılı şəfəqlərilə bir az da bəzəyirdi. Bu gözəlliklər altında Borçalının Qaçağan kəndində Çopurlular tayfasına məxsus bir evin qabağında görkəmilə diqqət çəkən, yaraşığı ilə göz oxşayan bir kişi gəzişirdi. Olsun ki, gənc saz həvəskarlarına dərs keçdiyi Qaçağan Mədəniyyət Mərkəzindən təzəcə qayıtmışdı. Çünki payızın son ayı olduğundan əynindəki plaşı və başındakı qəşəng, qıvrım tüklü papağı bundan xəbər verirdi. Papağını bəziləri kimi gözünə basmayıb, azca alnının üstünə endirmişdi. Papağının yanlarından görünən qara saçları onun qaşları və səliqəli bığı ilə həmahəng idi. Balaca gözləri var idi, göz gilələri yerində olsa da, fəaliyyətsiz idi. Buna baxmayaraq, əsa götürmürdü, ətrafı, yolu, cığırı qeyri-adi fəhmiylə görürdü, hiss edirdi. Azca qırışları olan üzündə peyğəmbər nuru var idi, amma zəhmli olduğu da hiss olunurdu. Çox incə əlləri, uzunsov barmaqları var idi. Bir əlində kəhrəba təsbeh çəkir, o biri əli ilə də düşəcəyindən ehtiyat edirmiş kimi dodaqlarına yapışmış qəlyanın altından yapışmışdı. Plaşının aralığından səliqəli qəlfeyi şalvarı və xrom çəkilmiş kimi parıldayan dəri çəkməsi aydın görünürdü. Ara-sıra yoldan ötüb-keçənlərin ayaqqabısı çəhlimə batmış, şalvarının balağı palçıqlı görünsə də, onun nə şalvarında, nə də çəkmələrində bir ləkə də görünmürdü. Bax, təəccüblü olanlardan biri bu idi.
Usta yeriyirdi. Yumor hissi yüksək olduğundan arada yadına nəsə düşürmüş kimi gülümsəyirdi. Deyəsən, dünən axşam toyda baş verənlərlə bağlı yaddaşını vərəqləyirdi. Məclis Qazax rayonunun İncə dərəsində yerləşən kəndlərdən birində – Astanbəylidə baş tutmuşdu. O, həmin məclisə xüsusi dəvətlə getmişdi.
Özü də 1932-ci ilin 14 aprelində həmin kənddə – Astanbəylidə dünyaya göz açmışdı. Amma göz açdığı dünyanı zahiri gözü ilə cəmi 7 il seyr edə bildi. Ömrünün qalan hissəsində isə ona batini gözü ilə baxmaqla kifayətləndi. O da Aşıq Veysəl kimi 7 yaşında suçiçəyi çıxardıb. El deyimlərinə görə bu xəstəliyə düçar olanların ətlə qidalanmasının yasaq olunduğuna məhəl qoymayan anası qonşuda kəsilən dana əti alışmasından aldığı ətdən bişirib və ona da yedirib. Bunun nəticəsi olaraq, uşağın gözlərinin dünya işığından kəsildiyi ehtimal olunur. Bu hadisədən əndişələnən atası – Məhəmməd kişi ailəsi ilə birlikdə Borçalıya köçməyə qərara verib və bu bölgənin Sınıq körpü yaxınlığındakı Qaçağan kəndində məskunlaşıb. Həmin vaxt gözləri tutulmuş uşağın 10 yaşı vardı.
Tədricən dünyanı qaranlıqda seyr etməyə alışıb. Bəlkə də, gözləri dünya işığından məhrum olduğundan fəhmi, fantaziyaları inkişaf etməyə, yaradıcılığa meyllənməyə başlayıb. Beləliklə, əvvəlcə tütək çalmağı öyrənib. Sonra da kənddə saz-söz vurğunu olmuş Əkbər kişinin satmaq istədiyi sazını bir-neçə pud taxıl qarşılığında alıb. Həmin vaxt artıq 14 yaşı varmış. Sonralar isə məşhur sazbənd Dünyamalıya ustad sazı bağladıb. Beləcə, saza-sözə bağlanan bu gənc oğlan Sadıq Sultanovun yanına şəyirdliyə gedib. Bu, aşıq Sadığın Dərəçiçəkdən Daş Təpəyə, oradan da Qaçağana köçüb, həmin kənddə yaşadığı vaxtlarda olub. Aşıq Sadıq Tiflis yaxınlığında yerləşən Soğanlıq kəndinə köçdükdən sonra isə, gənc oğlan şair Ağacana şəyirdlik etməyə başlayıb. Şair Ağacan saz çala bilməsə də, aşıq ədəbiyyatının, dastanların bilicisi, birsözlə, söz ustadı idi. Zəngin yaddaşa və dastan söyləmək qabiliyyətinə malik idi...
