- 2168 Okunma
- 0 Yorum
- 0 Beğeni
Toy(Düyün) Merasimi (kuralları)
TOY MƏRASİMİ
Mən xoşbəxtlik rəmzi olan toy mərasimlərindən danışmalı¬yam. Çünki, toy xalq məişətində müstəsna əhəmiyyət daşıyır. Toy xalq həyatı ilə bağlı olan digər hadisələrdən zənginliyi ilə fərqlənir. Bu da səbəbsiz deyildir. Qədim tarixli toy xalq əyləncələrinin ən kütləvisi və məşhurudur. Toy adi evlənmə mərasimi çərçivəsindən çıxaraq, xüsusilə kənd yerlərində ictimai-mədəni bir əyləncəyə çevrilir. –toyun öz aləmi vardır. Orada nümayiş etdirilən əyləncə və oyunların repertuarı genişdir. Odur ki, ümumi xalq sevinci və şadyanalığı olan toyun xüsusi özünə məxsus spesifik xüsusiyyətləri vardır ki, o da bizə çox qədimdən gəlir. Toyun bu spesifik xüsusiyyətlərini öyrənmək, xalqın dünya görüşünü, keçmiş mədəniyyətini, etnik-etnoqrafiq mədəniyyətini bu günə çatdırmaq baxımından çox əlverişlidir.
Toy adət-ənənələri ta qədimdən başlayaraq indiki dövrə qədər formalaşa-formalaşa bəzi dəyişiklərə məruz qalmışdır. Ona görə də Oğuz ellərində toyun qədimdən indiyə qədər spesifik xüsusiyyətlərini öyrənmək daha vacibdir. İndiki toylar göz qabağındadır. Bö¬yükdən kiçiyə qədər demək olar ki, hamı indiki toyların qaydalarını bi¬lir.
Bütün dünya xalqlarında olduğu kimi bizdə də toyların keçirilməsi üç əsas mərhələdən ibarətdir. Toya qədərki dövr, toy dövrü, toydan sonrakı dövr.
Toya qədərki dövr.
Məqsəd həddi buluğa çatmış bir gənci evləndirməkdir. Buna görə də toy aktı birdən-birə başlamır. Qədimdə onları evləndirmək üçün qız axtarmağa başlanırdı. Oğlanın qohumları soraqlaşıb öyrənirdi. Kimdə nəsilli-nəcabətli, həyalı, ağıllı, başı aşağı qız var. Oğ¬lanın və qızın biri-birini görmələri vacib deyildir. Çünki, qız evi də oğlan evini yaxşı tanımaq üçün soraqlaşar və öyrənərdi. Valideynlər razılığa gəldikdən sonra toy aktı baş tuta bilərdi.
Ailə qurmaq vaxtı çatan cavanlar, xüsusilə qızlar qarşıdakı ili ərə getdiklərini öyrənmək üçün bir sıra ayinlər icra edirlər. O ayinlər bizim vaxta qədər gəlib çıxmışdır və indi də bəziləri icra olunur. Cavanlar yeni ildə niyyət tutub qulaq falına çıxırlar. Yeni il dedikdə mən Novruz bayramını nəzərdə tuturam. Şərq xalqlarının təzə ili baharda Novruz bayramı olubdur. Bunun üçün güzgü, açar götürüb küçə qapısına gedər və eşitdiyi ilk sözü tutduğu niyyətlə əlaqədar yozurlar. Əgər eşidilən söz mətləbə uyğundursa, onda gənc qız ərə gedəcəyini zənn edərdi. Güzgü aydınlıqdır, açar isə eşidiləcək sözlə bəxtin açılmasına bir vasitədir.
Başqa bir misal. Qız sağ ayaqqabısını yeni il gecəsi qapıdan küçəyə atarmış. Səhər tezdən durub baxarmış. Əgər ayaqqabının ucu küçəyə tərəf dursa deməli yeni ildə bəxti açılacaq. Yox əgər dabanı küçəyə baxsa ərə getmək fikirindən vaz keçməlidir.
