- 837 Okunma
- 0 Yorum
- 1 Beğeni
Əliağa Kürçaylı poeziyasında sonet
Elnur Rəsuloğlu (Əliyev)
“XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar” (Bakı, “Elm” nəşriyyatı, 2002) metodik vəsaitinin 29-56-cı səhifələrində Azərbaycan poeziyasında sonet haqqında ümumi məlumat verən, müvafiq olaraq bir və yeddi il sonra “Azərbaycan poeziyasında sonet və terset” (Bakı, “Elm” nəşriyyatı, 2003, səh.11-229), “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009, səh.122-250) monoqrafiyalarında öncə “sonetin janr özəlliklərinə və dünya ədəbiyyatında inkişaf yoluna qısa baxış” edən Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Hüseyn Məmməd oğlu Həşimli (1965) Azərbaycan poeziyasında sonetin inkişafını aşağıdakı kimi təsnif etmişdir:
1. Azərbaycan poeziyasında sonetin təşəkkül mərhələsi;
2. Axtarış yollarında (1920-50-ci illər);
3. Azərbaycan sonetinin kamilləşmə və kütləviləşmə dövrü (1960-80-ci illər);
4. Azərbaycan soneti çağdaş mərhələdə.
Yuxarıda sadalananlar içərisində ikinci – “axtarış yollarında” mərhələsi daha çox diqqət çəkir. Adıçəkilən mərhələni səciyyələndirən filologiya elmlər doktoru H.Həşimli yazır:
“İlk nümunələri XX əsrin əvvəllərində yaranan Azərbaycan soneti 1920-50-ci illərdə özünün müəyyən sabitləşmə dövrünü yaşayır. Daha doğrusu, həmin mərhələdə janrın axtarış əhatəsi genişlənir, əruzdan hecaya keçid tam başa çatır, mövzu-problematika əlvanlığı xüsusi vüsət alır...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm” nəşriyyatı, 2003, səh.65).
Bu mərhələdə yazıb-yaratmış Abdulla Şaiq (1881-1959), Süleyman Rüstəm (1906-1989), Səməd Vurğun (1906-1956), Əhməd Cəmil (1913-1977), represiya qurbanları Əlirza Abdullayev ( ? -1943), Mikayıl Müşfiq (1908-1939), “didərgin şair” Almas İldırımla (1907-1952) yanaşı, Azərbaycan poeziyasında öz yeri olan Əliağa Kürçaylı (1928-1980) da sonet yaradıcılığı ilə məşğul olmuşdur. O, 1954-1959-cu illər arası dörd sonet qələmə almış, Azərbaycan sonetinin tematika və problematikasının xeyli genişlənib sənətkarlıq məziyyətlərinin daha da dolğunlaşdığı üçüncü – kamilləşmə və kütləviləşmə dövrünün (1960-80-ci illər) əvvəllərində, yəni 1962-ci ildə iki sonet yazmaqla bu dövrdə “...ədəbiyyatımızda bu janra ardıcıl müraciət edən, çoxsaylı və dəyərli sonetlər yazan A.Babayev, Ş.Aslan, Abbasağa kimi istedadlı şairlərin...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm” nəşriyyatı, 2003, səh.81) sonet yaradıcılığı yollarında “mayak” rolunu oynamışdır.
“…Onun (Əliağa Kürçaylının – E.R.) sonetlərində misraların müxtəlif heca ölçülərində olması, rəngarəng bədii təsvir və ifadə vasitələri, az sözlə dərin məna çatdırmaq məharəti ilk baxışda diqqəti cəlb edir...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm” nəşriyyatı, 2003, səh.76).
Bizim burada məqsədimiz Ə.Kürçaylının hamısı italyan soneti formasında olan sonetlərini yenidən təhlilə cəlb etmək deyil. Biz mərhum şairin sonet yaradıcılığı haqqında dolğun təsəvvür yaratmış təhlillərdəki bəzi qaranlıq məqamlara aydınlıq gətirməkdən ötrü əldə olan faktları aşağıda sistemli şəkildə nəzərinizə çatdırmağı lazım bilirik:
1) “Bir qız keçir küçədən – bir gözəllik timsalı” misrası ilə başlanan sonet (Bakı, 1954)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 14-lük (7+7)
2) “İnsan yalnız bir dəfə gəlir dünya üzünə” misrası ilə başlanan sonet (Bakı, 1954)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 14-lük (7+7)
3) “Yaman oxşayırsan deyirlər, mənə” misrası ilə başlanan sonet (Kislovodsk, 1955)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
4) “Etiraf” və ya “Bilmirəm işin nə, sənətin nədir” misrası ilə başlanan sonet (1959) Qafiyələnmə sistemi: abba cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
5) “Torpaq quruyurdu, yağdı yağışlar” misrası ilə başlanan sonet (1962)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
6) “Məhəbbət yolunda yorulmur ürək” misrası ilə başlanan sonet (1962)
Qafiyələnmə sistemi: abba cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
Sual oluna bilər ki, bəs niyə “Bilmirəm işin nə, sənətin nədir” misrası ilə başlanan sonetin yazılma tarixi Kürçaylının “Bütövlük”lə (Bakı, “Yazıçı” nəşriyyatı, 1978) “Seçilmiş əsərləri”nin (Bakı, Azərnəşr, 1989) müvafiq olaraq 254 və 240-cı səhifələrində 1961-ci il kimi göstərilib?
Bu suala cavab olaraq onu deyə bilərik ki, biz göstərdiyimiz 1959-cu il tarixi heç də göydən düşmə deyil. Əliağa Kürçaylının 1960-cı ildə nəşr olunmuş “Cavabsız məktublar” (Bakı, Azərnəşr) kitabının 57-ci səhifəsinə nəzər yetirsək, bu sonetin “Etiraf” adı ilə getdiyinin şahidinə çevrilərik. 1959-cu ildə qələmə alınıb 1960-cı ildə çap olunmuş sonet heç vaxt 1961-ci ildə yazıla bilməzdi. Bu heç bir məntiqə sığan iş deyil.
Ə.Kürçaylının son iki - 5 və 6-cı sonetlərinin qələmə alınma ili şairin “Şeirlər” (Bakı, Azərnəşr, 1963) kitabının müvafiq olaraq 17 və 29-cu səhifələrində verilən 1962-ci il tarixinə əsasən müəyyənləşdirilib dəqiqləşdirilmişdir.
Ən sonda onu da qeyd etməliyik ki, əgər biz bu kiçikhəcmli yazımızla Kürçaylının sonetlərinin təhlillərində olan bəzi qaranlıq məqamlara müəyyən mənada aydınlıq gətirə bildiksə, bu bizim üçün böyük nailiyyətdir.
YORUMLAR
Henüz yorum yapılmamış.