Beləcə, bu gənc oğlan kənddə “Aşıq Göyçə” kimi tanınmağa başladı və tədricən onun adı və mükəmməl sənəti Borçalıya, Qazağa yayıldı. Aşıqlardan Əmrah, Kamandar, Saraçlı və Xındı Məmmədlə yaxından dostluq etməyə başladı. Aşıq kimi püxtələşdi, yetişdi. Gözləri görməsə də, barmaqları pərdələrdə çaşmadı, havaları səlis çaldı, mahnıları mükəmməl oxudu...
Bundan sonra evlənmək eşqinə düşdü. Ona Köçəri (Köçəri kişigil Qaçağanda yaşasalar da, əsilləri İncə dərəsinin Kəmərli kəndindən olub) kişinin qızı, gözəlliyi ilə digər qızlardan fərqlənən Zöhrə xanımı tərifləyiblər. Nəhayət, Aşıq Göyçə Zöhrə xanımı qaçırdıb. Bir-birindən gözəl övladları dünyaya gəlib. Onların adını da həmqafiyə qoyub: Solmaz, Almaz, Atlaz, Gülnaz və Şahbaz. Hər iki oğlu – Almazla Şahbaz atasının sənət yolunu davam etdirib. Məlahətli səsə malik olan Almaz atası ilə saz-söz məclislərinə, el şənliklərinə çox gedib. Aşıq Şahbazın gözəl ifasını, füsünkar zənguləsini isə Azərbaycanda, Borçalıda və Türkiyədə çoxları eşidib...
İndi Aşıq Göyçənin xəyalından keçənlər həm də yuxarıda söylədiklərimiz oldu. Amma dünən gecə Astanbəylidə keçirdiyi toyu xatırlamağı da unutmadı. Həmin məclisə gedərkən, bələdçi qismində oğlu Şahbazı, şəyird olaraq Zəkəriyyə Mehmanı da özüylə götürüb. Toy evinin qurduğu möhtəşəm çadırın altında – gediş-gəliş yerində 3 dirək olub. Şahbaz özündən və sazından ehtiyatlı olsun deyə atasını dirəklərdən xəbərdar edib. O isə, – a bala, yaxşı ki, dedin, məni o dirəklərə yaxınlaşdır, yerlərini müəyyən edim, – deyib. Bundan sonra, oğlu Aşıq Göyçənin qolundan tutub dirəyin ikisinə yaxınlaşdırıb. O da əli ilə onlara toxunub və özündə təsəvvür yaradıb. 3-cü dirəyin məclisin sonluğunda olduğunu öyrənib, amma ona yaxınlaşmaqdan vaz keçib.
Nəhayət, məclis başlayır. Aşıq Göyçə gözəl ifaları, bəm, dolğun, şirin avazı ilə könülləri oxşamağındaydı. Təbii ki, gözlərinin görmədiyinə bələd olan məclis əhlinin diqqəti isə Göyçədəydi. O, sazı çalıb, məlahətli səsi ilə oxuyaraq məclisin ortasıyla gedir, dirəyə çatanda sazın qolunu yavaşca qaldırıb ona toxunmadan keçirdi. Hamı bu səhnəyə heyran qalmışdı. O, dirəyə yaxınlaşanda hamı elə bilirdi ki, ya özü, ya da sazı dirəyə dəyəcək, lakin bu, olmurdu. Bu səbəbdən, onun gözlərinin görmədiyinə şübhə edənlər də az deyildi...
“Aşıq Göyçə, gözlərinə qurbanam”
Aşıq Göyçə fitri istedad, əvəzsiz yaddaş, güclü intuisiya sahibi idi. Heyrət edici əlamətlərdən biri bu idi ki, evələrinin arxasından axan enli arxın üstündən körpü əvəzi qoyulan söyüd ağacının gövdəsi üzərindən əziyyət çəkmədən keçirdi. Amma neçələri gözü görə-görə o ağacın üstündən adlamaq istəyərkən suya düşmüşdü.