Mənim şəxsən gördüklərimə əsasən bu ayinlər ilaxır çərşənbə günü keçirilirdi. Bizdə qulaq falına həmən axşamı çıxılardı. O axşamı bütün evlərdə bayram axşamı keçirilərdi. Bayram axşamı əsasən artımı çox olan ərzaq məhsulları bişirilərdi. O axşamı kənd camaatı səhərə kimi yatmazdı. Kəndin bütün cavanları və yeniyetmələri çilə çıxardardılar. Çilə çıxarmaq üçün cavanlar yığılar və hərəsinə 5-10 manat pul yığılardı. Bu pula qaz əti, bəzən də hind quşu, toyuq, şirniyyatlar, meyvələr, limonat alar və səhərə qədər şənlik edərdilər. Şənlik üçün ayrıca bir otaq ayrılar və orada çilə çıxarma mərasimi keçirilərdi. Oğlanlar qızlara qonaq gələrdilər. Torba atardılar, qızlar torbanı boş qaytarmazdılar.
O axşam hər yerdə tonqallar yandırılar və insanlar tonqalların üzərindən tullanaraq, ağrı və azarlarını köhnə ildə qoyardılar.
Cavanlar küçələrdə məşəllər yandırardı. Məşəl – bir ağac götürülərdi və onun uc tərəfinə pambıq materialından köhnə əski möhkəm-möhkəm dolanardı. Sonra neftə salınıb alışdırılardı. Yaxşı düzəldilən məşəl bir neçə saat yanardı. Kənddə hamı biri-birinə qonaq gedərdi. Küsülülər barışdırılardı. Qonaq gedənlər biri-birinə çoxlu hədiyyələr aparardılar. Bayram qabağı şirin çörəklər bişirilərdi. Bizdə şəkərbura yox idi. Onun yerinə «pişik çörəyi» deyilən bir şirniyyat bişirilərdi. «Pişik çörəyi» kətəyə oxşar formada idi. Un yoğ¬rularaq xəmir halına salındıqdan sonra balaca kündələrə bölünərdi, sonra oxlovla yayılaraq yumru hala salınar, düyü və şirin şeylər qoyularaq kətə kimi bükülərdi. Qıraqları büzülə-büzülə fırladılaraq yaxşı bir formaya salınardı. Yumurtalar qırmızı boyadılardı. Köm¬bələr bişirilərdi. Qonaq gedilərkən bunların hamısından aparılardı.
1970-ci ildə mənim 14 yaşım var idi. Axırıncı çərşənbə axşamı yaşıdlarım yığılıb çilə çıxardırdıq.
Qızlar Kərəm əminin evində yığılaraq, orada çilə çıxardırdılar. Qızlar bizi qonaq çağırdılar. Onlar bizdən yaşca böyük idilər. Burada fala baxmaq oyunları başladı. Qızlar su dolu bir qab gətirdilər. Qabı mənim qarşıma qoydular və qabın yanına bir güzgü də qoydular. Sonra bir qırmızı duvaq gətirdilər. Mənə dedilər sevdiyin qızın adını ürəyində çoxlu-çoxlu təkrar et və xəyalında yalnız onu düşün. Qabın yanında balaca bir şam yandırdılar. Duvağı mənim başıma örtdülər. Mən qırmızı duvağın altında su dolu qabla, güzgü və şamla üz-üzə qaldım. Otaqda işığı söndürdülər. Mən şam işığında ancaq su və güzgünü görürdüm. Mənə dedilər tez-tez suya, güzgüyə bax, orada sevgilini görəcəksən. Düzdür, mən görmədim, ancaq elə uşaqlar var idi ki, guya görürdülər. Sonra işıqları yandırdılar, qabdakı suyu stolun üzərinə qoydular. İki iynə gətirdilər. İynələrin deşi¬yindən pambıq keçirdilər. Hər ikisini suya buraxdılar. İynələr dikinə suda üzürdülər. Mənə dedilər sevdiyini ürəyində tut. Mən də tutdum. İynələr bir az üzdükdən sonra biri-biri ilə qovuşdular. Qızlar məni təbrik etdi. Dedilər sevgilinlə evlənəcəksən.
