- 909 Okunma
- 0 Yorum
- 0 Beğeni
Dənizə fırladılan daş
Elbəyi CƏLALOĞLU
Dənizə fırladılan daş
Etimad Başkeçidin “Min yol mənə söylər…” romanını oxuyarkən
Çağdaş Azərbaycan ədəbiyyatında öz yerini bəlirləmiş şair və nasir Etimad Başkeçidin “Min yol mənə söylər...” romanını bu günlərdə əldə etdim. “Kitab sobası”ndan təzəcə çıxarılmış bu romanı elə isti-isti beynimin mədəsinə ötürməkdən özümü saxlaya bilmədim. Çünki əvvəllər müəllifin “Veyil dərəsi”, “Velosiped” və “Tüklücə” hekayələrini maraqla oxumuşdum.
“Min yol mənə söylər…” romanının başının üstünə fəlsəfədən çətir tutulduğu elə başlanğıcdan diqqəti çəkir. Əsəri oxuduqca F.M.Dostoyevskinin tərzi, C.D.Selincerin üslubu gözlərim önündə canlandı. Bir anlığa kitabın üz qabığına yenidən nəzər saldım. Burada durna ilə kobranın çəkişməsini təsvir edən rəsm kitabın “Kəlilə və Dimnə” ilə ruh qardaşı olduğundan xəbər verirdi.
Etimadın bir nasir kimi üstün cəhətlərindən biri, insanların duyğularına bağlı əlamətlərin onun üz-gözündə yaratdığı cizgilərlə kiçik və ya böyük təbiət hadisələrini məharətlə müqayisə edə bilməsindədir. Buna misal olaraq əsərdəki fraqmentlərdən birinə nəzər salmaqla vaqonda bələdçi ilə müəllifin atasının qarşıdurmasını xatırlamaq olar: “Atamın üzü bir anlığa, tək bircə anlığa dəyişdi və yenidən öz əvvəlki halını aldı. Sanki avaranın birisi sakit havada dənizə daş fırlatdı, amma suyun üzünün qırışmağı ilə açılmağı bir oldu.”. Başqa bir yerdə isə bunun əksinə olaraq insan amilinə aid olan xüsusiyyətləri təbiətin saçlarına əlvan çiçəklər kimi düzür: “Kəpənəkçi Qazaxdan Başkeçidəcən uzanan ana yolun yaxasına düymələnib düzülmüş kəndlərdən biridir.” Bu cümlələr oxucunun qarşısına öz toyuna şövqlə bəzənmiş gəlin kimi çıxır. Və bəri başdan deyim ki, Etimadın təzəcə işıq üzü görmüş bu əsəri sözün əsl mənasında çağdaş ədəbiyyat dənizinə fırladılan daş kimi oldu.
Etimad roman vasitəsilə müdrikliyinin qapılarını oxucunun qarşısında taybatay açır, yaxud da hikmət xəzinəsini sərgiyə çevirir. Müəllifin atasının dililə vaqon bələdçisinə dediyi sözlər buna bir nümunə ola bilər: “deməli, adamı döyməklə adam eləmək mümkün deyil!”.
Müəllif əsər boyu arxasını Dao nəzəriyyəsinə söykəyir və bu vəziyyətdə özü adı çəkilən nəzəriyyənin təsadüfən tapılmış növbəti dəfinəsi kimi oxucunu heyran qoyur: “Bəli, böyük Dao hər şeyi öz kamına çəkir, hər şeyi udur və həzm edir. Çünki dünyada dayanıqlı və hürr ola biləcək heç nə yoxdur. Sənin əqli yetənəklərin, heç olmasa öz şüurunda hər şeyi yerbəyer eləmək cəhdlərin də o cümlədən.” Dediklərimizin davamı olaraq, müəllif atasının timsalında əxlaq etalonu, tərbiyə mücəssəməsi, məsuliyyət dərəcəsi yaratmışdır: “O, hətta bir dəfə sinifdə, yazı masasının arxasındaca yuxulamışdı və bundan sonra düz otuz il müəllimi olduğu məktəbdə sinfə girməyi özünə ar bilirdi.” Etimad bəzən gerçəkliyi elə yumor hissləri ilə dilə gətirir, onu zarafatın, gülməcənin içindəcə oxucuya ustalıqla ötürür. Buna misal olaraq atasının Gertsenin qranitdən yonulmuş heykəlinə baxaraq dediyini xatırlamaq kifayətdir: “Adamı malından-mülkündən eləyirlər, sonra da özünə heykəl qoyurlar, yaxşı işdi vallah!”. Müəllif həmin ardıcıllıqla bəhs etdiyi dövrün tənqidi məqamlarını da boşa buraxmır: “Bakıda ali məktəbə girmək üçün ya gərək vunderkind olasan, ya da müəllim “qa” deyəndə ona ət, “qu” deyəndə isə su vermək imkanın ola.”
Etimad Başkeçid “Min yol mənə söylər…” romanının ayrı-ayrı fabulalarında oxucunu hikmətlə doyurmağa çalışır. Belə hissələrdən birində həyatda hər bir şeyin zəncirvari bağlılığını göz önünə gətirərək, bir işgəncənin hansısa bir çirkinliyə görə törədiyini, yaxud da əzabın mənəvi çirkabla düz mütanisib olduğunu izah etməyə çalışır. Bu minvalla o, itin dar qəfəsdə aqressiv böyüdülməsinin səbəbini oğurluğun mövcudluğu ilə bağlayır. Həmin epizodda Qarapet adlı it oğruya belə deyir: “Sən olmasaydın, çox güman, məni aylarla paslı ləyənin altında saxlamazdılar.”