Bir dəfə oğluna deyir ki, Polad Tanrıverdinin evində çərçivə var, onu gətir. Oğlu isə oranı tanımadığını deyir. Bu zaman o, ünvanı xırdalıqlarına qədər oğluna izah edir: “Get, flankəsin evinin yanından sola dönərsən, 4-cü döngədən sağa dön, 100-200 metr aşağı get, solda dəmir qapı, sağda isə taxta qapı var. Taxta qapının sağ tərəfində əl keçirmək üçün yer, başında da məftil var. Məftili çək, qapı açılacaq”. Oğlu elə də edir. Tanrıverdi kişidən çərçivəni götürüb gətirir.
Aşıq Göyçənin təsəvvürəgəlməz, heyranedici hərəkətləri çox idi. Onlardan biri də belə olmuşdu. Qonşuda bir iri, yaman it varıydı. Bir gün hay düşdü ki, qaçın, it zəncirini qırıb. Hamı qaçdı, Göyçə isə yerində qaldı. İt ona çatana qədər pencəyini çıxarıb əlinə doladı və itin ağzına soxub onu boğdu.
Gözləri görməsə də, arxivindəki dəftər və kitablarda olanları əzbərdən, dəqiq bilərdi. Bir dəfə rəfdən Aşıq Ələsgərin qırmızı üzlü kitabını çıxarmasını və orada 102-ci səhifədə “Üzhaüz” rədifli qoşmasını oxumağı oğlu Şahbazdan xahiş edir. Şahbaz həmin şeiri iki dəfə oxuduqdan sonra, Aşıq Göycə onu bir nəfəsə söyləyir. Dastanları da Şahbaza oxudarmış. İki dəfə dinlədiyi dastan olduğu kimi yaddaşına həkk olunarmış. Hətta Aşıq Göyçənin bütün mütəxəssislər kimi, yeni aşıq məktəbinin banisi hesab etdiyi ustadı Aşıq Sadıq Sultanov deyirmiş ki, bu gün söylədiyim dastanı, sabahısı gün Göyçə məclisdə danışırdı.
Aşıq Göycə deyirmiş ki, “Valeh və Zərnigar” dastanını bilməyən aşığın ağzı düz olmaz. Həmin dastanı Aşıq Xındı Məmməd “Keçəl Məmməd” imzasıyla öz əlləriylə yazıb, Göycəyə hədiyyə edib. Şair Ağacanın Quşçu kəndində yaşadığı vaxtlar ona şəyirdlik etmiş Aşıq Xındı Məmməd Göycənin ən yaxın dostlarından biri olub. Aşıq Göyçə bir böyük kimi hər zaman Xındı Məmmədin hörmətini saxlayıb. Oğlu Şahbazın dediyinə görə, Aşıq Göyçənin arxivinə baxdıqda məlum olur ki, Xındı Məmməd Göyçəyə xeyli sayda yazılı materiallar verib. Hətta bir şeirin altında kiril hərfləri ilə “Aşıq Göyçəyə keçəl Məmməddən yadigar” sözləri də yazılıb.
Aşıq Göyçənin güclü hafizəsinə hər kəs bələd idi. Hər hansı adamın səsini bir dəfə eşitsə, yetərliydi ki, onu yadında saxlasın. Buna misal olaraq, bir dəfə bir nəfər onu yolun o tayından salamlayır. Göyçə salamı aldıqdan sonra, – ayə bu, flankəsdir, – deyir. Demə həmin şəxslə tək bircə dəfə, iki il öncə çay içib, söhbət edibmiş.
1961-ci ildə Bakıda Aşıqlar Qurultayı keçiriləndə səhnədə hazırlıq gedir, aşıqlar məşq edirlərmiş. Birdən Osman Sarıvəlli daxil olur. O, aşıqlarla görüşdükdən sonra deyir:
Ey mələk, sənə bir sualım var,
Bu gecə mehmanın qalım, olarmı?
Basım sinəm üstə sədəfli sazı,
Xalların eşqinə çalım, olarımı?