Ancaq zaman keçdi mən sevgilim ilə yox, başqa birisi ilə evləndim. Sevgilimi isə həmişə ürəyimdə sevdim.
Sonra qızlar bizi sübh tezdən zəm-zəm suyu gətirməyə göndərdilər. Deyilənlərə görə həmin gecə sübh tezdən bütün bulaqlardan süd kimi təmiz su axır. Bizdə gətirilən bu suya dinməz suyu da deyilir. Bu su bulaqdan doldurulub evə gətirilənə kimi heç kim dinməməli idi. Danışıq olsa su təzədən gətirilirdi.
Biz sübh tezdən dinməz suyunu gətirdik və oğlanlı, qızlı hamı bu sudan içdi. Bu sudan içənlərin diləkləri, muradları yerinə yetər, üzünə xoşbəxt bir qapı açılardı.
Həddi-buluğa çatmış cavanlar çalışırdı ki, bayram süfrəsinin künc tərəfində oturmasınlar. Belə olduqda guya yeddi il dul qala bilərdi. Şübhəsiz ki, bu etiqad çox-çox qədimlə bağlıdır. Guya bay¬ram axşamı ruhlar da bayram süfrəsinin ətrafına yığışaraq onlar süfrəyə küncdən əl uzadırlar. Orada kim otursa ona qarğış edirlər.
İndi məişətdə haqlı olaraq öz yerini yeni ənənəyə təhvil vermiş «qız görmə», «qız bəyənmə» adəti toyun ilkin şərtlərindən olub.
Bunu da qeyd etmək vacibdir ki, qız görməyə, qız bəyənməyə getməyin özü həmişə nəğmələrlə müşayət olunmuşdur.
Bu mərhələdə adətən qadınlar iştirak edir. Ehtimal ki, bu adətlər son vaxta qədər gəlib çatmaqdadır. Ailə quran cavanların, xüsusilə oğlanların ən yaxın qohumları (qadınlar) qızın özü, valideynləri, nəsli, bir sözlə mənsub olduğu ocaq barədə sorağa çıxır, kəşviyyat aparır. Bu tədbirdə məqsəd onu öyrənməkdir ki, qohum olacaq ailələr hansı keyfiyyətləri ilə el içində tanınır.
Yəqin ki, «Anası çıxan ağacı, balası budaq-budaq gəzər» misalı, yaxud:
Mən aşıq gözəl alma,
Tutubdu gözəl alma,
Əsil al çirkin olsun,
Bədəsil gözəl alma.
–deyimi də bu baxımın məhsuludur.
Beləliklə, bəhs etdiyimiz mərhələ müsbət nəticə ilə tamam¬landıqda bir qayda olaraq, elçiliyə getmək üçün xüsusi gün təyin olunur. Cəhd edilir ki, bu gün cümə axşamına düşsün. Həmin gün etiqada görə, ruhların nəsli yad etməsidir.
İndiki zamanda qızı oğlanın özü də seçmə imkanına malikdir.
Oğlan tərəfdən bir neçə ağsaqqal və mötəbər adamlardan bir neçəsi elçiliyə gedir. Qız evinin adamları qonaqları özünəməxsus hörmətlə qarşılayır. Çünki, onlar elçilərin gəlməyini əvvəlcədən bilir. Hətta elçilərin sayı da bildirilir. Hər iki tərəf işin mahiyyətini dəqiq bildiyi halda, yenə də oğlan elçilərinin ağsaqqalı qız adamlarına gəlişlərinin mahiyyətini bildirir.
Oğlan elçilərinin ağsaqqalı, eyni zamanda onunla gələnlər barədə də məlumat verir. Qız evi tərəfindən təyin olunmuş ağsaqqal da öz adamlarının kimliyi haqqında məlumat verir. Sonra qızın həsinin alınması haqqında çoxlu söhbətlər gedir. «Hə» alındıqdan sonra oğlan evinin ağsaqqalı nişan üzüyünü qız evinin ağsaqqalına təqdim edir. Məclisdəkilər mübarək deyərək, biri-birini təbrik edərək yerdə qalan cavanlara da xoşbəxtlik arzulayırlar. Oğlan qohumlarından biri (xüsusən bacısı) nişan üzüyünü qızın barmağına taxır. Bundan sonra məclisə şərbət, şirin çay və digər şirniyyatlar verilir.
