- 962 Okunma
- 1 Yorum
- 0 Beğeni
Ümmətdən millətə keçid dövründə yaşadıqlarımız
Elbəyi CƏLALOĞLU
Ümmətdən millətə keçid dövründə yaşadıqlarımız
Dr. Nəsib Nəsiblinin “Güneyli-quzeyli məsələlərimiz” kitabından alıntılar
Mirzə Fətəli Axundzadə və yeni dünya düzəni
Tarix elmləri doktoru, professor Nəsib Nəsiblinin bu yaxınlarda işıq üzü görmüş “Güneyli-quzeyli məsələlərimiz” adlı kitabı milli tariximizi sevən, ona hörmətlə yanaşan hər kəs üçün dəyərli mənbədir. Kitab, müəllifin milli məsələlərlə bağlı araşdırıb ərsəyə gətirdiyi məqalələr məcmusundan ibarətdir.
Nəsib Nəsibli kitabda yer alan “Azərbaycanda türk varlığı, siyasi-ideoloji tərəfi” adlı ilk məqaləsində mövzuyla bağlı çox vacib – milli ideologiyamızın formalaşmasında müstəsna yeri olmuş və ona əngəllər yaratmış məsələləri təhlil edir. O cümlədən Abbasqulu Ağa Qüdsinin (Bakıxanov) öz üzərinə düşən tarixi missiyasını yerinə yetirə bilməməsindən söhbət açır. Eləcə də, Mirzə Fətəli Axundzadə yaradcılığında Türklüyün rədd edilməsindən və onun mürtəce pan-İranizmin yaranmasında oynadığı mühüm rolundan təəssüflə bəhs edir. Nəsib Nəsibli M.F.Axundovun fars kökənli olduğunu isbatlayan tarixi faktları qeyd etməyi də unutmayıb. “Kəmalüddövlə məktubları”ndan sitatlar gətirməklə bildirir ki, M.F.Axundzadə İranın geridə qalmasında, inkişaf etməməsində Ərəb işğalını və Türk sülalələrini müqəssir hesab edir, Çingiz xandan tutmuş Səfəvilərə qədər bütün padşahları ləyaqətsiz, Səlcuqluları nadan adlandırır. Məqalədən məlum olur ki, M.F.Axzundzadə “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır” deyərək, hətta türk poeziyasına da alçaldıcı nəzərlə baxıb. Müəllif məqalədə Yusuf Akçuranın M.F.Axzundzadə barədə “...Mirzənin Türk milliyyətçiliyi ilə ilgili düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi bilgilər yoxdur...” deməsini də diqqətə çatdırımaqla, bu məsələylə bağlı çeşidli sitatlar, polemik fikirləri cəmləşdirərək oxucunu ciddi düşünməyə vadar edir.
Amma məlumdur ki, XIV-XV əsrlərdən, bəlkə də protestantlığın atası hesab olunan Yan Qusun tonqalda yandırılması ilə Avropada, xüsusilə də Fransa, İngiltərə, İspaniya kimi dövlətlərdə dinlə siyasəti bir-birindən ayırma prosesi başlamışdı ki, bu da millətləşmə, milli dövlətlərin müəyyən olunmasına doğru yürüyən hərakat idi. Bu Avropa modeli olan yeni dünya düzəninin Azərbaycan işartıları məhz M.F.Axundzadə yaradıcılığında özünü göstərirdi. Necə ki, ümmətdən millətə keçid kimi dəyərləndirilən bu siyasi gəlişmə Həsən Bəy Zərdabinin fəaliyyətində bir qədər də qabardıldı, sonradan böyüyərək təmsilçilərinin sayını artırdı və M.Ə.Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxartdı. Bu fikrimizi Nəsib Nəsibli “Pan-İranizmin yaranması və türklük” məqaləsində belə şərh edir: “Bəllidir ki, Mirzə Fətəli, İslam dünyasında fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını nadanlıq və qəflət yuxusundan oyatmaq və mədəni tərəqqi yoluna istiqamətləndirmək üçün 1863-65-ci illərdə məşhur “Kəmalüddövlə məktubları”nı yazmış, onu farscaya, daha sonra ruscaya çevirmişdir. “Kəmalüddövlə məktubları” fəlsəfi traktatının əsas ideyası İranın, ümumiyyətlə müsəlman şərqinin geridə qalmasının birinci səbəbinin İslam dini olması faktıdır...”. Buradan məlum olur ki, Axundzadə dini fanatizmin əleyhinə olmaqla yanaşı, həm də xalqın ateist, dinsiz olmaq istəmədiyini də diqqətə çatırmaqla, İslam dininin müasir zəmanəyə uyğun bir şəkil almasının və xalqın əsasən elmə, fəlsəfəyə üstünlük verməsinin tərafdarıydı. Axundzadə bu yolu tutmuş avropa ölkələrində elm və sənayenin sürətlə tərəqqi ediyini göz önünə gətirirdi. Nəsib Nəsibli təhlil etdiyi Axundzadə yaradıcılığında olan yenilikləri qeyd etməklə yanaşı, onun İran millətçiliyinin, türkçülüyü rədd edən mürtəce pan-İranizmin yaranmasında mühüm rol oynadığını da qeyd edir. Axundzadənin Türklük əleyhinə səsləndirdiyi fikirlərdən bir sıra İran ideoloqlarının bəhrələnməsi və onların Türk düşmənliyi fikir sistemini qurması da Nəsib Nəsiblinin məqalələrində öz əksini tapmışdır. Burada sual oluna bilər ki, belə olan halda Axundzadənin əsərlərini türkcədə yazmasının səbəbi nə idi? Nəsib bəy bunun cavabını “Türkçülüyümüzlə Azərbaycançılığımız” adlı məqaləsində verir: “...Rus siyasətinin başqa, daha önəmli özəlliyi isə buranın (Quzey Azərbaycanın E.C) əhalisini İran və Osmanlıdan yadırğatmaq və uzaqlaşdırmaq idi. Bu siyasətin ilk addımları Qraf Vorontsovun Qafqaz canişinliyi dövründə (184-54) atıldı. Onun Mirzə Fətəli Axundzadəyə dram əsərlərini yerli danışıq dilində yazmaqda israr etməsi faktı bəlli gerçəklikdir...”.
Müəllif Seyid Əhməd Kəsrəvi-Təbrizinin “Azəri, ya zəbane bastane Azərbayqan” (Azəri, ya Azərbayqanın qədim dili) adlı kitabının bu yöndə xüsusi rolu olduğunu vurğulayır. Adıçəkilən fars müəllifindən məqalədə gətirilən sitatlardan birində deyilir: “...Azərbaycan əhalisi İran dillərindən birində – Azəricə danışmışdır...”. Maraqlıdır ki, fars şovnizminin uydurması olan “azəri” kəlməsinə sonradan bəzi Güney Azərbaycandan olan tarixi simaların da əsərlərində rast gəlirik. Bu cür simalardan olan Əlirza Nabdil barədə söhbət açan Nəsib bəy, onun yanılışlıqlarına tənqidi mövqeyini bildirmişdir. Bütün hallarda məsələlərə obyektiv yanaşan müəllif bu barədə təhlilində yazır: “...mənsub olduğu etnik birliyin (Azərbaycan əhalisinin) adı ilə bağlı Nabdilin elmə dayalı bir fikri yoxdur, eyni səhifədə belə “Azərilər”, Türklər”, “Türk dilli”, “Azəri xalqı”, “Azərbaycanlılar” etnoniminə rast gəlinir. “Türklər” və “Türk dili”nin sinonimi kimi bol-bol işlədilən “Azərilər”, “Azəri dili” termini də elmi və obyektiv deyil, “Fars-Ariya şovinizmi”nin ixtirasıdır”. Yeri gəlmişkən, Nəsib bəyin bu sitatları əsasən Türkiyə Türklərinin işlətdiyi “azəri” kəlməsinin üstündən birdəfəlik xətt çəkilməsinin vaxtı olduğunu bizlərə bir daha xatırladır.