Etimad bu əsərində bəzən faciəli epizodlara ustalıqla məzhəkəli hadisələr qataraq onu daha maraqlı etməyi bacarıb, necə deyərlər oxucunun bir gözünü ağladıb, o birini güldürməkdə həm də mahir aktyorluq edib. Əsərdə ermənilərin Şuşanın işğalını bayram etmələrini təsvir edən müəllif belə bir səhnə yaradır: “Onların şövqlü çığırtılarına heç bir reaksiya vermədiyimi görən ermənilər duruxdular. Onlardan biri bir addım dala qoyub üzümə zilləndi:
– Erməni deyilsən?
– Yox, Allah eləməsin! Mən türkəm!”
Bundan sonra, əsərin qəhrəmanı olan müəllif mübahisə zəminində canfəşanlıq edərək Puşkinin ermənilər barədə dediyi məşhur ifadələri də dilinə gətirərək, canının ayışığını çıxartmağa çalışsa da, təbii ki, bu, düşmənlər tərəfindən qəzəblə qarşılanır və onu nə ki var əzişdirirlər. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu epizodun bədii təfəkkür məhsulu və ya gerçəklik olmasından asılı olmayaraq, insidentin Etimad tərəfdən başqa cür cərəyan etməsi heç cürə mümkün də deyildi. Çünki müəllifin döğulduğu Borçalı torpağında bir donuzun, bir də erməninin adı çəkiləməzdən əvvəl “haşa hörmətdən” və ya “iraq üzündən” ifadələri hər zaman dilə gətirilir.
Bu danışdığımız həmin fabulanın dramatik hissəsidir, onun komedik hissəsinə gəldikdə isə, müəllif işgəncədən sonra özünə gəldikdə instituta yollanır. Yol uzunu stressdən azad olmaq üçün onun içindən nərə çəkmək, var gücü ilə qışqırmaq, səsi batana kimi bağırmaq istəyi keçir. Elə bu fikirlə də institutun qarovulçusuna yaxınlaşaraq, ona bir manat verib otaqdan çıxmasını xahiş edir. Bundan sonra üzüqoylu çarpayıya uzanıb, ağzını balışa dirəyərək səsi gəldikcə bağırıb özünü boşaltmağa, hikkəsini yox etməyə çalışır. Sonda isə hələ bir qarovulçuya gələcək planlarından da danışır: “Bilirsən, Kostya dayı, mən haçansa böyük adam olsam, şəhərlərdə bağırmaq üçün xüsusi yerlər ayıracağam. Təbii ehtiyaclarını ödəmək üçün tualetlər varmı? Var! Bəs bağırmaq üçün niyə olmasın? Hə, niyə olmasın?”. Bu ifadələr göstərir ki, bağırmaqla nə qədər özünü boşaltsa da intiqam hissi onu tərk edə bilməyib...
Buna oxşar daha bir lətifəvari misal isə başqa bir fabulada dostu Xıdır İlyaslının avtomobilində gedərkən baş verir. SSRİ-nin dağılması və Moskvada xaotik bir həyatın başlanmasına rəğmən keşişin yaxasından asılmış plakatda “Sizin hamınız uçuruma yuvarlanırsınız!” şüarını oxuduqdan dərhal sonra Xıdır ehtiyatsızlıq edərək avtomobilini yolun ortasında peyda olan beton maneəyə çırpır. Sürücü hadisəylə bağlı yolu təmir edən fəhlələrlə mübahisəyə girişib onları suçlamağa çalışsa da, fəhlələr əks hücuma keçərək ehtiyatsızlığına görə Xıdırın özünü günahlandırırlar. Çarəsiz qalan Xıdır, – yaxşı, yaxşı! Bilirsiniz nə var? Burada günahkar bir nəfərdir, o da o keşişdir, – deyir. Sonra da, – əgər müqəddəs ata “Hamınız uçuruma yuvarlanırsınız” əvəzinə “Qarşıda beton maneə var” deyə xəbərdarlıq etsəydi, burada heç bir qəza-filan olmazdı, – deyə əlavə edir.
Əsərin qəhrəmanı – müəllifin ayıltma məntəqəsində tanış olduğu Yura ilə olan söhbətləri də son dərəcə maraqlı və düşündürücüdür. Burada insan və həyat fəlsəfəsi Etimadın öz dərrakəsindən süzülür, onun öz dilindən eşidilir. Təbii ki, Platon, Aristotel, Sokrat, Abdullah İbn Sina, Əbu Nəsr Əl-Fərabi və s. kimi filosofların fikirləri, xristian panteizmi, Əndəlüslü Mühyiddin İbn Ərəbinin vəhdəti-vücud fəlsəfəsi Etimad Başkeçidə təsirsiz ötüşməmişdir. Bundan başqa, Etimadın dünya ədəbiyyatına yaxşı bələd olduğunu onu tanıyan hər kəs çox gözəl bilir. Bütün bunların nəticəsidir ki, “Min yol mənə söylər...” romanı son dövr yazılmış əsərlərin içində ən mükəmməllərin sırasında görünür.
Elə bu münasibətlə dostum-qardaşım Etimad Başkeçidi cani-könüldən təbrik edirəm.
14 dekabr 2012-ci il
“Təzadlar” qəzeti, 22 dekabr 2012-ci il
“525-ci qəzet” 09 yanvar 2013-cü il
YORUMLAR
Henüz yorum yapılmamış.