- 1509 Okunma
- 1 Yorum
- 0 Beğeni
Novruz bayramı və hacı leylək
Azərbaycan xalqının kökü çox qədimlərə gedib dayanan bayramlarından birisi də Novruz bayramıdır. Novruz haqqında müxtəlif versiyalar mövcuddur. Böyük filosof Ömər Xəyyama görə bu bayramın əsasını rəsmi surətdə əfsanəvi İran şahlarından Cəmşid şah qoymuşdur. "Novruznamə" əsərində belə yazır: "Когда Джамшид постиг этот день, он назвал его Наурузом и ввел в обычай праздник. Цари и другие люди последовали ему." ( Омар Хайям. "Рубаи" - Москва, 2004).
Azərbaycan xalqı içərisində Novruz zaman-zaman məşhurlaşaraq milli bayrama çevrilmişdir. Hər il mart ayının 21-də qeyd olunan bu bayram təbiətin və bütün canlıların ağ qışın qara zəhmindən qurtarıb, yaza qovuşduğunun ilk günüdür. Yazın gəlişi və təbiətin qış yuxusundan oyanması bütün canlılarda bir bayram əhval-ruhiyyəsi yaradır. İnsanlar hələ bir ay öncədən bu bayrama hazırlıq görməyə başlayırlar. Fevralın ikinci çərşənbəsindən sonra, Xıdır Nəbinin gəlişi ilə müşayiət olunan Novruza qədərki müddətə "Boz ay" deyirlər. Bu müddətdə havanın qeyri-sabitliyi öz xüsusiyyətləri ilə digər mövsümlərdən fərqlənir. Belə ki, bəzən gah qışın öz sərt üzünü göstərməsi, gah da yazın öz ilıq nəfəsini büruzə verməsi ilə müşayiət olunur. Bu arada keçən dörd çərşənbəyə də xüsusi adlar verilmişdir ki, hər birinin öz mahiyyəti vardır. Onlar fars dilində belə adlanır: "Ab-Atəş-Xak-Bad, - Su-od-torpaq-hava". Axırıncısına el arasında "Yel çərşənbəsi" də deyilir ki, bu gündə güclü külək qışın sərt soyuğunu gətirir. Ancaq nə olur-olsun, qarşıda Novruz var və artıq yazdır. İsti və bərəkətli günlər bir addımlığımızdadır. Payızda köç edən quşların da geri dönüşü başlayacaq bir azdan...
Bütün bunlar Ulu Borçalı mahalında da geniş qeyd olunur. Qocaların deməsinə görə, son çərşənbə " ilin-ayın axır gecəsidir". Borçalı camaatı bu gecənin axşamında ocağa bıçaqla kəsilən bir şeydən xörək asmazlar. Hətta, çörəyi də əllə doğrayarlar. Həmin gecəyə məxsus xüsusi yemək hazırlanır ki, adına "Hədik" deyirlər. Tərkibi əsasən buğda, lobya, noxud və qarğıdalı dənələrindən ibarət olur.
Rəvayətə görə, bu gecəyə çatmaq üçün ilk olaraq hacı leylək quşu hərəkətə başlayır. "On səkkizi gəlməz, on doqquza qalmaz" deyimi də var. 18 mart gecəsi naməlum məkandan havaya qalxan hacı leylək quşu bütün gecəni səhərədək uçaraq yurda çatmağa tələsir. Martın 19-da doğma yuvasında yerini rahatlayıb, 20-də axır çərşənbəni qarşılamaq lazımdır axı! Yuvaya tələsən quşun ilk yumurtası da hazırdır. Yumurtlamaq üçün yerə qonmaq lazımdır. Vaxt itirməmək üçün havadaca yumurtlayan hacı leylək yumurtanı havada ağzına alıb yoluna davam edir. Deyirlər, soyuğun şiddətindən quşun yumurtası ağzında donur. Bu yeganə quşdur ki, ilk yumurtasından bala görmür. Bu gecə hacı leyləyin havaya qalxdığı gecədir. Soyuq və sərt külək də öz işində...
Allah hamının Novruz bayramını mübarək eyləsin! Yazımız üzümüzə xeyirliklə gəlsin, inşallah! Böyük Yaradan hər kəsə SU kimi paklıq, OD kimi hərarət, TORPAQ kimi bərəkət, HAVA kimi aydınlıq nəsib eyləsin! NOVRUZ bayramınız mübarək olsun!!!
ƏFLATUN KEŞƏLİ
YORUMLAR
Eski ananelerimizden ne kaldı ki geriye
o zamanlar havanın durumu, mevsimlerin gelişi belirlenmiş önemli günlerle
Türk dünyasının bahar bayramı kutlu olsun
saygılar