Nişan mərasimində məclisə şirniyyat şeylərinin verilməsi xalq şerində də öz əksini tapıbdır.
Bizdə olan gözəllər,
Bağ, bağçanı bəzərlər,
Nişan günü süfrəyə
Şirin şərbət düzərlər.
Burada cavanlara şirin, dadlı həyat, mehriban yaşayış arzusu ifadə olunmuşdur.
Elçilik mərasimindən sonra çox zaman nişan mərasimi də keçirilir. Bu mərasim tədbiri təmtəraqlı keçirildiyi üçün «nişan toyu» adlanır. Nişandan sonra toy, razılaşma yolu ilə yubandırılarsa, həmin müddətdə oğlan evi qız evinə bütün bayramlarda bayramlıq aparmalıdır.
Toyun vaxtı təyin olunduqdan sonra toy dövrü başlayır.
Toyun ikinci dövrü – toy dövrü adlanır. Bu müddət ərzində hər iki ailədə toya hazırlıq başlayır. Qızın rəfiqələri və qohumları demək olar ki, hər axşam onlara yığışır. Qız üçün yorğan-döşək və digər məişət avadanlığı hazırlanır. Bu işlərdə xüsusən yorğan-döşək salmaqda işə başlayan qadının başı bütöv olmalıdır. Yəni övladı olan, hamının hörmət bəslədiyi adlı-sanlı qadın etməlidir. Hər dəfə işə başlayıb qurtardıqdan sonra şənlik edib mahnılar oxunmalıdır. Toy mərasimi zamanı oğlan evi qız üçün pal-paltar, bər-bəzək və sair lazımlı şeylər almalıdır ki, buna da «toy bazarlığı» deyilir. Bundan başqa, ağsaqqallar və cavanlar oğlan evinə yığılar, toy haqda söhbət edər, məsləhətləşmələr aparar və şənlik edərlər. Hər iki evdə toya hazırlığın yekunu qız evində «paltar kəsmə», yaxud «şirin içmək» mərasimi ilə tamamlanar. Oğlan adamları pal-paltarı, parçaları, alınmış bəzi hədiyyələri xonçalara düzərək qız evinə gətirirlər. Burada parça, paltar tikmək üçün iynə, sap, oymaq, qayçı və sair tikiş ləvazimatı da gətirirlər. Ancaq bunların hamısı işlənməmiş, təzə olmalıdır. Əks təqdirdə etiqada görə təzə qurulmuş ailədə tez-tez dava-dalaş, söz-söhbət olar.
Gəlinin paltarını da dərziliyi bacaran, həm də oğul-uşaq böyütmüş ağbirçək arvad kəsməlidir. O, qayçını əlinə alıb:
Qayçını atdım taxçaya,
Cingildəsin, yar hey.
Çağırın oğlan bacısın,
Dingildəsin, yar hey .
–deyə oxuyur. Sonra qayçını parçanın üstündə gəzdirərək məc¬lisə müraciətlə:
- Ay adamlar, qayçı kütdür, parçanı kəsmir – deyir. Oğlan adamları əlbəəl mətləbdən hali olurlar. Odur ki: - Qayçını itiləmək asandır, - deyib həmin qadına xələt verir.
Oğlan evi bir xələt də qız evinə xonçaları gətirərkən verir. Xonçalar gətirilən zaman qız evinin adamlarından biri qapını içəri tərəfdən basaraq, deyir: - qapının cəftəsi xarab olub, qapı açılmır. Buna da «qapı basması» deyilir. Xələt verildikdən sonra oğlan adam¬ları içəri buraxılır.
Beləliklə, toya hazırlıq dövrü başa çatır. Qızın cer-cehizi tamamilə alınır.
Beləliklə, toy başlanır.
