- 966 Okunma
- 0 Yorum
- 0 Beğeni
TENHA AĞACIN TALEYİ
TƏNHA AĞACIN TALEYİ
(Bir kəndin faciəsi)
Xəyalım aparır məni keçmişə.
Uşaqlıq yadıma düşür həmişə.
Keçir xəyalımdan belə bir zaman,
Havalar açılır çəkilir duman.
Şindinin üstündə əriyir qarı.
Günəş də qızdırır açır yolları.
Torpağın canına istilik keçir.
Bulağın gözündən qartal su içir.
Təbiət oyanır açır gözünü,
Aşıqlar kökləyir telli sazını.
Bir ağız oxuyur bahardan, yazdan,
Qeyrətli oğuldan, namuslu qızdan.
Dəyişir anba-an dağların donu,
Bahara tərəfdir rüzgarın yönü.
Yenə fəsillərin gəlir göyçəyi,
Açılır dağların gülü, çiçəyi.
Gəlir xəyalıma məktəb illəri,
Sağında-solunda qızıl gülləri.
Məktəbin önündə ağac əkərdik.
Zaman-zaman qayğısını çəkərdik.
Anamız qırmızı qalustuk taxıb,
Fərəhlə oğluna-qızına baxıb,
Sevinclə məktəbə yola salardı,
Gözləri yaşarıb xoşbəxt olardı.
Komsomol nişanı sinəmiz üstə,
Qürur mənbəyiydi hər duyan kəsdə.
Bir gün hələ kiçik çillə çıxmamış,
Dağlar çiçəklərdən kəmər taxmamış.
Komsomolçuları yığıb seçdilər,
Hər birisi sınaqlardan keçdilər.
Direktor söylədi:- əziz uşaqlar,
Sizdən bir təmanna, xahişimiz var.
Bi azca əziyyət çəkməlisiniz,
Hərəyə üç ağac əkməlisiniz.
Şindinin dalında böyük bir meşə,
Ağaclar boy-boya verir həmişə.
Çinarı, Qovaği, Vələsi vardır,
Palıdı, Fıstığı budaq-budaqdır.
Komsomol karvanı Şindini aşdı,
Bu bir öhdəlikdi, bu bir yarışdı.
Beləcə biz gəlib meşəyə çatdıq.
Hərəyə üç dənə Qovaq çıxartdıq.
Bax o, gün çox şirin xatırə günüm,
Heç zaman yadımdan çıxmayır mənim.
Hər ağac dibini qazıb eşmişdik,
Yamanca yorulub əldən düşmüşdük.
Qayıtmaq isdədik axşama doğru,
Acından ölürdük, canda da ağrı.
Yeməyə heç kimin heç nəyi yoxdu,
Hərə öz yükünü belinə taxdı.
Məmməd müəllimsə birdən dilləndi:
-Uşaqlar bir azca dincəlin dedi.
Bu zaman xurcunun ağzını açdı,
Çörəyin ətiri ətrafa saçdı.
Elə bil gözümüz işığa gəldi,
Yedikcə halımız bir az düzəldi.
Mən, on üç yaşında bir uşaq idim,
Çörəyi olduqca iştahla yedim.
Yadımda qalmadı çörəyin adı,
Unuda bilmədim o ləziz dadı.
Sonra da dirçəlib yola düzəldik.
Qaranlıq düşməmiş məktəbə gəldik.
Sabahı yuxudan həvəslə durduq,
Ağacdan məktəbə bir dövrə vurduq.
Mən isə birini gətirdim evə.
Həyətə basdırdım çox sevə-sevə.
Körpə Qovaq münbit bir yerə düşdü,
Üstündən həftələr, çox aylar keçdi.
Böyüdü-böyüdü qol-budaq oldu,
Qapımız qonaqla-qarayla doldu.
Atam kölgəsində bir taxt da qurdu,
Uşaqlar hər günə növbəyə durdu.
Günün isttisində növbə tutardıq,
Girib kölgəsində rahat yatardıq.
Çox məclislər keçirildi altında,
Möhürləndi yaddaşımın qatında.
Qocalar altında yığışardılar,
Imandan, Qurandan danışardılar.
Hər nahar zamanı gəlinlər-qızlar,
Süfrəni açaraq ərini gözlər.
Bizsə səkkiz qardaş, beş bacı idik,
Hər ilin yayında qonaq gəlirdik.
Otuza çatardıq süfrə başında,
Böyük səksən, kiçiyi beş yaşında.
O xoş günlərdən bir xatirə qaldı,
Bir bəla dünyanın başını aldı.
Göylərdən, yerlərə zülmətlər endi,
Qaranlıq bürüdü böyük bir kəndi.
Insanlar köç etdi işığa doğru,
Zülmətdə çoxunun yarıldı bağrı.
Kənd dağıldı, yavaş-yavaş boşaldı,
Kələfimiz çözülməyən iş oldu.
O gündən ağacım tənha yaşadı,
Bir zamanın əzabını daşıdı.
Gəlmədi altına qonaq- qarası,
Ağırlaşdı sinəsində yarası.
Atamın kəndə düşmədi yönü,
Qürbətdə el dərdi öldürdü onu.
Yenə də ötüşdü aylar, fəsillər,
Keçdi ömrümüzdən əzablı illər.
Açıldı havalar, çəkildi duman,
Ancaq öz işini görmüşdü zaman.
Gözəl dünya zalımlara qalmadı,
Kəndimiz boşalıb tam dağılmadı.
Bu kəntdə yaşayıb qalanlar oldu,
Əcəli yetişib ölənlər oldu.
Keçdi o zamandan uzun bir ara,
Hələ sağalmamış vurulan yara.
Yenə də səcdəyə ketmişdim kəndə,
Qansız fələk salıb bizi kəməndə.
Həyəti gəzdim bir az dolandım.
Kimsəsiz görüncə alışdım, yandım.
Uçulub sökülüb həyət-bacamız,
Dərd gətirib gündüzümüz-gecəmiz.
Baxıram o yana , bu yana doğru,
Keçir ürəyimdən dəhşətli ağrı.
Lal oldum, kəsildi söhbətim, sözüm,
Qovağın yerinə sataşdı gözüm.
Kəsilib dibindən mənim ağacım,
Necə çarəsizəm, yoxdu əlacım.
Başım dumanlandı, gözüm qaraldı,
Dizlərim qatlandı, dünyam daraldı.
Sel kimi töküldü gözümün yaşı,
Ələndi başıma fələyin daşı.
Tutdular qolumdan, dura bilmədim,
Çəkildim məhşərə, dara bilmədim.
Biz qurban getmişdik bir siyasətə,
Ağac qurban oldu kor siyasətə.
Dedilər:- qış vaxtı qonşu kəsibdir.
Kəsəndə əlləri tir-tir əsibdir.
Qış çox sərt gəlibdir, soyuq olubdur.
Insanlar ocaqsız, odsuz qalıbdır.
Buz tuturmuş yataqdakı döşəklər,
Soyuqdan donurmuş körpə uşaqlar.
Mənim ağacım da kəsilib o vaxt,
Deməli üzünə gülməyibdi bəxt!...
YORUMLAR
Henüz yorum yapılmamış.