- 884 Okunma
- 0 Yorum
- 0 Beğeni
"Region PRESS"ə məktub və yaxud bir şerin açıqlanması
Hörmətli "Region PRESS" qəzetinin redaksiyası!
Əvvəlcə sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Sonra isə qəzetin bütün əməkdaşlarına, Fazil müəllimə və Binnət müəllimə öz dərin minnətdarlığımı bildirirəm ki, belə bir gözəl qəzet təsis etmisiniz. Qəzetin səhifələrində gedən bütün yazılar oxucularda dərin maraq doğurur və həvəslə oxunur. Mən bir oxucu kimi qəzetin hər sayını səbirsizliklə gözləyir, oxuduqdan sonra isə şəxsi arxivimdə onları mühafizə edirəm. Ancaq təəssüf edirəm ki, hər sayını müntəzəm olaraq ala bilmirəm.
Bir neçə gün əvvəl əziz və hörmətli dostum, şair Mülkədar Nadirin mənə hədiyyə kimi verdiyi qəzetin 31.08.2010-cu il tarixli 24-cü nömrəsini vərəqləyirdim. 5-ci səhifədə hörmətli Təhməz müəllimin "Üç ozandan üç tapıntı və ya xatirələr işığında" sərlövhəli məqaləsi diqqətimi cəlb etdi doğrudan da təqdirə layiq bir məqalədir. İtib-batmış söz sərvətimizi axtarıb üzə çıxarmaq hər bir qeyrətli vətəndaşın mənəvi borcudur. Buna görə də Təhməz müəllimə öz dərin təşəkkürümü bildirirəm. Müəllif məqalənin sonunda ikinci şerin başa düşülməsində çətinlik çəkildiyini və mənasının açıqlanmasını xahiş edir. Mən də onun bu xahişini qəbul edib imkanım daxilində bir açıqlama yazdım. Lazım bilib qəzetdə dərc etsəniz minnətdar olaram.
Əvvəlcə onu deyim ki, Vannı Göyçək haqqında heç bir məlumatım olmasa da onun çox qabil, yüksək savadlı, dini mükəmməl bilən bir şair olduğunu şerlərindən aydın gördüm.Ələlxüsus "Gözələm məni" rədifli qoşma nadir sənət incisidir. Əlbəttə hər üç şer çox yüksək sənətkarlıqla yazılıb. Ancaq adı çəkilən qoşmada xeyli orfoqrafik səhvlər və sözlərdə təhriflər gedib. Bu da ondan irəli gəlir ki, şer çox dərin dini məzmundadır. Şeri başa düşmək üçün dini ifadə və ibarələri dəqiq bilmək lazımdır. Artıq sözə lüzum duymadan şerin təfsirini verirəm.
Şerin sərlövhəsi "Gözələm məni" deyil, "Gözəl "Əmmə"ni" olmalıdır. "Əmmə" Qurani-Kərimin 78-ci surəsi olan "Nəbə" surəsinin ilk ayətinin 1-ci sözüdür. Ayədə deyilir: "Əmmə yətəsaəlun." Mənası: "Onlar bir-birlərinə nədən soruşurlar?" deməkdir. Şer bu surəni sevdirməyə həsr edilib.
Məlimdur ki, "Bismillah" sözü (Allahın adı ilə) deməkdir və Qurani-Kərimin ilk sözüdür. Sonra gələn yarımmisra "Natiqi-Quran"dır. Yəni: "Quranı gözəl nitq ilə oxuyan" deməkdir. "Elmi-həqiqətdən" məqsəd Allahın elmidir və onda insanlara verilən gözəl bəyanatlar vardır. Bu bəyanatlardan biri də "Nəbə" surəsidir ki, ona "Əmmə" də deyilir.
2-ci bənd daha maraqlıdır. "Əlifba" sözü ərəb həriflərinin 1-ci və 2-ci səsləridir və bu söz bütün səsləri içinə alan hərflər deməkdir. "Əlif" hərfinin əlifbadda ilk yeri tutması və bir düz xətlə verilməsi hər şeydən uca olan Allaha və onun təkliyinə işarədir. "Bey" isə "bəşər", yəni insanlar deməkdir. Burada Allah və insan arasında irtibat qurulur. "Beyi baratnan" yarımmisrası Allahdan insanlara verilən "barat", yəni mükəmməl şəkildə yazılmış qiymətli bir şey. Bu isə Qurani-Kərimdir ki, içərisində "Təbarəkə" surəsi də vardır.Bu surə Quranın 67-ci surəsidir və bu surəyə "Mülk" surəsi də deyilir. "Qərairət" sözü "qiraət", yəni oxumaq deməkdir.
