Nağıldan nağıla
Sizə zahid dəyişir güzgü nağıldan – nağıla,
Oturun siz də vurun mürgü nağıldan – nağıla. Yenə getdiz yuxuya, bir salavat zikri edin. Oyanın pozmuyun ahəngi nağıldan – nağıla. Bura Allah evidir yatmaq üçün gəlməmisiz, Gəlmisiz bəsliyəsiz sevgi nağıldan – nağıla. Bəzi uydurma nağıl kin yaradır aşiq üçün, Qəzəbindən dəyişir rəngi nağıldan – nağıla. Nağılın ardı kəsilməz, nağılın yoxdu sonu! Bəlkə bunlar ödəyir vergi nağıldan – nağıla?! O nağıllardı səbəb Tanrı evindən uzağam, Adamın qopmaz imiş əngi nağıldan – nağıla. Gələcək gün, yıxacam sözlə cəhalət qalasın, Aşacaq üstünüzə hörgü nağıldan – nağıla. Müəllif: Anar Əhəd |