- 999 Okunma
- 1 Yorum
- 0 Beğeni
HAQQIN ÖLMƏZ YOLÇULARI
HAQQIN ÖLMƏZ YOLÇULARI
(Birinci məqalə)
“Keçmişini unudan gələcəyini qura bilməz” deyib atalarımız. Biz keçmiş dədə-babalarımızın bizlərə yadigar qoyduğu qiymətli mirası göz bəbəyi kimi qoruyub, ondan mənəvi qida almalıyıq. Bu da gələcəyimiz üçün sağlam bir özül olar. Axı, keçmiş olan hər bir gün bu gün üçün tarixdir. Tarix isə gələcək üçün həmişə bünövrə, özül sayılıb.
Qədimlərdən Azərbaycan xalqının göz bəbəyi olan, cənnətmisal Qarabağ torpağı havası, suyu və təbii gözəllikləri ilə dünyada nadir sayılan yerlərdən biridir. Elə buna görədir ki, yağı düşmənlər zaman-zaman bu torpağa hücumlar etmiş, sərvətini talamış, insanlarını didərgin salmışlar. Zorakılığa, əsarətə məruz qalmış insanlar isə həmişə HAQQA sarılmış, Böyük Yaradana üz tutub Ondan yardım istəmişlər. Haqqı haqq olaraq tanıyan saf insanların qəlbinə Uca Allah həmişə ilahi nur salar, onları hidayətə çatdırıb bilgisiz adamların köməyinə göndərər. Bu İlahi nur insanların qəlbində müxtəlif formada zühur edər.Bu torpaqda doğulub böyüyən insanlar öz füsunkar səsləri ilə dünyaya səs salmış, alimləri, şairləri, din xadimləri hər yerdə məşhur olmuş, zaman keçdikcə müqəddəsləşmiş, insanların qəlbində sönməyən əbədi bir məşələ çevrilmişlər.
Belə nurlu şəxsiyyətlərdən biri də Allah dostu, böyük sufi şair, elm-irfan sahibi Seyyid Mir Həmzə Nigaridir. Bu şəxs 1795-ci ildə Qarabağın Cijimli kəndində dünyaya gəlmişdir. (Hal-hazırda bu kənd Laçın rayonu ərazisindədir.) Atası Mir Rüknəddin Əfəndi ləqəbi ilə tanınan Mir Paşa, anası isə Xeyransa xanım olmuşdur. Mənbələrdə doğum və ölüm tarixləri müxtəlif cür verilir. Məsələn; Böyük ədəbiyyatşünas alim Firidun bəy Köçərli özünün iki cildlik “Azərbaycan ədəbiyyatı” adlı kitabının 2-ci cildində bu tarixləri “1815-1885” kimi, Bakıda çıxan “İrfan” jurnalının 2005-ci il, 2-ci nömrəsində “Qafqaz” Universitetinin müəllimi, türk tarixçi alimi Mehmet Rıhtımın dərc olunmuş məqaləsində isə “1805-1886” kimi göstərilir.
Ancaq görkəmli şairimiz Abbas Abdulla Türkiyədə işlədiyi müddətdə Seyid Nigarinin taleyi ilə maraqlanmış, az da olsa, qiymətli məlumat vermişdir. Cəmi bir kitab səhifəsi həcmində olan bu yazıda dəqiq tarix verilir: 1795-1886. 15 oktyabr.
Bu tarixlərin dəqiq olduğu 2004-cü ildə Bakıda çıxan “Xaki-payin taci-sərim” adlı kitabda gözəl izah edilir. Şair-publisist Ə. R. Xələflinin redaktorluğu ilə çıxan bu kitabda Şeyxin yaxın qohumları və sadiq müridləri tərəfindən təqdim olunan şəkli və doğum-ölüm tarixləri də verilmişdir. Ömrünün çox hissəsini Anadoluda yaşamış şair-şeyxin həyatını əlbəttə, yaxınları daha yaxşı bilir. Ağızlardan götürülmüş rəvayətlər isə elə rəvayətdir.
M. Rıhtımın məqaləsində belə bir qeyd var: “...Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədi ilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalidin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa gəldiyində Mövlanə Xalidin vəfat etməsi xəbərini almış...”
İslamiyyətdə Nəqşibəndi təriqətinin “Xalidiyyə” qolunu quran Mövlana Xalidi Bağdadinin tarixi mənbələrdə “1778-1826” kimi göstərilir.