“Şahnamə” və Türklüyə qarşı siyasi-ideoloji basqı
Nəsib bəy “Sultan Mahmud, Şüubiyyə və Şahnamə” adlı məqaləsində Əbülqasim Firdovsinin “Şahnamə” əsərinin dərsliklərdə öyrədilməsini təəssüf hissi ilə qeyd edərək, bu əsərin qələmə alınması barədə yazılmış çeşidli fikirlərdən də bəhs edir. Bu məsələdə Tehran Universitetinin əməkdaşı, müəllifin diliylə desək, İran rəsmi tarixçiliyini alt-üst etmiş, bu tarixçiliyin siyasətin qulu olduğunu isbat etmiş Nasir Purpirarın fikirləri diqqət çəkir. Nasir Purpirar “Şahnamə”dəki fikirlərin Ə.Firdovsiyə aid olmadığını və onun əsasən sifariş yerinə yetirdiyini arqumentlərlə izah edib. Nasir Purpirarın mülahizələrinə məqalələrində geniş yer verən Nəsib Nəsibli bu barədə Təbrizli Əlinin “Ədəbiyyat və milliyyət” əsərində söylədiyi fikirlərini də şərh etməyi unutmayıb. Təbrizli Əliyə görə, Firdovsi “Şahnamə” əsərində əsas mövzunu Balkan Albaniyasının milli dastanlarından götürüb, əldə etdiyi hətta seyrək qaynaqları bir neçə adamdan və özəlliklə şair Əsədinin artıq yazmış olduğu şeirlərdən yığıb və ona ədavət qatıb. Müxtəlif mənbələrə istinad edən Nəsib Nəsibli qeyd edir ki, Firdovsi dilsiz (əcəm) farsları yaşatmaq üçün “başdan-başa buynuzlu yalanlarla dolu bir çuval” yaratdı, fars olmayanları aşağıladı. Məhz buna görə də, Sultan Mahmud Qəznəvi Firdovsiyə əsərin yazılmasına görə vəd etdiyi ənamı ödəmədi.
Müəllif kitabda yer almış məqalələrində İranın Türklüyə qarşı siyasi-ideoloji basqısından və bu təcrübədən Sovet rejiminin də yararlanmasından bəhs edir, şovinist siyasətin Stalin tərəfindən davam etdirildiyini də oxucunun diqqətinə çatdırır. Sovet dövründə bizə sırınmış saxta kimlikdən və bu sıradan təhrif edilmiş tarixi konsepti təfsilatı ilə izah edən müəllif ürək ağrısı ilə Amerikalı alim S.Enders Vimbuşdan sitat gətirir: “Bugünkü “Azərbaycanlı”lar dünyada analoqu olmayan xalqdır. Bildiyim qədərincə, heç bir yabançı qüvvə başqa bir xalqa, hətta Navaholara (ABŞ-dakı qırmızı dərili toplumlardan biri) belə, bu qədər uğurla yad kimlik sırıya bilməmişdir”. Lakin müəllif Türklüyün üzərinə qaldırılmış bu siyasi-ideoloji basqılara qarşı “Varlıq” dərgisinin naşiri və baş redaktoru Dr.Cavad Heyətin tutarlı, məntiqli əsaslarla yazdığı elmi fikirlərindən, eynilə Əli Kamalinin, Dr.Məhəmməd Tağı Zehtabinin aydın yazdığı qeydlərindən və Həsən Raşidinin köklü araşdırmalarından dəyərli nümunələr gətirir. Bəhs olunan problemin – Çağdaş Azərbaycan Türklüyünün etnogenezi məsələsinin həllinin ancaq Ümumtürk etnogenezi çərçivəsində mümkünlüyü və Türk xalqının tarixi qüdrətinin sarsılmaz olduğuna əminlik Nəsib bəyin məqalələrində öz əksini tapır. Onu da deyim ki, Nəsib bəyin təhlillərində Nasir Purpirarın bəzi fikirləri oxucunu nəinki düşündürür, hətta heyrətə gətirir. Fikir verin: “Dünya kültürü və mədəniyyətinin minəttdar olduğu əski Beynəlnəhrin mədəniyyəti Həxamənişlər (Əhəmənilər E.C.) tərəfindən aradan qaldırılmasa idi, 5000 il öncə ictimai qanunları hazırlayan bu mədəniyyət, heç şübhəsiz ki, sonrakı inkişaf sürəcində fəlsəfə, hikmət və digər elmlərin də təməlini atacaq və bəşər zəkasının əsası Qərbə