- 787 Okunma
- 0 Yorum
- 0 Beğeni
Güneyli aşıqlarımız daha mötəbər hesab olunmalıdır...
Elbəyi CƏLALOĞLU
Güneyli aşıqlarımız daha mötəbər hesab olunmalıdır...
Hər dəfə Güney Azərbaycan aşıqlarından söz düşəndə həzin, kövrək, arxitektonikası daha çox hicran-həsrət üzərində qurulmuş aşıq havaları, aşıq mahnıları içimdə baş qaldırır. Güney aşıqlarının hamısında sanki eyni ifa allitersiyası var – oxuduqları sözlərdə xiffət, yanğı, havacatlarında nisgil. Bundan başqa, onlar ifa etdiyi havaları çox uyğun və maraqlı aranjimanla başlayıb, ona könül ovsunlayan xallar, güllər əlavə etməklə seyrçininin ürəyinə ustalıqla yol tapırlar. Barəsində söhbət açdığımız aşıqların ifasına hələki bayağı güllər, şit xallar sirayət edə bilməyib.
Güneyli aşıqların zil səsi, şirin avazı, incə intonasiyası məni xəyalən gah Araza qovuşdurur, gah Səfəvilər xanəgahına, Güney Azərbaycanın tarixi istiqlal savaşlarına çəkir, gah da bu günün müdriklik mübarizəsinə, ağıl döyüşünə səsləyir. Təbii ki, bu duyğulanmanın kökündə dayanan nəsnələrin nədən ibarət olduğunu bilməyən bir Azərbaycan övladını təsəvvür etmək çətindir. O taylı-bu taylı hamımızın hələ də fəthini arzu olaraq içimizdə yaşatdığımız böyük bir zirvə var. O zirvənin özününkü olduğunu dərk etməklə “türkəm” deyən hər kəs bu incə və müqəddəs yolda gərgin əmək sərf etməyi, fədakarlıq göstərməyi özünün müqəddəs borcu hesab etməlidir. Çünki dərk olunmadan edilən ziyarət ulu dərgahda qəbul olunmaz.
Güney Azərbaycan aşıqları dörd ildir ki, Böyük bəy Hacı Ələkbəroğlunun başçılığı ilə “Borçalı” cəmiyyətinə də təşrif buyururlar. Bir çox tədbirlərimizdə, o cümlədən “Dədə Camal” məclislərində, “Elat” bayramında, yaxın dostların toy məclislərində, eləcə də dövlət səviyyəsində keçirilən yubileylərdə, bədii proqramlarda və Azərbaycanın TV kanallarında mütamadi iştirak ediblər, öz füsünkar ifaçılıq məharətini göstəriblər. Bu sırada şairlərdən Hüşəng Cəfəri, Səttar Məhəmmədi, aşıqlardan Məhbub Xəlili, İbrahim Qaradağlı, Muxtar Qayabaşi, Əbülfəz Qayabaşi, Bulud Qayabaşi, Havar Qayabaşi, Cavad Məhərrəmi, Bəhmən Qurbanzadə, Davud Qaradağlı, balaban ustalarından Yusif Məhərrəmi, Hüseyn Bəxşi və başqalarının adını çəkmək olar. Hətta bir çox digər Güneyli sənətkarların bu arzuyla yaşadığı bizlərə məlumdur. Bundan başqa, Təbrizli “Odlar” rəqs qrupunun bu ilki Elat bayramı festivalındakı iştirakını qeyd etmək də yerinə düşər. Bu qrupun çeşidli rəqs nümunələri festivalı xüsusi olaraq rövnəqləndirdi.
Burada bir məsələni də vurğulamaq lazımdır. Belə ki, çoxlarının etməli olduğu bu mötəbər təmasların və arzuolunan gediş-gəlişin tarixi məsuliyyəti Böyük bəyin üzərinə düşüb və o, bu yükü böyük sevgiylə daşımağı bacarır. Bu tayda isə Güneyli qardaşlarımıza qucaq açmağı, onları sevgiylə qarşılamağı hər bir azərbaycanlı özünə borc bilməlidir. Onu da deyim ki, “Borçalı” cəmiyyətiylə mütamadi ilgi yaratdığını, Quzey Azərbaycan və Borçalıyla Güney Azərbaycan əlaqələrini intensivləşdirdiyini yüksək qiymətləndirən “Borçalı” cəmiyyətinin İdarə Heyəti Böyük Bəy Hacı Ələkbəroğlunu (o, həm də “Borçalı” cəmiyyətinin Güney Azərbaycan təmsilçisidir) bu il “El Adamı” nominasiyası ilə mükafatlandırdı. Təbii ki, Böyük bəyin Güney Azərbaycanlı soydaşlarımızla Quzey Azərbaycan və Borçalı ictimaiyyəti arasında yaratdığı mütəşəkkil görüşlər, isti yaxınlaşmalar daha böyük mükafatlara layiqdir. Mədəniyyətimizin, folklorumuzun tədqiqi, təbliği və inkişafı ilə birbaşa məşğul olan bir sıra rəsmi qurumların, QHT-lərin olmasına baxmayaraq, hər hansı fərdin və ya qrupun milli maraqlarımıza yönəlik təşəbbüsünün dəstəklənməsinə tərəfdar olduğumuzu da etiraf edirik. Onun fəaliyyətini aşağılayan yazılar və dedi-qoduların arxasında isə, tutduğu düz yoldan sapdırmaq istəyinin dayandığına şübhə yeri qalmır.
Məncə, Güneyli aşıqlarımız daha mötəbər hesab olunmalıdır, çünki ana dilimizdə bir məktəbi belə olmayan, hər tərəfdən müxtəlif yönlü təzyiqlərlə üz-üzə qalan, mədəni, mənəvi, irsi inkişafı hər vəchlə məlum rejim tərəfindən əngəllənən Güneyli soydaşlarımız-qardaşlarımız arasında milli ruh və milli mədəniyətimizin təbliğatçısı, daşıyıcısı məhz aşıqlardır. Qeyri-rəsmi statistikaya görə Güney Azərbaycanda 1500-ə qədər aşıq, 100-dən çox sazbənd və 460-a yaxın balabançı fəaliyyət göstərir. Təsəvvür edin, 200-400 iştirakçıdan ibarət bir Təbriz, Urmiya, Qaradağ, Sulduz, Zəncan toyunda Aşıq Kamandarın, Azaflı Mikayılın, Əkbər Cəfərovun və s. repertuarı, Dirili Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Ələsgərin, Aşıq Şəmşirin, Növrəs İmanın, Aşıq Şenliyin, Dərya Məhəmmədin, Səməd Vurğunun, Hüseyn Cavanın, Hüseyn Arifin, Osman Sarıvəllinin, Zəlimxan Yaqubun, Səadət Butanın yaradıcılıq nümunələri dinlənilir. Milli mədəniyyətin bundan gözəl təbliğatı ola bilərmi?! Bu nümunələrin hökmən fayda verəcəyi, milli mənəvi bütövlüyümüzün təmin olunmasına bəhrə verəcəyi qənaətindəyəm. Ona görə də, bu yolu milli mücadilə tariximizin kiçik, amma əhəmiyyətli bir hissəsi hesab etmək də olar.
Beləcə, Böyük bəy Hacı Ələkbəroğluna bundan sonrakı fəaliyyətində də uğurlar arzulayaraq yazıma nöqtə qoyuram.
Bakı, 03 dekabr 2013-cü il
YORUMLAR
Henüz yorum yapılmamış.