Mənim görkəmli alimlərə böyük hörmətim var və onların şöhrətinə kölgə salmaq da həddim deyil. Ancaq bildiyim həqiqətlər bunları deməyə əsas verir ki, aşağıda izahı verilir.
Bu halda Seyid Nigarinin yaşı M. Rıhtıma görə 21, F. Köçərliyə görə isə 11 olur ki, bu yaşlarda bir uşağın böyük alimlərdən uzun müddətli və hər tərəfli dərs alıb, axırda uzaq səyahətlərə çıxıb mürşid axtarması normal ağıla sığışmır. Ona görə də, mən o dövrü bəzi mənbələr əsasında araşdıraraq, bildiyim qədəri ilə müəyyən tarixi faktları verməyə çalışdım. Nəyə nail ola bildimsə, şükranlıq borcum Allahadır. Səhvlərimə görə də oxucular məni bağışlasın.
Uşaqlıqdan mükəmməl dini təhsil görmüş Seyid Nigari gənc yaşlarında Kürdəmirli Şeyx İsmail Siracəddin Şirvaniyə (1782-1848) tələbə olmuş, zahiri və batini elmlərdə irəliləmiş, böyük bir Nəqşibəndi şeyxi olmuşdur.
İsmail Şirvani gəncliyində Türkiyənin bir çox şəhərlərini gəzmiş, ibtidai təhsilini dövrünün Osmanlı alimlərindən alaraq, bir müddət sonra Şamaxıya gəlib dini elmlərin tədrisi ilə məşğul olmuşdur.
Bir qədər sonra elm və irfan sahəsində daha da irəliləmək üçün yenidən səyahətə çıxmış, Bağdadda məşhur alim, böyük övliya Mövlana Xalidi Bağdadiyə bağlanmışdır. Tam dörd il (1813-1817) bu böyük ustaddan elm-irfan dərsi almışdır. Mənəvi cəhətdən yüksəlib, seyri-sülukunu tamamlayaraq mürşidindən xilafət alıb vətənə qayıdır.
Vətəni Azərbaycanda az zaman içərisində şöhrəti hər tərəfə yayılan İsmail Şirvaninin yanına yaxından-uzaqdan çoxlu sayda tələbələr gələrək ona bağlanmışlar. Bu tələbələr içərisində Şimali Qafqazdan olan dağlılar da var idi. Bu adamları bir yerə bağlayan amal nə idi?
Mövlana Xalidi Bağdadi kimi böyük bir ustaddan kamillik dərsi alan daha bir qafqazlı, böyük mücahid, İslam dünyasının məşhur qəhrəmanı, vətənpərvərlik və azadlıq carçısı Şeyx Şamil (1797-1876) də vardır. Eyni bir ustaddan dərs almış bu iki qafqazlı mücahidlər elm, din, irfan amalı uğrunda bir əqidə ətrafında birləşirdilər. Ona görə də, təbii ki, onların arasında mənəvi qardaşlıq bağları və əlaqələri mövcud idi. Onlar bu böyük ustaddan elm-irfanla yanaşı, vətənpərvərlik və azad olmaq yollarını da mənimsəmişdilər.
Bu amal idi onları birləşdirən. Azad olmaq, özgür olmaq və bu özgürlük işığı altında dilini və dinini rahat bir şəkildə yaşamaq və yaşatmaq arzusu.
İslam dini insanları birliyə və qardaşlığa səsləyən İlahi bir dindir. Bu dinin təməl kitabı olan Qurani-Kərimdə buyrulur ki; “Mömin insanlar bir-birinin qardaşıdır”. Bu “qardaşlıq” heç bir millət fərqi yaratmaz. Dünyanın harasında, kim olur-olsun, qəlbini İslam yolunda Allaha bağlayan hər kəs qardaşdır. Bu qardaşlığa xələl gətirən yenə dünyanın harasında olur-olsun, kimliyindən asılı olmayaraq Allah düşmənidir və Quran təbiriylə desək, “kafirdirlər”. Kafirlərlə mübarizəyə qalxıb Allah yolunda cihada çıxmaq isə İslamın möminlərə bir əmridir. Bu yolda gedib dinini, dolayısı ilə millətini, vətənini kafirlərin əsarətindən, zülmündən qorumaq hər bir müsəlmanın müqəddəs borcudur. Bu dünyaya bağlanıb, onun var-dövlətinə vəhşicəsinə hücum çəkən işğalçılar tarixin bütün dönəmlərində dinc müsəlman xalqının baş bəlasına çevrilmişlər. Bu əsarət, bu zülm bu gün də bütün şiddətiylə davam etməkdədir.