ötürülmüş olmayacaqdı”. Bu, təbii ki, Nasir Purpirarın Şərq mədəniyyəti və tarixi ilə bağlı yüksək düşüncələrinin doğru nəticəsidir. Bunları düşünərkən o qənaətə gəlmək olur ki, doğrudan da yeni dünya düzəni Qərbdə protestantlığın baş qaldırması, yəni Xristian dininin təriqətlərə parçalanması ilə başlandı. Amma İslamda dinin təriqətlərə parçalanması prosesi VII əsrdə baş vermişdi. Bəs, bu parçalanma prosesi Şərqdə dini fanatizmi parçalayıb, siyasi inkişafı niyə doğura bilmədi? Ona mane olan hansı səbəblər idi? Nədən bizdə baş qaldıran ictimai, dini hərakatın doğuracağı milli və siyasi effekti əvvəlcə özümüz görə bilmədik? Onu Avropalılar götürüb inkişaf etdirdi və biz də öz təməllərimiz üzərində qurulmuş ideyanı onlardan öyrənmək üçün baş sındırmağa məcbur olduq? Bəli, bu barədə tarixçilərimiz hələ düşünməyiblər.
Kitabda farsların etnik mənsubiyyətinə və məlum ərazidə yerləşmə tarixinə də diqqət ayırılıb. Bu məsələylə bağlı müəllif yazır ki, Parsların miladdan təxminən 900 il qabaq indiki İran coğrafiyasına yerləşmələri, yəni buranın “avtoxon əhalisi” olmaması tarix elmi üçün bəlli bir hadisədir. Nəsib bəy bu məsələyə aydınlıq gətirmək məqsədilə Dr. Zehtabidən sitat gətirir: “Pasarqad qəbiləsinin başçılığı altında on Pars qəbiləsi şərqdən İran platosuna gəlmiş, onlardan oturaq həyat keçirən üçü indiki Fars əyalətində, qalan yeddisi Kirmanda yerləşmişdir. Bu on Hind-Avropa dilli el, Firdovsinin “Şahnamə”də göstərdiyi kimi, İran filatına (platosuna) gəldikdə, tam ibtidai həyat keçirmiş və sakin olduqları İran yerlərində yüksək mədəniyyətə malik olmuş yerli iltisaqi dilli xalqların: İlamlar, Kassilər, Ellipilərin neçə əsr rəhbərliyi altında yaşayaraq, onlardan mədəniyyət, qabaqcıl həyat və yaşayış, əlifba, yazı və sairə öyrənmişlər”. Bu yerdə oxuduğunuz yazının müəllifi olan bəndənizin “Göy ərləri, yaxud Borçalı türklərinin etnik tarixinə səyahət” elmi-publisistik əsərindən bir məqamı xatırlatmağı məqsədə uyğun hesab edirəm: “...müxtəlif mənbələrdən gəldiyim qənaətə görə, farsların əsilləri Cənubi Hindistanda ən aşağı təbəqəyə mənsub hüquqsuz, səfil pariyalar (pariya-pars-pers-fars) olub. Cənubi Hindistanda yaşayan pariyalar heç bir siyasi qüdrət və qabiliyyətləri olmadığından ömür boyu yabançıların idarələri altında qalaraq əsarətdə yaşamış və sonda bir-birindən uzaqlaşaraq müxtəlif bölgələrə dağılmışlar ki, bunların da bir qismi e.ə. IX əsrdən başlayaraq Azərbaycanın hüduduna gəlmiş və sonradan onların adları (pariya) yunan dilində “pers”, ərəb dilində isə “p” səsi olmadığından “fars” kimi tələffüz olunmuşdur. Ərəb xilafətinin hakimiyyəti dövründə isə bu ad bütünlüklə “fars” kimi qəbul olunmuşdur. Eləcə də, XIII əsrin dahi türk şairi, təsəvvüf elminin ən böyük simalarından olan Mövlana Cəlaləddin Ruminin fars dilini nəzərdə tutaraq, – Hindcə danışsam da, əslim türkdür, – ifadəsi də dediklərimizə bir misal ola bilər. Bu da sadaladıqlarımızın nəticəsi idi ki, bizim eranın VII-IX yüzillərində islam dinini qəbul etməyən fars kökənli yüz minlərlə maqlar (zərdüştçülər) köçüb babalarının əski vətəni olan Hindistana getdilər...”.