Oğlan evi çalğıçılar dəvət edir. Çalğıçılar toyçular adlanırlar. Toyçular 3 nəfərdən ibarət olur. Qara zurna çalan, qara zurnada əsas zurna çalanı müşayət edən (buna biz zuy tutan deyirik, indi isə o akkord tutan adlanır) və dəf tutan. Biz ona toy çalan deyirdik. Çalğıçıların bütün xərcləri oğlan evinin üzərinə düşürdü.
Bir gün əvvəl oğlan evində «xına yaxdı» mərasimi başlayır. Cavanlar, qızlar, gəlinlər, valideynlər barmaqlarına, əllərinə xına qoyurlar. Mərasim iştirakçıları yeyir, içir və şənlik keçirirlər. Çalğıçıların müşayəti ilə səhər tezdən oğlan evində, həyətdə şənlik başlanır. Çalğıçılar çalır və kəndin bütün əhalisi o həyətə toplaşır (böyüklü, kiçikli). Çalğı bu həyətdə bir neçə saat çalınır. Qızlar, gəlinlər oynayır.
Sonra nəzərdə tutulmuş 15-20 nəfər gedirlər gəlini gətirmə¬yə. Maşınlar bəzədilir, qırmızı lentlər bağlanır. Çalğıçılar bütün yol boyu çalırlar. Gəlin həmən kənddən və başqa kəndən də ola bilərdi. Bunun üçün gəlin gətirmənin heç bir fərqi yoxdur. Maşınlar qız evinə yaxınlaşan və ya başqa kənddədirsə, kəndə girən zaman maşınların qabağı kəsilirdi. Burada güləşmə başlayır. Oğlan tərəfindən aparılan pəhləvanlar maşının qabağını kəsənləri yıxarsa hədiyyə verilmədən yoluna davam edir. Ancaq narazılıq olmasın deyə toyun qabağını kəsənlərə xələt olaraq bir heyvan verilir. Cavanlar toy axşamı həmin heyvanı kəsir və yemək-içmək təşkil edərək oğlan evinin cavanlarını da o məclisə dəvət edirlər.
Beləliklə, toy qız evinə gətirilir. Şindilər toyları adətən payız aylarında keçirilərdi. Əgər hava yaxşıdırsa toy şənliyi həyətdə keçirilir. Yox hava əlverişli olmayanda toyxana hazırlanır. Toyxanaya qonşulardan, qohumlardan kilim, palaz yığılar və döşənərdi.
Həyətdə dövrə vururlar, toy çalınar, bütün kənd camaatı toya dəvət edilərdi. Toy axşama qədər çalınardı. Axşam mağar qurulardı və kəndin kişiləri mağara dəvət olardılar.
Mağarda xanəndələr çalıb oxuyardılar. Şindilərin və başqa kəndlərin əksəriyyətini xanəndə kimi Zakir Mustafa oğlu yola ver-irdi.
Mağarın özü də çox maraqlı keçirdi. Mağara ağsaqqal adlanan, hörmətli, nitqi yaxşı olan bir adam “ tamada” seçilir. O məclisi səhərə kimi yola verərdi. Məclisin axırında böyük bir sini gətirilir. Sininin üzərinə qırmızı duvaq qoyulur. Məclisə gələnlər pul salma¬ğa başlayır.
Tamada kimin nə qədər pul saldığını ucadan oxuyur, köməkçisi isə dəftərə yazır. Və hər adama ayrılıqda xeyir-dua verilərək pul qırmızı duvağın üzərinə atılır. Sonda pul qırmızı duvağa bükülərək toy sahibinə verilir.
Dediyimiz kimi axşama qədər çalınan toy, sonra toy axşamı adı altında sabaha qədər davam edərdi. Toyu isə toybaşı (sərpayı) idarə edərdi. Toybaşının əlində yekə bir çubuq olardı.