Bütün dünya ölkələrində zülm üzərində qurulmuş bir çox siyasi təşkilatlar mövcuddur. Bu təşkilatlar dinindən və millətindən asılı olmayaraq dinc insanları müxtəlif üsullarla məhv etmək üçün yaradılmışdır. Belə təşkilatlar “mason” adlanır və onlar istər müsəlman, istər xristiyan və ya başqa din mənsubları olsun, fərq qoymadan onları mənəvi və fiziki təsirlərə məruz qoyaraq var-dövlətlərini sümürməklə məşğuldurlar. Hal-hazırda müsəlman ölkələrində baş alıb gedən çox saylı müharibələr və terror hadisələri, xristiyan ölkələrindəki krizislər onların əməlləridir və bu işlər yeni də deyil. Belə hallar İslamdan əvvəl də olub, İslam dini yaranandan bu günə qədər də davam edir.
Yəhudi mason təşkilatları ingilislərin yardımı ilə Hz. Peyğəmbər zamanından sonra İslam dinini iki yerə parçalamaları və son zamanlar “vəhhabilik” deyilən sapıq bir cərəyan icad etmələri İslamın köksündə geniş yaralar açdı.
Sual oluna bilər ki, bu cümlələrin mövzu ilə nə əlaqəsi var? Bir şey həqiqətdir ki, insanlar ta qədimlərdən bir yaradıcının olduğuna inanıblar və etiqad ediblər. Bu inam, əlbəttə, elə-belə yaranmayıb. Həqiqətən, yeri-göyü yaradan bir ilahi qüvvə var və ona ALLAH deyirik. Yaratdığı bu kainat içərisində canlı və cansız bütün məxluqat arasında yalnız insana ağıl və şüur bəxş etmişdir. Bu da Onu doğru-düzgün dərk etməyə və insan kimi yaşamağa vəsilədir. Bunlarsız insan həyatı həyat olmaz. İnsan kimi yaşamanın və onu tanımanın yolu da dindən və peyğəmbərlərdən keçir.
Peyğəmbərlər yer üzündə Allahın elçiləridir. Onlar Allahı insanlara tanıtmaqla vəzifəlidirlər və hamısının da amalı birdir: Onu bir bilib, bir tanıtmaq və Ona ibadət etmək. Çünki, yaradılışdan məqsəd də budur. Bu barədə Qurani-Kərimdə belə buyrulur: “Mən cinləri və insanları ona görə yaratdım ki, yalnız mənə ibadət etsinlər” (“Zariyat” surəsi, ayət-56.)
Hz. Peyğəmbər (s.ə.s) öz zamanında Allah kəlamı olan Qurani-Kərimi və şəriət hökmlərini səhabələrinə təbliğdən sonra Haq dünyasına qovuşdu. İslam təbliğatı səhabələr vasitəsilə davam etdi. Daha sonra alimlər və övliyalar bu müqəddəs işi davam etdirməklə vəzifəli oldular. Övliyalar kəramət sahibi olan Allah dostlarıdır. Onlar öz qeyri-adi halları ilə, tələbat yaranarsa, möcüzəvi kəramətlər zühura gətirməklə imansız və imanı zəif olan adamları İslama cəlb edib, ibadəti təbliğ edirdilər.
İbadətdən məqsəd həqiqi yaradıcıya boyun əyib, təslim olmaq və Ona şükranlıqdır. İnsanlar bir-birinə qardaş münasibəti göstərib, yalnız bir olan Allahı məbud tanımalıdırlar. Keçici olan dünya mənfəətinə qapılıb Haq yolunu unutmaq şeytanın fitnəsidir. Bu yola düşənlər Haqdan tamamilə uzaqlaşacaq və müxtəlif fitnələr törədəcək. Belə fitnələri törədənlər yəhudi “mason”larıdır və onlar öz dinsiz ideyalarını yaymaq üçün xristiyanlıqda “Yəhvanın şahidləri”, müsəlmanlıqda isə “Vəhhabilik” adlanan qondarma dini cərəyanlar yaratmışlar. Bununla da bütün dünyanın altını üstünə çevirən bir xaos meydana gəlmişdir. Din pərdəsi altında fəaliyyət göstərən belə təşkilatlar ölkələrin dağılmasında və qarışıqlıq yaranmasında güclü rol oynayırlar.
