- 917 Okunma
- 0 Yorum
- 0 Beğeni
İsgenderi Dayandıran Türk Boyu
BÖYÜK İSGƏNDƏRİ DAYANDIRAN
BİR TÜRK BOYU
Miladdan öncə Makedonyalı İsgəndər dünyanı fəth edərkən Azərbaycandan və Türküstandan keçərək bir çox türk hökmdarları ilə sülh müqaviləsi bağlamışdır.
Fatehlər dünyanı fəth edən zaman,
Cahanı haqlayır qanlı bir dövran.
Zaman girdabına keçir insanlar,
Qanlı savaşlarda çox qırılırlar.
Qaranlıq bir pərdə tutur zamanı,
Öldürür, məhv edir insan insanı.
Cəlladlar günahsız qanlar tökürlər,
Məzlumlar heç nədən əzab çəkirlər.
Hər dəfə fələyin çərxi ki dönür,
İnsanlıq məhv olur, ocaqlar sönür.
Cahil cahilliyə vərdiş eyləyir,
Aqil cahillərə həqqi söyləyir.
Həqq deyən həyatda çox az yaşayır,
Dünyanın yükünü kasıb daşıyır.
Dünyanın yükünü alıb dalına,
Hıqqına-hıqqına gedir kasıblar.
Məzlumluq yazılıb onun alnına,
Nalə çəkir, fəğan edir kasıblar.
Əlləri, qolları qandallı quldur,
Varları, yoxları bir çuxa çuldur.
Tapdanır haqqları neçə min ildir,
Nə danışır, nə də dinir kasıblar.
Tanrının nəzəri onlardan dönüb,
Ocağı qaralıb, çırağı sönüb.
Fələkdə hər zaman kasıbı döyüb,
Yenə də Allahı sevir kasıblar.
Türk demiş: «Kasıblıq–ölümdən betər»,
Ölümə nə var ki, həyatın bitər,
Kasıblıq insana çox zillət verər,
Vətən yolunda da, ölür kasıblar.
Böyük İsgəndərdən xəbər verirəm,
Hər daşdan bir inci, gövhər seçirəm.
İsgəndər dünyanı almağa çıxdı,
Neçə hökmdarı taxtından yıxdı.
Önündə baş əydi, neçə şahən-şah,
Neçə xaqanları eylədi agah.
Kiçik Asiyanı keçirdi ələ,
İranın canına saldı vəlvələ.
Üçüncü Daranı taxtından saldı,
İranı çox qanlı savaşla aldı.
Misir döyüşmədən təslim edildi,
Babili tutmağa fərman verildi.
Ordusunu Azərbaycana sürdü,
Burada səxavət, çox hörmət gördü.
Nənəmiz Nüşabə Bərdə hakimi,
Qarşıladı onu bir alim kimi.
Böyük İsgəndərə ziyafət verdi,
Qızıl daş-qaşları süfrəyə sərdi.
Bu işdən mat-mətəl qaldı İsgəndər,
Qeyrətlə Nüşabə göstərir hünər.
Dedi:– Anlamıram bu daş-qaş nədir,
Bu sirdir, bəlkə bir möcüzədir!?
Nüşabə söylədi:– Böyük hökmdar,
Daş-qaş üçün səni gətirib yollar.
Mən qanlar tökməyi lazım bilmirəm,
Varımı-yoxumu sənə verirəm.
Qızıl, cümüş, nə ləl, nə də cəvahir,
Damla göz yaşını əvəz etməyir.
Nədən anaların axsın göz yaşı,
İnsan məhv olurkən neyləyir daşı.
İsgəndər çox sevdi Azərbaycanı,
Hörmətlə dinlədi dişi Aslanı.
Azərbaycanda bir sülhə gəldilər,
Bir müddət bu ölkədə dincəldilər.
Hər yerdə bir «Ellin » dövləti qurdu,
Dövlətin taxtında aqil oturdu.
Növbəti səfəri Hindistan oldu,
Dünyamız nə qədər boşaldı, doldu.
Fateh Hindistandan qayıdan zaman,
Hədəf seçilmişdi böyük Türküstan.