3-cü misra "Vəlnazatı gördüm vərmürsəlatnan" şəklində verilmişdir. Quranın 79-cu surəsi "Vənnaziat" adlanır. Mənası "söküb çıxaran" deməkdir. 77-ci surə isə "Vəlmürsəlat"dır, "göndərilənlər" deməkdir. Hər iki surədə günahkar bəndələrin ruhlarını "göndərilən" mələk vasitəsi ilə "söküb çıxaran" və mömin bəndələrin ruhlarını gözəl bir şəkildə alıb müvafiq olaraq cəhənnəmə və cənnətə qoyulmasından danışılır. 78-ci surə isə "Əmmə" surəsidir ki, burada da cəhənnəm və cənnətin nə cür bir yer olmaları haqda ilahi bəyanat vardır. 3-cü və 4-cü misralarda deyilir ki: "Vənnaziat" və "Vəlmürsəlat" surələri gözəl "Əmmə"ni araya almışdır.
3-cü bənd dini-fəlsəfi məzmundadır. "Aşiq-Məşuq" Yaradanın yaratdıqlarına məhəbbəti və yaradılmışların da Yaradana sevgisidir. "Məhbub" sözü də "sevgili, yar" deməkdir. Bu bir təriqət istilahıdır. Ümumilikdə isə Allah və peyğəmbəri nəzərdə tutulur. Şair deyir ki, Allaha və onun peyğəmbərinə uymasam, canımı sevgili peyğəmbərə qıymasam üstümdə "İnna fətəhna"nı başabaş oxu. "İnna fətəhna" Quranda 48-ci "Fəth" surəsinin 1-ci ayətinin ilk sözləridir. Ayətin mənası belədir: "Biz sənə açıq-aşkar bir qələbə bəxş etdik." Bu surədə peyğəmbərin "Hüdeybiyyə" deyilən yerdə kafirlərə qarşı qələbəsindən söhbət gedir. Bəndin mənası belədir: Allaha və peyğəmbərə uymasam, canımı onlara qıymasam "Fəth" surəsi ilə məni kafirlər kimi həlak elə, ancaq üstümdə gözəl "Əmmə"ni oxumağı da unutma.
4-cü bənd özü özlüyündə aydınlaşır. Ancaq 2-ci misradakı "bəyaz" sözü iki mənalıdır. 1-ci mənası "ağ, təmiz" deməkdir. 2-ci mənası isə ən gözəl dualar və zikirlər yazılmış ibadət kitabıdır.
Beləliklə, şerin məzmunu tam dini xarakter daşıyır və forması aşağıdakı şəkildədir:
Gözəl "Əmmə"ni
Əzəli Bismillah, natiqi-Quran,
Gəl tərif eyləyim gözəl "Əmmə"ni.
Elmi həqiqətdən verildi bəyan,
Dönən yerdə gördüm gözəl "Əmmə"ni.
"Əlifi-bey"inən, beyi baratnan,
Oxu "Təbarək"i qiraətinən.
"Vənnaziat"ı gördüm "Vəlmürsəlat"nan,
Almışdı araya gözəl "Əmmə"ni.
"Aşiq-Məşuq"una uymasam əgər,
Canım məhbubuna qıymasam əgər,
"İnna fətəhna"nı oxu sərbəsər,
Hərdən də unutma gözəl "Əmmə"ni.
Vannı Göyçək deyər baratım yazdır,
Bu sinəm dəftərdir, könlüm bəyazdır.
Öləndə qəbrimi Məkkədə qazdır,
Gəl oxu üstümdə gözəl "Əmmə"ni.
Qeyd: Vannı Göyçək haqqında hər kimin məlumatı varsa, bildirməsini xahiş edirəm.
YORUMLAR
Henüz yorum yapılmamış.