Bir aşıq var, adı “Cənnət şərabı”


www.edebiyatdefteri.com


Elbəyi CƏLALOĞLU

Bir aşıq var, adı “Cənnət şərabı”

Qəm aranjimanlı ömür nəğməsi

Son vaxtlar Bakı sakinləri isti yay günlərinin əlindən dağlara, bağlara çəkilirdi. Getməyə yeri və ya imkanı olmayanlar isə ya qurduğu şairanə fantaziyalarla, ya da hardasa daldalanıb gün keçirməklə “sərinlənir”dilər. Deyəsən biz də sonunculardanıydıq. Axşam düşən kimi özümüzü “Neftçilər” metrosu yanındakı “Borçalı ocağı” deyilən ticarət mərkəzinin üst qatındakı kafeyə verir, açıq havada çaydan, sərinləşdiricilərdən içə-içə nərd oynayırdıq. Amma məclisimiz sazsız da keçinmirdi, çünki buraya toplaşanların çoxu saz və qələm əhli olur. Belə günlərin birində sazı mən götürdüm və “Naxçıvanı” havası üstündə gəzişməyə başladım. Gözləri barmaqlarıma zillənən dostlarımın üzündə məmnunluq sezilirdi, lakin barəsində yazacağım qəhrəmanımın sanki sol əli qoynuna, sağ əli isə üzünə yapışmışmışdı. O, çox dalğın görsənirdi, üzündəki xəffif təbəssüm onun xatirələrə daldığından xəbər verirdi. İri, qara qaşlarına baxanda bir-neçə gün əvvəl televiziyada onun ifasında izlədiyim “Quba kərəmi” havasını xatırladım. Bu dəfə o, həmin havaya yeni gül əlavə etmişdi. Bu gül tamaşaçıya atın dördnala qaçışını xatırladırdı. Xalq şairi Zəlimxan Yaqub onun ifasını dinləyəndə “elə bil, sədəflərin üzərində gəzən onun deyil, məhz Aşıq Əmrahın barmaqlarıdır” deyir.
İndi mən sazla həmdəm olub, qəhrəmanımın dalğınlığının səbəbini arayırdım. Onun rəhmətlik atası ilə bağlı xatirələri və ya nənəsi Fatma xanımın faciəli taleyi də buna səbəb ola bilərdi. Beləcə, bu sirli xəzinəni açmaq məqsədilə sazı başqa bir aşığa təhvil verib, qəhrəmanımı qonşu masaya dəvət etməyə qərar verirəm...
Söhbətimizin əvvəlindəcə məlum oldu ki, “Naxçıvanı” onun ilk çaldığı saz havası olub. Qəhrəmanım hələ uşaq vaxtlarında eşitdiyi saz havalarını dələn-tərsinə fişqırıqla ifa edər, aşıq mahnıları oxuyardı. Bu uşağın ifa etdiyi musiqi səslərindən Marneuli rayonunun Qasımlı kənd sakinlərinin çöhrəsinə təbəssüm qonardı. Atası Sədi kişi aşıq