- 965 Okunma
- 0 Yorum
- 0 Beğeni
Qadının əri tərəfindən döyülməsi nə deməkdir?
Elbəyi CƏLALOĞLU
Qadının əri tərəfindən döyülməsi nə deməkdir?
Hansısa Azərbaycan teatrında belə bir fraqment var: çoxarvadlı kişinin arvadlarından biri ondan “alışdım-yandım”, yəni o dövrün dəbdə olan qırmızı rəngli qadın geyimini istəyir. Ər isə bu istəyin əvəzində arvadını nəki var kötəkləyir. Maraqlıdır, arvad “alışdım-yandım” geyinsə nə olacaqdı ki? Bu, kişinin büdcəsinəmi ziyan vururdu, yoxsa qısqanclıq əlamətiydimi? Həmin tamaşa əski dövrləri əhatə etdiyindən, bunun qısqanclıq əlaməti olduğu inandırıcı deyil. Bu, olsa-olsa çoxarvadlılığın acı nəticəsi ola bilərdi, yəni birinə aldınsa, o biri arvad da tələb edə bilərdi. Demək bu, büdcə məsələsi olub. Birdə ki, axı, o vaxtlar qatı islamçılığa uyğun olaraq bir kişinin arvadını başqa kişi görə bilməzdi. Belə şeylər ayıb sayılardı. Lakin vəziyyətdən ağılla çıxmağı bacaran kişilər də var idi. Misal olaraq rəhmətlik babamın söylədiyi bir rəvayəti diqqətə çatdırım. Bir kişinin üç arvadı var imiş. Arvadlar kişisini bir-birinə qısqanırmış. Kişi çox götür-qoy etdikdən sonra üç ədəd göy muncuq alır və xəlvəti ayrı-ayrılıqda arvadlarına təqdim edərək, – o biriləri bilməsin aa, bu muncuğu sənin üçün almışam, – deyə möhkəmcə tapşırırq verir. Sonra da, hər dəfə evə daxil olanda, – göy muncuq kimdədir, mənim gözüm ondadır, – deyirmiş... Hər halda bu, köhnə vaxtlar idi. Bəs indi, XXI əsrdə necədir, arvadın əri tərəfindən döyülməsi nədən irəli gəlir, bunu törədən hansı amillərdir? Həm də nəzərə alaq ki, savadlı cütlüklər uyğunlaşa bilmədikdə sivil qaydada ayrılmağa qərar verir və onların arasında belə halların baş verməsi absurd görünür. Lakin bəhs etdiyimiz situasiyanın yaranması cütlüklərin ikisindən birinin, yaxud da hər ikisinin savadsız olduğu halda ehtimal oluna bilər. Müşahidələrimə əsaslanaraq, bu mövzuyla bağlı 7 müddəa söyləyə bilərəm:
Birinci halda, kişi qorxaq – ağciyər olur. Təbii ki, onun ətrafındakılar hamılıqla intellektual səviyyəyə malik olmur. Qorxaq kişi də müxtəlif düşüncəli insanlarla görüşür və o, bəzən tənqid və təhqirlərlə üzləşir, lakin ya qorxusundan, yaxud da söz qıtlığı və ya məntiqsizliyindən cavab verməkdə aciz olur. Beləliklə, onun daxilində aqressiya baş qaldırır. İnsanlıqda və həyatda hər gedişin qayıdışı və ya alınanın verilməsi mövcud olduğundan, qorxaq insan da daxilində toparlanan aqressiyanı boşaltmaq məcburiyyətində qalır. Amma haraya? Təbii ki, gücünün çatdığı obyektə. O, daxilində cərəyan edən “intiqamı” ən ali varlığa tətbiq etmək istəyir. Bir çox hallarda aqressiyanın qurbanı onun arvadı olur, istisna hallarda isə qurban hansısa heyvan və ya əşya da ola bilər. Bu sıradan, hətta öz bədəninə zərər yetirənlər də az deyil.