3 bənddən ibarət olan bu şeiri söyləyir və – kimin yadında qaldı, kim bu şeiri təkrar edə bilər? – deyə soruşur. Aşıq Nurəddin Qasımlı, – Aşıq Sadıq Sultanov deyə bilər, – deyərək səslənir. Aşıq Sadıq isə üzünü Göyçəyə tutub, – yadında bir şey qaldımı? – deyə soruşur. Göyçə, – yadımdadı, ay ustad, yadımdadı, – deyir və dönüb həmin şeiri “Ağır şərili” üstündə oxuyur. Osman Sarıvəlli haralı olduğunu soruşduqda, Göyçə Borçalının Qaçağan kəndindən olduğunu söyləyir. Bundan sonra, Osman Sarıvəlli, – özünü harada hiss edirsən? – deyə ondan soruşur. Göyçə isə, – Kəpəzin ətəyində, – deyə cavab verir. O.Sarıvəlli, – aşıq, camaat zirvəni arzuladığı halda, sən niyə “ətəyində” dedin? – deyə bir daha sual verir. Göyçə onun sözünü, – Osman müəllim, siz şairlər Kəpəzin zirvəsindəsiniz, biz aşıqlar isə ətəyində, – deyə cavablandırır. O.Sarıvəlli onun bu hazırcavablığını böyük qiymətləndirir və o vaxtdan dostluqları başlayır...
Göründüyü kimi Aşıq Göyçə çox hazırcavab olub. Bir dəfə əkində pomidorun bicini (tağın aşağısında bitərək saralmış yarpağı) qırırmış. Qonşusu deyib, – a Göyçə, gözün də görmür, bici necə qırırsan? – O isə cavabında, – qonşu, bic elə şeydir ki, özü qırılır, – deyə cavab verib.
Çox çay və su içənlərə deyərmiş: “Suyla adama qüvvə gəlsəydi, qurbağalar göldə zəncir qırardı”.
Aşıq Göyçə Xəstə Qasımın vaxtında 340 saz havası olduğunu və şəyirdlərinin bunlardan cəmi-cümlətani 72-sini mənimsəyə bildiklərini söyləyirmiş. O, şəyirdlərinə deyirmiş ki, havaları olduğu kimi çalıb oxusan, sənətdə öz yerini tutacaqsan, çalış heç kimsəyə bənzəmə, öz ayaqqabını geyin, sənətkarsansa, öz yolun olmalıdır. O, havalara əlavələr etməyin əleyhinə olub. Ən çox sevdiyi “Qürbəti”, “Dol hicranı”, “Dilqəmi”, “Dastanı”, “Ruhani” havaları olub. 72 saz havasından sonra ancaq qohumluq əlaqələrinin də olduğu Avdı Qaymaqlının “İncə gülü” havasını qəbul edirmiş. Özü də bundan ruhlanıb “Borçalı gülü” havasını yaradıb və Avdı Qaymaqlının “Yalvarır” rədifli şeirinə nəzirə yazıb:
Ey təbiət, işin bir möcüzədi,
Yaşılbaş sonalar gölə yalvarır.
Kəkliyin məskəni daşdı, qayadı,
Alagöz ceyran da çölə yalvarır.
Bağçada bülbüllər verib səs-səsə,
Xəyalım dünyanı dolanır nəsə.
Pis yaxşıya gedir, yaxşı da pisə,
Dönüb göz yaşları selə yalvarır.
Danışma gözəllik mətanətindən,
Usta incik olmaz öz sənətindən.
Aşıq Göyçə küsüb təbiətindən,
Arxalanıb o da elə yalvarır.
Aşıq Göyçə yaxınlıq etdiyi el şairlərinə də tənqidi yanaşaraq deyirmiş ki, nə isəyirsinizsə yazın, amma bilin ki, Səməd Vurğundan sonra “Dünya” şeiri yazmaq, o şeirin şəklini çəkməkdən başqa bir şey deyil. Özü isə Səməd Vurğunun “Ceyran” şeirinə nəzirə yazıb:
Çoxları ceyrana tərif deyibdi,
Dillərdə əzbərdi sözü ceyranın.
Təbiət əzəldən sürmə çəkibdi,
Hər şeydən gözəldi gözü ceyranın.
Xəzan dəymiş yarpaq kimi solubdu,
Şirin canı eşq oduna salıbdı.
Balası səhrada yalqız qalıbdı,
Yenə kədərlidi üzü ceyranın.
Aşıq Göyçə, adın çıxıb hər yerə,
Niyə qərq olursan qəmə, kədərə?
Zəmanə Vurğunu bir də yetirə,
Yaza tərifini özü ceyranın.