İsgəndər türklərin üstünə gedir,
Bəzi türk boyları şərgə çəkilir.
Bir neçə tayfa mərdliklə vuruşur,
Bəziləri İsgəndərlə barışır.
Balasaqunda bir gənc xaqan oturub,
Türküstanda güclü bir dövlət qurub.
Şu xaqan deyilir gəncin adına,
Dörd yandan elçilər gəlir yanına.
Aqil adamları saraya yığır,
Hər bir şikayətə onlarla baxır.
Ordusu qoruyur güclü dövləti,
Yayılıb hər yana şanı-şöhrəti.
Sarayında bəylər gözətçi durur,
Taxtında qorxusuz, rahat oturur.
Hər bucaqdan ustaları gətirib,
Möhtəşəm «Şu» qalasını tikdirib.
İsgəndər Səmərqəndi keçib gəlir,
Şu xaqansa heç bir tədbir görməyir.
Bəylər çaş-baş olub, düşür təşvişə,
Xalq özüdə mətəl qalıb bu işə.
Bəylər Şu xaqana sorğu sordular.
Onun hüzürunda hazır durdular.
Ordu yaxınlaşır, vuruşaqmı biz,
Bizimçün qanundur sizin əmriniz.
Bəylərin bilmədiyini, xaqan bilir,
Xaqan bildiyini bəylərsə bilmir.
O, kəşviyyat üçün önçü göndərir,
Rahatca oturub cavab gözləyir.
Bu əsnada önçülər gəlib dedi:
– İsgəndər Hüçəndi adlayıb keçdi.
Şu xaqan qəflətən davul çaldırdı,
Bütün ordunu ayağa qaldırdı.
Şərqə tərəf hərəkət əmrini verdi,
Harda dayanmağa, tədbir də gördü.
Bu qafil əmirdən insanlar çaşdı,
Böyük-kiçik, bir-birinə qarışdı.
Gecə yarısında düşdülər yola,
Bir neçə ailə qalmışdır dala.
«Qalalımmı, gedəlimmi» dedilər,
Qalmaq üçün bir qərara gəldilər.
Dedilər:– İsgəndər gəlib-gedəndir,
Bizə qalan bu torpaqdır, Vətəndir.
İsgəndər buraya gəlib yetişdi,
Türklərə dəyməmək əmrini verdi.
Uzun saçlı insanları izlədi,
Məlumat almadan «Türk manənd» dedi,
Bu deyim türklərin yadında qaldı,
Zaman-zaman onlar «Türkmən» adlandı.
Bu tayfa getdikcə böyüyəcəkdir,
Onlara «Oğuzlar» deyiləcəkdir.
Şu ordusuyla Çinə doğru gedir,
İsgəndərsə onu hey təqib edir.
Sınayanda İsgəndər hər bir kəsi,
Qabaqda göndərir zərbə dəstəsi.
Şu xaqan çatınca Uyğur elinə,
Yaxşı bir fürsətdir düşüb əlinə.
Gənclərdən ibarət bir ordu qurdu,
Zərbə dəstəsinə, zərbələr vurdu.
İsgəndərin bu cəbhəsi yarıldı,
Çoxlu əsgər öldürüldü, qırıldı.
Bir türk bir düşməni ikiyə böldü,
Qızıl kəmərindən, qızıl töküldü.
Tökülən qızıllar qana boyandı,
Türklər qalib gəldi, savaş dayandı.
Ertəsi gün qızılları gördülər,
Qızıllara «Altun qan» dedilər.
O sahədə bir böyük dağ var idi,
Adına «Altun qan» dağı deyildi.
Bu savaşdan sonra böyük İsgəndər,
Bir barış yapdırıb göstərdi hünər.
O, bir müddət bu ölkədə oturdu,
Uyğur şəhərlərini yaratdı, qurdu.
İsgəndər qayıdıb geri dönüncə,
Ümid eylədi Şu deyilən gəncə.
Şu xaqan Balasaquna qayıtdı,
İndi «Şu» adlanan şəhəri saldı.
YORUMLAR
Henüz yorum yapılmamış.