idi, onun bir telli-tavar sazı da var idi. Lakin qəhrəmanım atasından çəkindiyindən tez-tez dayısı Bəkir müəlli mgilə (o, aşıq olmaqla yanaşı həm də biologiya müəllimi idi) gedər, onun sazını necə gəldi çalardı. O, bunu dayısı məktəbə dərs deməyə gedən vaxt edərdi, yoxsa yəqin ki, Bəkir müəllim də bu balaca uşağın saza toxunmasına imkan verməzdi. Yavaş-yavaş əli saza yatmaqdaykən o, məktəbli yaşına çatdı. Qəhrəmanım 1967-cı ildə 8 yaşındaykən Qasımlı kənd orta məktəbinin I sinfinə daxil oldu. Bir-neçə aydan sonra o, dərsə getməkdən imtina etdi, atası səbəbini soruşduqda isə, - mənə saz almasan dərsə getməyəcəm, - dedi. Sədi kişi oğlunun inad etdiyini görüb sazını ona uzadaraq, - götür, əgər çala bilsən, sənə saz alacam, - dedi. Balaca oğlan sazı götürüb “Naxçıvanı” havasını özü bildiyi kimi ifa etməyə başladı. Sədi kişi bundan çox məmnun oldu və sazın qolunun oğlunun əlinə sığışmadığını görüb gülümsünərək, - yaxşı, oğlum, sən dərsə getməyə davam et, mən isə sənə saz alacam, - deyib onu əmin etdi. Doğrudan da, atası iki gündən sonra bir cürə alıb oğlunu sevindirdi. Cürəsini həsrətlə bağrına basan balaca qəhrəmanımın sevincdən elə bil ayaqları yerə dəymirdi. Bundan sonra Sədi kişi oğlunun sazı öyrənməsi üçün onunla ciddi məşğul olmağa başladı. Onu da qeyd edim ki, həmin vaxtlar Sədi kişi öz kəndləri ilə yanaşı ətraf kəndlərdə də toy məclisləri keçirərdi. O, dərsini atası Usuf kişidən almışdı. Usuf kişinin ustadı isə, məşhur aşıq Dollu Əbuzər olmuşdu. Bir sözlə, bu ocaq Borçalı aşıq sənətinə hər dəfə yeni aşıq təqdim etməklə tanındı. Necə ki, qəhrəmanımın əmisi Aşıq Nürəddin (Allah ona rəhmət eləsin!) də Borçalının məşhur aşıqlarından idi. Eləcə də qəhrəmanımın bacısı Aşıq Telli, əmisi oğlu Aşıq Həvəskar bu gün də fəaliyyətdədirlər...
İllər ötmüşdü. Artıq o, məktəbin bayram şənliklərində saz çalır, mahnılarla çıxış edirdi. Hətta Marneuli mədəniyyət mərkəzi digər aşıqlarla birlikdə onu da qastrol səfərinə dəvət etmişdi. Gürcüstanın rayonlarını səfərə çıxan məktəbli gənc aşıq qastroldan tərifnamə ilə qayıtmışdı...