Son dövrlərdə İslam düşmənləri tərəfindən yaradılmış müxtəlif təriqət və dini cərəyanlar zaman keçdikcə daha da çoxalaraq baş döndürücü bir hal alır. Öz qidalarını xarici ölkələrdə yaradılmış xüsusi təşkilatlardan alan belə “din” mənsubları öz fəaliyyətləri ilə geniş əl-qol açmışlar. Belə vəziyyət düşünən insanları iyrəndirir. Axı, bir olan Allah İslamiyyəti bir tək din olaraq yaratmış, Qurani-Kərimi bir kitab olaraq bir peyğəmbərə nazil etmişdir. Yarandığı vaxtdan bu günə qədər də heç dəyişilməmiş olan bu kitab insanları birliyə və bərabərliyə səsləyir. Bəs səbəb nədir ki, bu qədər təriqət və cərəyanlar hər yeri başına götürüb?
Səbəb isə aydındır; var-dövlətə hərislik və özünü hər yerdə hamının gözünə soxaraq baş olmaq iddiası. Bu isə küfrdür və insanları cəhalətə sürükləyən, Allahın həqiqi yolundan və elmdən uzaqlaşdıran amildir. Hz. Peyğəmbər (S.Ə.S) bir hədisi-şərifində buyurmuşdur ki: “Ümmətimin ixtilafı rəhmətdir”. Çünki, bu ixtilafda həqiqəti axtarıb üzə çıxartmaq vardır. Bunun üçün böyük alimlər öz işıqlı zəkaları ilə düşünərək, həqiqət naminə bəlli sayda məzhəb və təriqətlər yaratmışlar. Əskik qalan bir şey buraxmamışlar. Sadəcə olaraq onları anlamaq və doğru-düzgün düşünmək lazımdır. Ancaq yalançılar ortalığı o qədər qarışdırmış və uydurma şeylər yaratmışlar ki, nəyin həqiqət olduğunu bu gün həqiqi alimlər belə, təyin etməkdə çətinlik çəkirlər. Belə qarışıqlıqlar bu gün də bütün şiddətiylə davam etməkdədir. Saf insanların beynini dolaşdırıb müxtəlif qarşıdurmalar yaratmaqla insanları öz tarixi keçmişindən uzaqlaşdırıb, mənəviyyatını çürütməklə yadların məkrli siyasətinə qurban verirlər. Tarixin bütün dönəmlərində belə hallar çox olmuşdur. Həqiqi din alimləri həmişə belə yalançı din adamları ilə barışmaz mübarizə aparmışlar. Hətta orta əsrlərdə də müsəlman hakim dairələrini belə məsələlər bərk narahat etmiş və qarşısını almağa çalışmışlar.
Hələ XI əsrdə Səlcuqilər sultanı Məlik şahın diqqətini bu bölünmələr və gələcək təhlükələr cəlb etmiş, vəziri Nizamülmülkə əmr edərək dinin birləşdirilməsi və bütövlüyünün saxlanılması üçün iş görməsini tapşırmışdı. Bu əmrə əsasən xacə Nizamülmülk o zamanlar Bağdad şəhərində “Nizamiyyə” adlı mədrəsə yaratmışdı. İslam alimlərinin ən böyükləri bu mədrəsəyə cəlb olunmuş, az vaxt ərzində mədrəsə dini və dünyəvi elmləri tədris edən akademiya səviyyəsinə çatmışdı. Belə bir elm ocağında təhsil alan hər bir tələbə böyük alimlərin sırasına qatılmış və zamanın hər dönəmində geniş xalq kütləsinin məhəbbətini qazanmış elm fədailəri olmuşdular. Onlar daima bu sapıq cərəyanlarla ciddi mübarizə aparmış, hərəsi öz qabiliyyətlərinə uyğun yazı üsullarından istifadə edərək insanları aydınlatan gözəl əsərlər yazmışlar.
