GEDİRİK BİZ
Dünyanın təkəri geri fırlanır,
Adəm atamıza yol gedirik biz. Çatıb son mənzilə zaman qatarı, Sağa yol qurtarıb, sol gedirik biz. Millətin ürəyi dərddən oyulub, Nəyi var, nəyi yox, tamam soyulub. İrəli getməyə nöqtə qoyulub, İndi də geriyə, dal gedirik biz. Sərvət hərisləri başın qaldırır, Haqqı söyləyənin canın aldırır. Kimin imkanı var, oyun çaldırır, Oyuna şıdırğı qol gedirik biz. Neçəsi boş vədlə bu xalqı yorur, Kürsüyə çıxmaqçün yalvarıb durur. Keçəndə yuxarı başa, qudurur, Yalançı vədlərə bol gedirık biz. Kasıbı, fağırı yada salan yox, Hiyləgər yaltağın sayı yaman çox. Deyirlər, çox desən yeyərsən bir ox, İstər yaşa, istər öl, gedirik biz. Bu necə yaşamdı, necə yarışdı, Ədalət zorbayla qayna-qarışdı. Kimi milyon yığır, kimə quruşdu, Başını aşağı sal, gedirik biz. Əflatun mat qalıb dünyaya, baxır, Bu gediş qəlbini odlara yaxır. Deyirəm, a qardaş, biz qaldıq axır, Deyir, sən arxada qal, gedirik biz. |