Sarıqamışdan gələn mələk

Söhbətimizin qızğın yerində qəhrəmanımın könlünə “Fəxri” havası düşdü və o, bu havanı ifa etdikdən sonra söhbətimizi davam etdirməyimzi xahiş etdi. Razılaşdım, bu hava mənim də çox sevdiyim havalardandır. Amma sən demə aşığın məqsədi varıymış. Belə ki, o, adı çəkilən hava üstündə bu sətirlərin müəllifinin “Mehralı bəy” dastan-poemasından Mehralı bəyin öz sevgilisi Bahar xanıma yazdığı məktubu ifa etməyə başladı:

Boğ sinəndə həsrətini,
Gözü yolda qalan yarım.
Qəlbi mənimlə döyünüb,
Xəyallara dalan yarım.

O, ifasını bitirdikdən sonra, nəyə görə məhz bu sözləri oxuduğunu soruşdum. Aşıq isə bu sözlərin ona nənəsi Fatma xanımı xatırlatdığını dedi və şeirin axrıncı bəndini ürək yanğısı ilə təkrar söyləməyə başladı:

İşə saldı bizi tərsa,
Tutsun məni gücü varsa.
Aparacam səni Qarsa,
Birtəhər döz, dolan yarım.

Söz tamama yetəndən sonra o, ata nənəsi Fatma xanımın faciəli taleyindən, onun ömrünün son gününə qədər Türkiyə tərəfə həsrətlə baxmasından, tez-tez Qarsdan, Sarıqamışdan bəhs edib aram-aram ağlamasından söhbət açdı. Demə, 1906-cı ildə Türkiyənin Qars şəhərinin 50-60 kilometrliyində yerləşən Sarıqamış yaşayış məntəqəsindən Fatma xanımın aid olduğu bür sülalə Almaniyaya sürgün (səbəbi məlum deyil) edilirmiş. Onları daşıyan qatar Borçalının Sadaxlı dəmiryol stansiyasında dayanan zaman kiçik yaşlı Fatma su istəyir. Qızcığazın atası onun istəyini gözətçi əsgərə deyir və yaxınlıqdakı bulağa getmək üçün icazə istəyir. Lakin əsgər buna etiraz edir. Çox çək-çevirdən sonra əsgər ancaq qızcıgazın bulağa getməsinə icazə verir. Fatma bulaqdan su içməyə başlayarkən qatar gözlənilmədən hərəkətə başlayır və o, heç cürə valideynlərinə çata bilmir. Tək qalmış Fatma ağlamağa (burada uşağın valideynlərinin nə çəkdiyini təsəvvür etmək də çətin deyil) başlayır. Bu vaxt Ləmbəli sakini Suleyman kişi onun dadına çatır. O, ata-anasına ömür boyu həsrət qalacaq balaca qızcığazı götürüb evinə aparır və onu öz övladları ilə tanış edir. Bir sözlə, Suleyman kişi qızcığaza atalıq edir...
Aylar həftələrin, illər də ayların üzərinə ağ örtük çəkmişdi. Günlərin birində Qasımlı Usuf (qəhrəmanımın babası) bostanından bir araba qarpız yığıb onu satmaq üçün Sadaxlı bazarına gedir. Bu zaman onun böyük qardaşı Saat kişi də eyni məqsədlə həmin bazarda idi. Usuf qardaşının yanına gələndə onu çoxdan dostluq etdiyi Suleymanla bir yerdə görür. Axşam düşüb bazar yığışanda Suleyman, dostu Saatla onun qardaşı Usuvu evinə dəvət edir. Usuf qonaq qaldığı evdə 15-16 yaşlı Fatmanı görür və bir könüldən min könülə ona aşiq olur. O, fikrini qardaşına, qardaşı isə dostuna söyləyir, Suleyman kişi xətrini çox istədiyi dostunun təklifinə etiraz etmir. Buna baxmayaraq, çox keçmədən Usuf Fatmanı götürüb qaçır. Bu izdivacdan onların Qurban, Rüstəm, Sədi (qəhrəmanımın atası), Nurəddin, Tofiq adında beş oğlu və Amalya, Göyçək adında iki qızı olur...
Qəhrəmanımın nağıl etdiyi bu əhvalatı dinlədikdən sonra, onun Mehralı bəyin Bahar xanıma yazdığı məktubu (hər şeyi olduğu kimi yazdığıma baxmayaraq, təvazökarlıqdan kənara çıxdımsa, oxucudan üzr istəyirəm) niyə belə ürək yanğısı ilə oxuduğunu anladım...