Nəsib Nəsibli Türk milli fikirinin yaranmasında rolu olan Həsən Bəy Zərdabi və “Əkinçi” qəzeti yazarlarının əməyini dəyərləndirməklə, milli özünüdərk məsələsində xüsusi yeri olan Əhməd Ağaoğlu, Əli Bəy Hüseynzadədən də ətraflı söhbət açır. Məqalələrdə türk milli şüurunun formalaşması yönündə Məmməd Əmin Rəsulzadənin İstanbuldakı “Türk yurdu” dərgisində çap etdirdiyi “İran Türkləri” başlıqlı altı məqaləsindən, eynilə “Qafqazya Türkləri” əsərindən sitatlar gətirən müəllif bu əsərlərin tarixi əhəmiyyətindən ağızdolusu danışır. O, həmçinin Məhəmməd Həsən Vəlili-Baharlının “Azərbaycan: Coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizat” kitabından geniş söhbət açır və ictimai-siyasi önəm daşıyan bu ideyaların təbliğinin 1937-ci ilə qədər davam etdiyini bildirir.
Bunlardan başqa, “Güney tarixində fədakarlıq və qəflət dönəmi” adlı məqalə xüsusilə diqqət çəkən faktlarla zəngindir. Burada XX əsrin əvvəlində “Məşrutə” inqilabından başlamış sonrakı hadisələr daxil Güney Azərbaycanda və ya bütünlüklə İranda baş vermiş hadisələr çox diqqətlə araşdırılıb, qələmə alınıb. Bu məqalədə o cümlədən türklərin bir qisminin assimilyasiyasına səbəb olan faktorlar, milli kimlik və dil problemi ilə bağlı dartışmalar, xristianların, xüsusilə erməni-aysor birləşmələrinin və kürdlərin Urmuda türklərin üzərinə qaldırılması, eləcə də, hadisələrə Osmanlı ordusunun müdaxiləsi, bölgədə İngiltərə, Rusiya, Almaniya kimi ölkələrin marağı, müstəqillik uğrunda aparılan mücadilələr, həmçinin Qacarların devrilməsi, Rza şahın hakimiyyətə gəlməsi və ümumiyyətlə hadisələrin gedişindən törəyən nəticələr maraqla izlənilmiş, çox aydın təsvir olunmuşdur.
Burada qeyd etmək yerinə düşər ki, özü demişkən fikir və əməl baxımından istiqlalçı olan Nəsib Nəsibli “Güneyli-quzeyli məsələlərimiz” kitabında “Türkçülük” və “Azərbaycançılıq” ideyalarının təşəkkül tapmasından, milli təfəkkürün formalaşmasından, ideoloji-siyasi irsin mənimsənilməsi, tərəqqisi, qələbəsi, süqutu və yenidən bərpa olunmasından, habelə bu gün də davam edən mübarizəsindən ətraflı bəhs edir. Eləcə də, bu milli mücadilənin Azərbaycanın quzeyində və güneyində yaşadığı tarixi məşəqqətləri və bugünkü durumunu oxucuya xatırlatmaqla, tarixi proseslərə özəl münasibətini, növbəti etapda etməli olduqlarımız barədə təkliflərini ortaya qoyur. Artıq İran molla rejiminin dramatik sonluğa çox yaxın olduğunu, Güneyin taleyüklü məsələlərinin həllinə Quzeyli Güneyli nə dərəcədə hazır olduğumuzdan narahatlığını yazıya gətirir. O, həm bu, həm Qarabağ probleminin həlli, həm dövlət quruculuğu və idarəçiliyində vacib islahatlar aparılması barədə, eləcə də Türk dünyasının bütövlüyü, ortaq dil məsələlərilə bağlı diqqətçəkən konsepsiyalarını sərgiləyir. Bütün bunları etməklə Nəsib Nəsibli tarixi missiyasını yerinə yetirir və həm də özü bir türk oğlu kimi tarixiləşir.