Toy axşamı qız evində də “xına yaxdı” mərasimi keçirilir. Məqsəd gəlinin barmağına xına yaxmaqdır. Bu zaman gəlin baş paltarda olur (yəni ər evinə gedəcəyi paltarda). Gəlinin başına duvaq salınır. Biri qız, biri oğlan evindən olmaq şərti ilə şirni dolu iki xonça gəlinin qarşısına qoyulur. Bu xonçaların hərəsində bir şam yandırılır. Sağdiş, soldiş (biri oğlan, biri qız evindən) adlanan iki qız uşağı əllərində bəzəkli şam gəlinin yanına gəlirlər. Oğlan evindən olan qız gəlinin sağ tərəfində durur. Gəlini stulda əyləşdirirlər. Onun “bəxt güzgüsü”nü qarşısına qoyurlar. Gəlinin əlinə xına yaxırlar. Xı¬na oğlan evində hazırlanmış xınadan gətirilir. Gəlinə xeyir-dua verilir:
Xeyir-dua qıza verin,
Sürməni gözə verin,
Xınanı yaxın əlinə,
Xəbər getsin obasına, elinə.
–deyilərək xına əvvəlcə gəlinin sağ əlinin ovcuna yaxılır. “Sağ əlin başıma” deyimi də bu mərasimdən qalıb. Toy iştirakçılarının bütün cavan oğlan və qızları bu xınadan sağ ovcunun içinə yaxmağa çalışırlar. “Bu xına o xınadan deyil” deyimi də bu adətdən yaranıb. Bir qız uşağı hər toyda əlinə xına yaxar evə gələrmiş. Bir gün onun özünü də ərə verirlər. Onun əlinə də xına qoyulur. Qızın atası deyir: “Qızım, bu xına o xınadan deyil”.
Səhər tezdən yenə toy çalınmağa başlayır. Kəndin camaatı yenə də toyxanaya toplaşır. Toyda oynayır və şənlənirlər.
Gəlin ər evinə yola salınmaq üçün geydirilib bəzədilən zaman “Bəxtin açılması” ayini icra edilir. Yetişmiş qızlar bir-bir gəlinə yaxınlaşır, “bəxtəvər olasan” deyərək əlində tutduğu yaşıl rəngli sapla saplanmış iynəni gəlinin duvağına batıraraq öz yaxasına sancır. Yaşıl rəngin olması isə xoşbəxtliyin, xeyir işlərin tez-tez olmasına işarədir.
Gəlin ata evindən çıxarılarkən “bel bağlama” mərasimi icra edilir. Bəyin qardaşı, yaxud yaxın qohumlarından biri gəlinə yaxınlaşaraq öz belindən açdığı kəməri onun belinə bağlayır və deyir:
Anam, bacım, qız gəlin,
Əli, ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
“Bel bağlama” ayini əslində gəlinin ərinə etibarlı, sədaqətli öm¬rünün axırına kimi ərinə bağlılıq əlamətidir. Əbəs deyil ki, indinin özündə də “belim səndən bağlı deyil” ifadəsi el arasında işlədilir.
Gəlin ata evindən çıxarılarkən onun əllərinin üst tərəfinə kisənin içərisində pul bağlanır ki, getdiyi evə bərəkət, var-dövlət apar¬¬sın.
Gəlinin cehizi maşına yüklənərkən oğlan evinin adamları çalışır ki, qız evindən nə sə oğurlasınlar. Belə olduqda guya ki, gəlinin bütün cehizləri birdəfəlik geri qayıtmaz olur. Guya veşlərin hamısı oğurluq olub.
Gəlin yola düşdükdə onun arxasınca su atırlar ki, aydınlıq olsun. Gəlinin önündə güzgü və yanan şam aparılır. Şam yandırma şər qüvvələrdən qorunmaq üçündür. Çünki, şər qüvvələr işıqdan qorxurlar.
Musiqinin müşayəti ilə gəlini ər evinə aparan dəstənin önündə kənd cavanlarının at çapması başlanır. Bu cıdır yarışları toya xü¬susi gözəllik verir. İlk xəbəri tez çaparaq gələn atlı oğlan evindən xələt alır.