Müsəlman insanına İslam həqiqətlərini öyrətmək üçün əvvəlcə onlara azad olmağı, hər hansı bir millətin əsarətində olmamağı aşılamaq lazımdır. Çünki, əsarətdə olan xalq quldur, kölədir. Köləlik isə heyvandan da aşağı bir dərəcədir. Müsəlmanlar həqiqi insanlığın nə olduğunu zülmkar işğalçılardan deyil, İslamda və onun müqəddəs şəxsiyyətlərinin timsalında axtarmalıdırlar. Buna isə işğalçı və soyğunçu olan, dünya malına “doydum” deməyən acgöz hərislər heç vaxt imkan vermirlər. Bunlardan qurtulmaq üçün tək yol İslam ümmətinin birləşməsidir. İslama yad olan qeyri-müsəlmanların içimizdə yerləşib, müxtəlif fitnələr törədərək, aləmi qarışdırmalarına izin verilməməlidir.
Hamını eyni formada yaradan Allah hər kəsin öz ruzisini də yaratmışdır. Hər adam öz qismətində olanı görəcəkdir. Kim nə qədər çox sərvət toplayır-toplasın, qisməti olan qədər ona nəsib olacaqdır. Artığı yenə də dünyada qalacaq. Heç kəsin haqqını qəsb etməyə heç kəsin haqqı yoxdur. Əgər kimsə kiminsə istər ruzisini, istər azadlığını və ya başqa şeylərini əlindən almağa çalışarsa, bu zülmdür və buna qul haqqı deyirlər. Qul haqqı yeyən zülmkarlara da, istər bir nəfər və ya bir dövlət, və yaxud bir millət olsun, Allah fürsət verməz və onlara qarşı hökmən etiraz dalğası yaranacaq.
Tarix boyu həmişə zəif olan xalqlar böyük işğalçılara qarşı öz qüdrətli şəxsiyyətlərinin arxasında birləşmiş və azadlıqları uğrunda mübarizəyə qalxmışlar. Ancaq nə qədər qüvvətli olan zəif olanı əzsə də, yenə hər kəsdən uca olan Allah haqqın və ədalətin tərəfindədir.
İslamı yaşamaq istəyən hər kəsə onun elmi ilə yanaşı, cihad da təbliğ olunur. Çünki, bu Allahın əmridir və Qurani-Kərimdə belə buyrulur: “(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin). O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!” (“Şüara” surəsi, ayət-151, 152).
“Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!” (“Tövbə” surəsi, ayət-73).
“İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır)”. (“Tövbə” surəsi, ayət-20).
“(Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!” (“Tövbə” surəsi, ayət-41). Və sair...
“Cihad” sözü Allah yolunda azadlıq üçün kafirlərlə vuruşmaq deməkdir və bu əmri Allahu Təala Qurani Kərimdə çox yerdə buyurmuşdur.
Kafirlərin ayaqları altında əzilib qəhr olmaqdansa, Allah yolunda vuruşub ölmək daha xeyirlidir. Çünki bu ölüm şəhidlikdir. Şəhidlər isə əlbəttə, ölməzdir. Yenə Qurani Kərimdən bir misal:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. (“Ali İmran” surəsi, ayət-169).
Elə buna görə də həqiqi İslam alimləri elm öyrənməklə yanaşı, İslam yolunda cihada da üstünlük vermiş, həmişə düşmənlərə qarşı mübarizəni müqəddəs elan etmişlər. İslamı gözəl şəkildə yaşamaq və yaşatmaq üçün tələbələrə elmlə birgə cihadı da təbliğ edirdilər.
Elm və irfanı Bağdad “Nizamiyyə”sindən qaynaqlanan Xalidi Bağdadi bir çox ölkələr gəzmiş, Hindistanda məşhur övliya Abdullah Dehləvinin (1745-1824) tələbəsi olmuşdur.
Elmdə yüksək məqamlar əldə edən Xalidi Bağdadinin şöhrəti hər tərəfə yayıldıqda yanına tələbələr axışmağa başladı. Bu tələbələrdən biri də şirvanlı İsmail Siracəddin idi. Təhsilini tamamlayıb Azərbaycana qayıdan İsmail Siracəddinin Şeyx Şamillə dostluğu təbii idi. Çünki, Şeyx Şamil də İsmail Şirvaninin Şimali Qafqazdan olan müridlərindən, xüsusilə də Şeyx Molla Məhəmməd Yarağidən feyz almışdı. Sonralar Xalidi Bağdadinin də tələbəsi olmuş Şeyx Şamil Şimali Qafqazda əvvəllər Şeyx Mansurun (1722-1794) yaydığı müridizm hərəkatının bir az sonra Məhəmməd Yaraği tərəfindən davam etdirilməsində böyük rol oynamışdı.