Təriqətçilik, millətləşmə, siyasət
Kitabda yer alan maraqlı məqalələrdən biri də “Millətləşmə sürəcində şiəliyin yeri”dir. Müəllif burada XVI əsrdən başlayaraq dünya düzəninin dəyişməsindən və məzhəblərin millətləşmə sürəcinə göstərdiyi böyük təsirdən bəhs edir. Bu proses Avropadan başlasa da, müəllifi ağrıdan əsas məsələ İranda şiəliyin təsiri ilə farslaşmış türklərin aqibətidir.
Nəsib Nəsibli həmin məqalədə insanların yeni dövrə keçid mərhələsinə də geniş izahat verir və bunun kökünü XIV-XV əsrlərdə Avropada gedən köklü sosial-iqtisadi gəlişmələr nəticəsində feodalizm pərdəsinin yırtılmağa başlamasında görür.
“Millətləşmə sürəcində şiəliyin yeri” adlı məqaləsində müəllif Səfəvi ailəsinin, onların hakimiyyətə gəlməsinin və teokratik dövlət qurmasının təfsilatlı tarixi ilə bağlı məlumat verməyi də unutmamışdır. Müəllifin araşdırmalarına görə, başlanğıcını Xəlvətiyyə və Qələndəriyyə sufi təriqətlərindən alan Səfəviyyə təriqətinin yaradıcıları şiəliyi qəbul etdikdən sonra, əsillərinin 21-ci nəsildə VII şiə imamı Musa Kazıma və 26-cı nəsildə İmam Əliyə dayandığını iddia etməyə başladılar, lakin bu məsələni araşdırmış tədqiqatçılara görə, Səfi ailəsinin seyidliklə, Peyğəmbər nəsli ilə heç bir əlaqəsi olmamış, ailənin məlum olan ilk tarixi şəxsi XII əsrin ikinci yarısında Ərdəbildə məskunlaşaraq əkinçiliklə məşğul olmuş Firuzşah Zərringülah (Qırmızıpapaq) adlı birisi olmuşdur. Bu tarixi faktlarla yanaşı Nəsib Nəsibli məqalədə Səfəvi ocağının siyasi mahiyyətə keçmə, şiəliyi qəbul etmə səbəblərini və onun ətrafında tərəfdarlarının sürətlə toplanmasını yaradan amilləri, tarixi faktları, siyasi sürəcləri bütün incəlikləri ilə şərh edir. Hətta o dövrdə Osmanlıda gedən daxili proseslərin, o cümlədən “millət-i hakimə” adlanaraq idarə edən Osmanlı sinifi ilə “millət-i məhkumə” adlanaraq idarə olunan Türk sinifinin bir-birini sevmədiyi səbəbindən bir çox Anadolu türklərinin də Səvəvi ocağı ətrafında birləşməsini sonuncuların güclənməsinə səbəb olaraq göstərir. Buna baxmayaraq, məzhəb ayrı-seçkiliyinin milləti parçalamasını diqqətdən qaçırmayan müəllif bu tarixi səhvi şah II İsmayılın və Nadir şahın ciddi cəhdlə yoluna qoymaq istədiyini, lakin heç cür nail ola bilmədiyi barədə də geniş söhbət açır. Müəllif Səfəvilər dövründən başlayaraq məzhəbin siyasətə alət edilməsinin Fars irqçiliynə xidmət etməsini və onun Azərbaycan türklüyünün özünütanımasına mane olduğunu təəssüf hissiylə qeyd edir və “Əhməd Ağaoğlu İran haqqında” adlı məqaləsində Əhməd Ağaoğlunun da bu məsələyə məntiqli tənqidi münasibətini oxucuya çatdırır.