Aşıq Veysəllə eyni dərdin daşıyıcıları olduğuna görə, onun şeirlərindən çox oxuyardı. Dadaloğlu, Qaracaoğlan, Sabir Şimşək kimi Türkiyənin ünlü aşıq və şairlərinin yaradıcılığına yaxşı bələd idi. Aşıq Veysəllə Yunus Əmrəni “Türk dünyasının zirvələri” adlandırırdı. Aşıq Şenliyə “cəmi ustadların ustadı” deyirdi. Havaları olduğu kimi çalardı, əli lazımi pərdəyə çatanda oxuyardı. Həmişə Aşıq Əmrahı misal gətirərdi. Əmrah da Göyçənin ifasında “Ruhani” və “Dilqəmi” havalarını çox bəyənirdi. Aşıq Göyçə Aşıq Əmrahı “Saz alimi” adlandırırdı.
Hüseyn Saraçlı ilə Əmrah Gülməmmədov tez-tez onun qonağı olardılar. Aşıq Kamandarla qarşılıqlı hörmətləri var idi. Şair Ağacanın yubileyində Aşıq Göyçə ilə Aşıq Kamandarın bir-birinə sonsuz məhəbbətlə yanaşdıqları unudulan deyil. Bu 1989-cu ildə baş verib. Həmin tədbirdə Osman Əhmədoğlu aparıcıydı. Göyçə dedi ki, məclisi Aşıq Kamandar açsın. Kamandar etiraz edərək Göyçənin açmasını təklif etdi və – Ağacanın külliyyatı səndədir, sən onu daha dərindən tanıyırsan, – deyə israr etdi. Göyçə razılaşmayaraq, – sən həm ustadsan, həm də qonaq, ona görə də məclisi sən açmalısan, – dedi. Beləliklə, çox ötür-ötürdən sonra, məclisi Aşıq Kamandar açmalı oldu və o, tədbiri şair Ağacanın məşhur Türkiyə səfərindən Ağacanla Dollu Mustafanın deyişməsi ilə başladı...
Aşıq Göyçənin 60 illik yubileyində Xalq şairi Zəlimxan Yaqub da iştirak edib. O, həmin məclisdə Aşıq Göyçəyə olan sonsuz sevgilərini şeirlə ifadə edərək çıxışına belə başlayıb:
Aşıq Göycə, gözlərinə qurbanam,
Sazın-sözün dəryasında üz görüm!
Havaları şərbət ilə, bal ilə
Damla-damla qəlbimizə düz görüm!
Xalq şairi sonra əlavə edərək deyib ki, Allah bizim gözlərimizi qaşlarımızn altında, Göycənin gözlərini isə ürəyinin başında yaradıb. Zəlimxan Yaqubun bu çıxışı yubilyarı çox ruhlandırıbmış.
Aşıq Göyçənin Xalq şairi Hüseyn Ariflə də görüşləri olub. Bu görüşlərdən birini ustad özü danışarmış. Belə ki, Hüseyn Arif hərdən Qaçağanın el ağsaqqalı Vəzir kişinin evinə gələrmiş. Bir gün yenə Vəzir kişigildə Göyçənin də iştirak etdiyi bir məclisdə Hüseyn Arif sağlıq dedikcə məclis iştirakçıları stəkanları toqquşdururlarmış. Birdən H.Arif deyir ki, stəkanları az toqquşdurun, sonra da, – yox-yox, kərəntini bülövləməsən biçməz, çoxlu toqquşdurun, – deyə sözünü redaktə edib.
Aşıq Göyçə Qurani-Kərimi də çox gözəl bilirmiş. Bir gün özündən deyən bir mollaya sual verib: “Peyğəmbəri yudular, bəs suyu necə oldu?”. Molla cavab verə bilmir. Sonra başqa bir sual verib: “Qarşıdan cənazə gətirilsə, onun kişi və ya qadın olduğunu necə müəyyən edərsən?”. Bu sual da cavabsız qalıb. Göyçə mollalara, – gedin öyrənin, başınıza papaq qoyub, aşın altında ət axtarmayın! – deyə tövsiyə edib. Özü isə bu sualların cavabını belə verib: 1-ci sualın cavabı, su behiştə töküldü. 2-ci sualın cavabı isə, cənazənin önündə gedən mollanın duasından bilmək olar, çünki kişi ilə qadının duası fərqlidir.
