- 1306 Okunma
- 1 Yorum
- 0 Beğeni
Xatirəyə dönmüş insan!
Ölüm sevinməsin qoy, ömrünü vermir başa,
Sevərək yaşayanlar, sevilərək ölənlər!
S. Vurğun.
Adını çoxdan eşitsəm də, şəxsən tanışlığım yox idi. Amma gözəl ziyalı olduğunu bilirdim. Ona görə də görüşməyə, yaxından tanış olmağa fürsət axtarırdım...
Bir neçə il bundan əvvəlin söhbətidir. Bolnisi rayonunun Dəmirli kəndində əmim qızının evində, Hüseyin müəllimin ailəsində qonaq idim. Axşam üstü Hüseyin müəllimin həyat yoldaşı ilə nə barədəsə danışdıqlarını eşidib onlara yaxınlaşdım. Hüseyin müəllim məni görüb dedi:
-Sən narahat olma. Mən Gülarəyə tapşırmışam. O sənin rahatlığın üçün nə lazımsa edəcək. Mən isə qonşuda yas yeri var, ora getməliyəm. Bəlkə bir az gecikdim.
Mən o kənddə bu ailədən başqa heç kəsi tanımırdım. Özümdən asılı olmayaraq: “Kimdir rəhmətə gedən?” – deyə soruşdum.
-Bir nəfər qadındır, bizim qohumdur. Sabah ildönümüdür. Oğlu Əlövsət də Bakıdan gəlib. Mən orada olmasam yaxşı düşməz! – deyə Hüseyin müəllim cavab verdi.
-Bu hansı Əlövsətdir, Əlövsət Osmanlı olmasın? – deyə qeyri-ixtiyari dilləndim.
-Özüdür ki var! Yoxsa siz tanışsınız?
-Yox, tanış deyilik, adını çox eşitmişəm. Tanış olmağı çoxdan arzu edirəm.
-Elə isə dur getdik! – deyə Hüseyin müəllim ərklə qolumdan tutdu. Mən bir az çəkingən də olsa, razılaşdım...
Qaş qaralmışdı. Həyətdə sabahkı mərasim üçün hazırlıq işləri gedirdi. Bir tərəfdə kiçik stol qurulmuş, ətrafında bir-neçə nəfər əyləşib söhbət edirdilər. Bizi görəndə bir nəfər ortaboylu, qarayanız bir oğlan ayağa durub bizə yaxınlaşdı və Hüseyin müəllimlə çox səmimi və mehribanlıqla görüşdülər. Hüseyin müəllim məni ona təqdim elədi:
-Əlövsət, bu oğlan mənim qaynımdır. Kürüstündə yaşayır. Bu gün qonağımız idi. Evdə darıxmasın deyə onu da özümlə gətirmişəm. Özü də din xadimidir. Adı Əflatundur. Ara-sıra yazmağı da var.
-Ayə, sən Molla Əflatun Keşəli döyülsən? – deyə üzünü mənə çevirib soruşdu. Mən təsdiq eylədim. Mənimlə xüsusi görüşüb oturmaq üçün yer göstərdi...
Gecədən xeyli keçənə qədər söhbət eylədik. Onun səmimiyyəti, xoşrəftar olmağı məndə o qədər xoş duyğular oyatdı ki...
Arada məni haradan tanıdığını soruşdum.
-Kitabını oxumuşam. – dedi. Xoşuma gəlib. Növbəti kitabını özüm hazırlayacağam! – deyə, telefon nömrəsini də verib; “Sabah gəl, mərasimimizdə iştirak eylə.” – deyərək təkidlə əlavə etdi...
...O gündən xeyli vaxt keçib. Amma sənin o gülümsər sifətin, mehriban baxışların hələ də gözümün önündədir... Bu günlərdə internet saytlarında yer alan qəfil xəbər məni dərindən sarsıtdı. Əlövsət Osmanlının ölüm xəbəri beynimdə ildırım kimi çaxdı! Bu nə qara xəbər idi? Özümü ələ ala bilmədim...
...Allahın yaratdığı ən gözəl məxluqlara “Mələk” deyirik. Sən mələk idin qardaş! Mələklər cərgəsinə də qarışdın. “Ölüm” yoxluq deyil. Sən səni sevənlərin qəlbində əbədi yaşayacaqsan. Amalların həyatda öz yerini tapacaqdır...
Kim qalıb ki dünyada,
Dünya kimə qalasıdır?
“Hər can ölümü dadacaqdır!” - buyurur uca dinimiz! Onu sən də daddın. Artıq, yerin behişt aləmidir. Bu dünyanın keşməkeşləri, qalmaqalları səni aramızdan vaxtsız apardı. Ancaq hər bir xeyirxah insanın gözəl əməlləri onu bu dünyada həmişəyaşar edir. Sən həmişə qəlbimizdə yaşayacaqsan! Sən həmişə bizimləsən!
Allah sənə qəni-qəni rəhmət eyləsin! Amin!!!
10.09.13.