Doğrusu, hər hansı sufi təriqətinin sünni və ya şiəyönlü olmasını düşünmək mənim üçün qurumuş bulaqdan su götürmək kimidir. Çünki təsəvvüf idrakla – ağlın ağlıyla bağlı olduğundan, orada siyasi formaya qətiyyən yer yoxdur. Ona görə də, hər hansı sufi təriqətinin sünni və ya şiəyönlü olması, məncə, təriqətin mahiyyətini itirməsi deməkdir. Bəzi ədəbiyyatlarda sufu təriqətlərinin mahiyyətcə bir-neçə yerə bölündüyünü, bir qisminin sünniyönlü, digərinin isə şiəyönlü və s. olduğunu yazırlar. Bu fikri tamamilə yanlış hesab edirəm. Çünki əgər söhbət vəhdəti-vücuddan, Haqqa qovuşmaqdan, Allahın kölgəsini öz könlündə tapmaqdan, hər şeyi Allahda görməkdən, eləcə də özünü Allahda, Allahı özündə aramaqdan gedirsə, demək bu ruhani bir hissdir, Ulu Ruhla təmas məsələsidir, İlahi eşqiylə bağlıdır. Belə bir İlahi məqamın nə məzhəb bölücülüyünə, nə irq ayrı-seçkiliyinə, nə din fərqinə, birsözlə təfriqəçiliyə heç bir dəxli yoxdur. Özü də o halda ki, təsəvvüf baş kəsməyin, qan tökməyin əleyhinədir, maddi varlıqların fani olduğunu təlqin etməkdə, insanı nəfsani olan hər şeydən çəkindirməkdə, onu Allahda yox olmaqda, yaxud Allahla bütövləşməkdə – vəhdəti-vücudda görməkdədir. Necə ki, – nə mən varam, nə sən varsan, var olan bir Allahdır, – deməkdədir. Ona görə də, hesab edirəm ki, “Səfəviyyə” əvvəl sufi təriqəti kimi formalaşsa da, sonradan şiəliyi özünə istiqamət seçməklə siyasiləşib və beləliklə də, onun sufilik mahiyyəti kölgədə qalıb.
Beləliklə, nə qədər çətin olsa da Nəsib Nəsiblinin cəmi-cümlətani 200 nüsxə ilə çap olunmuş qızıldan qiymətli “Güneyli-quzeyli məsələlərimiz” kitabı barədə fikirlərimi yekunlaşdırmaq istəyirəm. Amma çox istərdim ki, milli mədəniyyətimizə, dövlətçiliyimizə, bütövlüyümüzə, milli tariximizə işıq salan bu kitab bir milyon tirajla yenidən çap olunub, təmannasız olaraq Türk dünyası insanlarına paylanılsın. Çünki hər bir Azərbaycansevər, hər bir türksevər, hər bir millətçiliyimizə, dövlətçiliyimizə, milli-mədəni ənənələrimizə sayğılı insanın sevə-sevə oxuyacağı, maariflənəcəyi bir kitabdır. Lakin kitabın böyük tirajla çap olunması ya dövlət səviyyəsində olmalıdır, ya da bunu milli burjuaziya öz üzərinə götürməlidir. Elə bu yerdə Nəsib bəyin özündən sitat gətirmək istəyirəm: “Milli qüvvələrin ən çətin işlərindən biri milli burjuaziyanı milli işə cəlb etməkdir. Burjuaziya siyasətə çətin gəlir, həmişə çəkingən olur. Çünki sərvətini itirməkdən qorxur. Bu da normaldır. Amma burjuaziyanın böyük kəsimi milli işə qatılmayınca bu iş qabağa getməz...”.
Bakı, 06 mart 2014-cü il
YORUMLAR
biraz zorlansam da makalenizi büyük bir ilgi ve beğeni ile okudum.
mesele Türk meselesidir.
Asırlar süren ayrılığın bir an önce bitmesi ve Türk dünyasının biribirine yakınlaşması gerekir.
Bu da iyi tarihçilerle ve Devlet adamları ile olacaktır.
İnşallah o kitap Anadolu türkçesine çevrilir ve Ülkemizde satılır.
Kaleminiz daim olsun