İkinci halda, gözəgəlimli xanımın əri özünə güvənmir. Bu da, onun qısqanclığına səbəb olur. Bu cür kişilər xanımını hər yoldan ötənə qısqanır, hətta təsadüfən xanımına baxanı da az qala arvadının aşiqi hesab edir. Lakin əlində fakt olmadığından, yoldan ötənə söz deyə bilmir (qorxaqlıq və savadsızlıq əlaməti burada da öz sözünü deyir), nəhayət, işgəncəyə məruz qalan yenə də zavallı qadın olur.
Üçüncü halda, bu xoşagəlməzliyi yaradan tərbiyəsizlik və əxlaqsızlıq olur. Bu, hər iki tərəfdən ola bilər, lakin söhbət normal qadından gedir, əks haldan danışmaq mənasız olardı. Əgər günahkar kişidirsə, etiraz edən təbii ki, arvad olacaq. Belə vəziyyətdə ər öz günahını ört-basdır etməyə nail ola bilmədiyindən, yumruğunu işə salmağı ən gözəl vasitə hesab edir.
Dördüncü halda, qadının yüngül xasiyyət olması, məsələn, yersiz və şit gülüşü, kişilərə cəlb edici baxışı, kişilərin söhbətinə yersiz müdaxiləsi və s. dediklərimizə səbəb ola bilər.
Beşinci halda, ərlə arvadın təfəkkürü mezalyans yaratdıqda, yəni onlar tamamilə əks qütblərin insanları olduqda bu hal baş verə bilər. Məsələn, biri məntiqə, təcrübəyə və elminə sığınır, o birinin isə bunların heç birindən anlayışı yoxdur, birsözlə, heyvani hisslərlə davranır. Bu halda istər-istəməz ərlə arvad arasında olan normal rabitə pozulur. Lakin onların hər ikisinin və ya ikisindən birinin savadlı-savadsız olmağının məsələyə o qədər də dəxli yoxdur, vacib olan məntiq və təcrübədir. Çünki savadla məntiq bir-birinə qarışımır. Belə ki, insan savadlı və dayaz məntiqli, yaxud da yüksək məntiqli və savadsız ola bilər. Müşahidələr göstərir ki, xüsusilə ərin yüksək məntiq sahibi, arvadınsa məntiqsizliyi ucbatından bir çox hallarda nigah pozulur, lakin istisna hallar var. Belə ki, onları ayrılmağa qoymayan ortaq övladları və bunun müqabilində də əksər hallarda el qınağı məsələsi öndə durur. Bu halda işgəncələrlə yenə də zərif cins üzləşməli olur.
Altıncı halda, qadının yüksək təhsilə malik, kişinin isə xudpəsənd və savadsız olması bu situasiyanın mənbəyinə çevrilir. Belə bir vəziyyətdə ər arvadını yüksək təhsilli olduğuna görə, daha doğrusu özündən üstün gördüyü səbəbindən onu aşağılamaqla öz nüfuzunu yüksəltməyə can atır, lakin mübarizəsini ömür boyu davam etdirsə də, yenə narazı qalır, çabaları onu qane etmir. Çünki hər addımda qarşısında özündən ağıllı olan xanımını görür.
Yeddinci halda isə, ailənin sosial problemləri, ifrat kasıbçılığı dayanır. Bu vəziyyətin uzun müddət davam etməsi ən təhlükəli vəziyyətə gətirib çıxara bilər. Belə ki, cütlüklər arasında səbirsizlik, anlaşılmama davamlı mübahisələrə səbəb olur, beləliklə də, tədricən ya kişi əyyaşlığa başlayır, ya da qadın cızığından çıxır. Bunun isə sonu hamıya məlumdur – əvvəlcə fiziki və mənəvi iztirablar, sonra da, yaranmış vəziyyət korlanmış düşüncəyə ya boşanma, ya da amansız işgəncə (qətl də ehtimal oluna bilər) diqtə edir.
23 yanvar 2014-cü il
YORUMLAR
Henüz yorum yapılmamış.