İsmail Şirvaninin ən adlı-sanlı tələbəsi olan Molla Məhəmməd Yaraği azadlığın nə olduğunu Şamilə İslam qanunları əsasında təbliğ etmiş, bu işdə onun formalaşmasında əsas faktorlardan biri olmuşdu.
Rus şovinizminin qəddarlıqları altında əzilən Qafqaz müsəlmanları öz azadlıqları üçün lider ola biləcək qəhrəmanlarını gözləyirdi...
Bunun nəticəsi idi ki, XIX əsrdə Azərbaycanda Şeyx İsmail Şirvaninin rəhbərliyi ilə başlanmış müridizm azadlıq hərəkatı bütün Qafqaza yayılmışdı. Çar Rusiyasının istilasına qarşı yönəldilən bu xalq hərəkatı Şeyx Şamilin rəhbərliyi ilə Şimali Qafqazda geniş bir vüsət aldı. Rusiya imperiyasının təməlini sarsıdan və bütün dünyanın diqqətini özünə çəkən bu xalq üsyanları ruslar tərəfindən vəhşicəsinə dağıdılmış, müridlərin bir çoxunu tutub Sibir sürgününə göndərmişdilər.
Böyük və işıqlı adamlardan daima ehtiyat edən rus çarizmi İsmail Şirvanini təhdid etmiş, Şirvanı tərk etməsini tələb etmişlər. Böyük ustad bu təzyiqlərin nəticəsində öz doğma vətənindən didərgin düşərək Osmanlı torpağına üz tutmuş, Amasiyada məskunlaşıb ətrafına yenidən tələbələr yığaraq əqidəsini təbliğ etməyə başlamışdır.
İslam dininin xalq kütləsi içərisinə yayılmasında təriqətlərin çox böyük rolu olmuşdur. Bu təriqətlərin və onlardan yaranan müxtəlif cərəyanların əsas mahiyyəti ibadətlə yanaşı, zikr məclislərinin təşkil olunmasıdır. Belə məclislərdə şeyxlərin tətbiq etdikləri zikr halqalarında Allahı, Peyğəmbəri təbliğ edən sözlər, şerlər söylənir, dinləyən adamlarda həvəs və şövq əmələ gətirir. Kənardan baxanda bir əyləncə təsiri bağışlayan belə məclislər insanları özünə bağlayır və aludə edir. Nəticədə, hətta laqeyd adamlar belə, bu cür məclislərə cəlb olunurlar. Həm də bir dini məktəb olan belə məclislər savadsız adamlara din ehkamlarını təlqin etmək üçün bir vasitədir.
İslamiyyətdə ən geniş yayılmış təriqət Nəqşibəndi təriqətidir. Bu təriqətin əsasını XIV əsrdə Buxaralı şeyx Məhəmməd Bəhaəddin qoymuşdur. Tələbələri vasitəsi ilə bütün Yaxın Şərqə yayılan bu təriqət Bağdadda şeyx Xalid tərəfindən XIX əsrdə “Xalidiyyə” kimi məşhurlaşmışdır. Xalidiyyə əslində Nəqşibəndliyin bir qoludur. Nəqşibəndilikdə zikrlər səssiz, gizli olduğu halda, Xalidiyyə və İmam Rəbbani tərəfindən qurulan Mücəddidiyyə qollarında zikrlər ucadan edilir. Belə məclislərdə ucadan və avazla dini şerlər oxunur və müridlər səma rəqsləri edirlər. Bu şerlər əsasən qolun mürşidi və yaxud mürid-şairlər tərəfindən yazılır. Beləliklə, dini-təsəvvüfi ədəbiyyatda həm də görkəmli şairlər meydana gəlir.
Xalidi Bağdadinin şerlərdən ibarət “Divan”ı və başqa əsərləri mövcuddur. Onun qurduğu qolu İsmail Şirvani vasitəsilə əxz edən görkəmli şairlərdən biri də Seyyid Mir Həmzə Nigaridir.
YORUMLAR
Değerli yazar Azerbaycan edebiyatı konusunda merakımın had safhada olduğunu belirterek,İslam coğrafyasının kurtuluşunun " Muhakkak ki ancak müminler kardeştir" İlahi emriyle gerçeklerşeceğini,diğer yol ve yöntemlrin hakiki manada çözüm ve sulh getiremeyeceğine olan inancımı belirterek,selam ve saygılarımı sunarım.