Onun dırnağı da mizrab imiş

Barəsində söhbət açdığım qəhrəmanım 16 yaşındaykən kəndlərində ilk dəfə toy məclisini bir aşıq kimi təkcə yola verib. Bu zaman doğulduğu kəndlə yanaşı ətraf kəndlərdə də onu gənc aşıq kimi qəbul etməyə başlamışdılar. Onu da deyim ki, Gürcüstan film studiyasının 1976-cı ildə (o zaman gənc aşıq orta məktəbin 10-cu sinifində oxuyurdu) çəkdiyi, xalqlar dostluğuna həsr olunmuş filmdə qəhrəmanım Aşıq Kamandar və Aşıq Nürəddinlə birlikdə “şahsevəni” havasıyla çıxış etmişdi. Bundan başqa, həmin il Marneuli Mədəniyyət Mərkəzində Səməd Vurğunun 70 illik yubileyi keçirilən zaman o da çıxış etmişdir. Səhnədə mahnısının sonuncu bəndini oxumağa hazırlaşarkən mizrab gənc aşığın əlindən düşür. Qəhrəmanım özünü itirməyərək çeçələ barmağının uzadılmış dırnağı ilə sazını çalaraq ifasına davam edir. İfa bitdikdən sonra isə o, əyilib yerdən mizrabı götürüb başı üstünə qaldırır. Bu zaman salonda gurultulu alqışlar eşidilir və ön sırada əyləşmiş ustad aşıq Əmrah bu ustalığına görə onu bağrına basır...
Bu gənc aşığın əsas fəaliyyəti 1979-cu ildə, əsgəri borcunu başa vurduqdan sonra başlamışdır. Elə həmin vaxtdan etibarən onun pərəstişkarları günü-gündən artmağa başlayır. Təsadüfi bir görüş isə onun həyatında və ictimai fəaliyyətində yeni bir yüksəlişə səbəb olur. Beləki, 1980-ci ildə “Dastan” folklor ansamblının rəhbəri Xalq artisti Baba Mahmudoğlu yaxınlıqdakı kəndlərin birinə toya dəvət olunubmuş. Məclisin qızğın yerində pərəstişkarları gənc aşığın ifasını dinləmək üçün masabəyiyə sifariş göndərirlər. Baba Mahmudoğlu razılıq verdikdən sonra gənc aşıq səhnəyə çıxır və bir neçə saz havası ilə könülləri yenidən fəth edir. Qəhrəmanımın məharəti Baba müəllimi də valeh edir. Məclis qurtardıqdan sonra bu gənc aşıqla söhbətləşən Baba müəllim onu Bakıya, özünün də solisti olduğu Opera-Balet teatrına dəvət edir. Beləliklə, qəhrəmanım Bakıya yollannır və “Dastan” folklor ansamblına qəbul olunur. O, 1996-cı ilə qədər Baba Mahmudoğlu ilə çiyin-çiyinə işləyib, bundan sonra isə yenidən sənətində müstəqil fəaliyyətə başlayıb.
Qəhrəmanımın adına gəldikdə isə, özünün dediyinə görə bu adı ona Usuf babası qoyub. Bunun babanın arzusu və ya sırf təsadüf olduğunu demək çətindir. Lakin ehtimalıma görə, bu komponent “tər”, “mey” və “xan” sözlərindən düzəldilmiş mürəkkəb addır. “Tərmey” birləşməsi “təzə şərab” mənasında olsa da, bu daha çox sufi xarakterli deyimdir. Zənnimcə, həmişə təzə qalan şərab sözün maddi anlamında işlədilə bilməz, bu Quranda da adı keçən cənnət şərabına işarədir, hansı ki, o şərabdan içən Allah eşqinə düşər. Xalq inanclarına görə, həyatda təsadüfi heç nə yoxdur, o cümlədən yeni doğulan körpələrin də adı təsadüfən qoyulmur, yəni bu, yaradanın dərkolunmaz diqtəsiylə edilir. Bəlkə elə bu səbəbdəndir ki, Aşıq Tərmeyxanın çaldığı göz yaşı kimi dumduru saz havaları da dinləyiciyə xüsusi zövq verir və onu dinlədikcə barmaqlarının toxuduğu möcüzəyə görə Allahın böyüklüyünə, Onun yaratdıqlarına bir daha şükr edirsən...
Bir oğul, bir qız atası olan dostum-qardaşım aşıq Tərmeyxan 100-dən çox saz havalarını ifa etdiyini və bir çox xalq dastanlarını əzbər bildiyini söyləyir. O, çoxlarının bilmədiyi “Keyqubad” və “Üçbarmaq” saz havalarını rəhmətlik babası Usuf kişidən öyrəndiyini deyir. Aşıq Tərmeyxan bütün bunlarla yanaşı bir sıra qoşmaların – divani, təcnis, gəraylı və müxəmməslərin də müəllifidir. O, sözün əsl mənasında aşıqdır, çünki ifaçı saz ustasına “aşıq” yox, məhz xalq dastanlarında da geniş işlədilmiş “yanşaq” (olsun ki, bu “yansıyan aşıq” anlamındadır, yaxud da bu söz “aşıq yansıyan” mənasında işlənməklə “yansaq” olmuş və sonradan metatezaya uğrayaraq “yanşaq” halını almışdır) deyilməlidir. “Aşıq” isə ifaçı olmaqla yanaşı həm də yaradıcı olana, sənətə yeniliklər gətirənə deyərlər. Bu baçarığı qəhrəmanımda görməmək mümkün deyil.
Dostum-qardaşım Aşıq Tərmeyxana can sağlığı və sənətində ona uğurlar arzulayıram.

Bakı, 09 avqust 2011-ci il.

"Ulduz" jurnalı 09.2011



elbeyicelaloglu
www.edebiyatdefteri.com
Edebiyat ve Kültür Sanat Platformu