Aşıq Göyçənin şəyirdləri də kifayət qədərdir. Aşıq-şair Zəkəriyyə Mehman, Cəmil Qaçağanlı və Qoca Abdulla oğlu onun yetirmələrindəndir. Bundan başqa, Qaçağan Mədəniyyət Mərkəzində 40 şəyird hazırladı. Hal-hazırda Qaçağan kəndinin 80-100 ailəsində saz olduğu deyilir. Təbii ki, bu, Aşıq Göyçənin əməyidir.
Aşıq Göyçə Borçalının üç böyük şairinə – Şair Novruz Təhləli, Şair Nəbi və Şair Ağacana.hər zaman yüksək qiymət verərmiş. Onun yaddaşı sanki Şair Ağacanın səyyar kitabxanası idi, ustadının bütün külliyyatını bilirmiş. Ağacanın çox mükəmməl olan bağlamalarından və o bağlamaları hələ də açan olmadığından bəhs edərmiş. Eləcə də, Şair Ağacanın heç vaxt bağlanmadığını qeyd edərmiş. Ustaddan gələn bir məlumata görə Şair Ağacanın aşağıdakı bağlamasını Dollu Mustafa aça bilməyib:
Bir səhrada 5 dərviş xəlq olub,
Onların taxt üstə xub qərarı var.
Bir bədəndə 92 əl gördüm,
Bədən bir, gərdən üç, 5 də səri var.
80 min molladı, 80 min seyid,
80 min biyaban, 80 min meyid.
Bir səhrada gördüm 80 min şəhid,
80 min şəhidin bir məzarı var.
Ağacan oxusun sənə bir aya,
Məhəmməd hansı gün gəlib dünyaya?
Həzrət Əli harda düşdü sevdaya,
Ya deyən kim olub, nə nəzəri var?
“Çalmayacaq bu barmaqlar”
Aşıq Göyçənin özünün də qoşma, divani, gəraylı və təcvnisləri, eləcə də, Zəkəriyyə Mehman, Aşıq Cəmil və şair Osman Əhmədoğlu ilə deyişmələri var. Onun bütün şeirləri ağızdan yığılıb, tək bircə 20 yanvar faciəsi ilə bağlı olan şeirini özü deyib, oğlu Şahbaz vərəqə köçürüb:
Mənim bu fələkdən bir diləyim var,
Arzuma xalqımla çata biləydim.
Bu odlar yurdunda mərd oğulların,
Dar gündə qolundan tuta biləydim.
Eşidib bu işi hər yan ağlayır,
Sazı dindirəndə dastan ağlayır.
Təbriz qara geyib, Tehran ağlayır,
Deyir, imdadına çata biləydim.
Aşıq Göyçə, axtarma sən ad-sanın,
Heç kəs bilməz sirrin qoca dünyanın.
Dünyada tək qalan Azərbaycanın,
Qanına qanımı qata biləydim.
Aşıq Göyçə Təkəli Aşıq Hümmətlə də dostluq edib. Aşıq Hümmət Xəstə Qasımın “Dünya” şeirini deyə-deyə Göyçənin qolunun üstündə rəhmətə gedib.
Aşıq Göyçə şükran adam olub. Adam var ki, qocalığında ölümünə az qalmış gözlərinin nurunu itirir, onu qolundan tutub gəzdirirlər və bu 5-6 gündə ömür boyu dünyanı seyr edə bildiyini unudur, narazılıq edir. Aşıq Göyçənin isə 64 illik ömrünün cəmi 7 ilində gözləri görmüşdü. Buna baxmayaraq, o, hər zaman Allaha şükür edib, Onu zikir edərdi. Ömrünün sonuna yaxın cəmisi bir həftə xəstə yatıb, son vaxtlar təzyiqi qalxırmış, ürəyində çatışmazlıq olurmuş. Övladları çox çalışsa da dərdinə əlac edə bilməyiblər. “Çalmayacaq bu barmaqlar” şeirini deyib və bununla da dünyasını dəyişib.
Borçalının el aşığı,
Söz mülkünün yaraşığı.
Yüz xatırla sən aşığı,
Çalmayacaq bu barmaqlar.
Zaman ötdü, vədə çatdı,
Ömür keçdi, hədə çatdı.
Həmişəlik yuxu yatdı,
Çalmayacaq bu barmaqlar.
Bir bülbüldün, qondun gülə,
Səsim düşdü eldən elə.
Köçdü Göyçə, innən belə,
Çalmayacaq bu barmaqlar.
Bakı, 18 may 2014-cü il
YORUMLAR
Henüz yorum yapılmamış.