Gəlin mənzil başına çatdıqda oğlanın yaxın qohumları onun başına dəmir pul, şirni səpir. Burada digər parlaq şeylər təki, o sıradan pulun da günəş əlamətlərini (parıltı) özündə əks etdirməsi düşü¬nülmüş, gəlinin başına onu səpməklə gələcək həyatda uğur, səadət arzulamışlar. Şirin şeylər isə, bu da gəlinin dadlı günlər keçirməsi, dili şirin olmasına işarədir. Qapının girəcəyində saxsı, yaxud şüşə bir qab qoyulur. Gəlin sağ ayağını qabın üstünə qoyub onu sındırmalıdır. Camaatın gözü qarşısında icra olunan bu ayində gəlin demək istəyir ki, “əgər bu ocağa, ərimə vəfasızlıq etsəm, onda ayağımın altındakı qab kimi parçalanım”.
Gəlin üçün hazırlanan otaqda gərdək asılır, «taxt» adlanan yatacaq salınır. Bu taxt üç gündən sonra yığılır. Taxtın üstünə əvvəlcə bir oğlan uşağı uzadılır. Bunun mənası «gəlində övlad, daha doğrusu oğul anası» deməkdir.
Gəlin bəyi ayaq üstə qarşılayır. Oğlan qıza «xoş gəlmisən» söyləyir. Eyni zamanda onlar görüşdükləri anda bir-birinin ayaqlarını basmağa çalışırlar. Bunu guya əvvəl kim etsə onun sözü üstün olar. Başqa sözlə desək «dili uzun» olar.
Gəlinin başına duvaq salaraq «taxtda» oturdarlar. Qırmızı duvaq gəlini gözdən, şər qüvvələrdən qorumaq üçündür.
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə
Gəlməsin gözə dilbər.
Bu günün axşamı oğlan evində də mağar çağrılır. Burada da mağarda ancaq kəndin kişiləri iştirak edirlər və mağarın axırında pul yığılır.
Toyxanada isə toy axşamı davam edərdi. Qara zurnanın səsi bütün el-obaya yayılardı.
Toy axşamı bəy üçün şax bəzənərdi. Şaxı bəyin sağdişi və soldişi bəzətdirir. Şax onların birinin evindən götürülərək toy evinə aparılır. Bu ayin gecə vaxtı icra edilir. Şax gözəl taxtadan yonulmuş çubuqlardan düzəldilir və şirin şeylərlə, meyvələrlə bəzədilir. Baş hissəsinə yekə bir qırmızı alma taxılır. Şax qara zurnanın müşayəti altında aparılır. Tüfənglərdən atəşlər açılır. Sağdış və soldış bəyin sağında və solunda əllərində yanan şam tutaraq bəyi müşayət edirlər. Cavanlar əllərində məşəllər yandırırlar. Şax bəy evinə çatdırıldıqdan sonra, çalğıçılar ”toy damına” dəvət edilir. “Toy damı” səhərə kimi davam edir. Beləliklə, toy 3 gün, 3 gecə davam edir.
Sonra toyun üçüncü dövrü – “toydan sonrakı” dövrü başlanır.
Gəlinin duvağı toydan sonra üçüncü gün onun başından götürülür və buna da el arasında “düvaqqapma” deyilir. Ayinin icrasında adətə görə nəlbəkidə şam yanır, döşək salıb, yastıq qoyur və vaxt qururlar. Gəlini burada oturdurlar, başına şirin səpirlər. Sonra bir oğlan uşağı əlindəki oxlovla onun duvağını götürüb, bar verən ağacın budağından asır.
“Duvaqqapma” mərasimində gəlinin qaynatası ona mütləq bir hədiyyə verir. Kənd yerlərində adətən gəlinə inək bağışlanır. Yalnız bundan sonra gəlin qaynanasının, qaynatasının, qayınlarının hüzuruna çıxa bilər. Buna da el arasında “üzəçıxma” deyirlər. Bu mərasimdən bir neçə gün sonra gəlinin valideyinləri kürəkəngili evə qonaq çağırırlar. Nə qədər ki, onlar qonaq çağrılmayıb, hətta qız da ata evinə gedə bilməz. Bu mərasim el arasında “ayaq açma” adlanır. Bununla da iki cavanı bir ailədə birləşdirən toy sona çatır.
YORUMLAR
Henüz yorum yapılmamış.